Məhkəmə qərarları › İş №2(050)-1175/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1175/2024

11.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1175/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02125 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 6000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs qardaşıdır. Qardaşı xeyir iş görəcəyini deyərək ondan borc pul istəmiş, o, da qardaşı olduğunu nəzərə alıb ona 6000 manat borc vermişdir. Elxan pul aldığı zaman qısa zamanda qaytaracağını demişdir. Lakin pulu qaytarmamışdır. Ona pulun verilməsini rəsmiləşdirməyi təklif etmiş, Elxan ona mediasiya qrumuna gedərək orada barışıq sazişi imzalamağı təklif etmişdir. O, da razılaşmışdır. Birlikdə mediasiyaya getmişlər və orada xx.xx.2023-cü ildə barışıq sazişi bağlamışdılar. Sazişin məğzinə görə Elxan ondan aldığı 6000 manat pulu 6 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxt başa çatmış olsada, Elxan aldığı pulu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-02125 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02125 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 (altı) ay ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, barışıq sazişində 6000 (altı min) manat borc pulun 6 (altı) ay ərzində hissəhissə ödənilməsi barədə razılığa gəlinmişdir. Borcun konkret olaraq hansı hissəsini, hansı vaxtda ödənilməsi barədə razılıq olmamışdır. Barışıq sazişi bir əqddir, onun şərtləri qeyrimüəyyən olmamalı, tərəflərin öhdəlikləri dəqiq müəyyən edilməlidir. Hansı ki, həmin saziş məhkəmə qaydasında təsdiqlənərsə, digər şəxsin öhdəlikləri (məsələn, hansı hərəkəti, nə vaxt icra etməsi və sair.) qətnamədə göstərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə ərizəçiyə izah edir ki, o, pulun alınması ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02125 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar