Məhkəmə qərarları › İş №2(050)-1265/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1265/2025

09.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1265/2025 09.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “əmlak” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdeh X4 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat dəyərində divanın, 700 manat dəyərində 6 ədəd stol-stul dəstinin, 1500 manat dəyərində yataq otağı mebel dəstinin, 550 manat dəyərində televizorun, 500 manat dəyərində paltaryuyan maşının, 800 manat dəyərində soyuducunun, 600 manat dəyərində mətbəx mebelinin, 250 manat dəyərində qaz peçinin, 150 manat dəyərində aspiratorun, 350 manat dəyərində ətçəkən maşının, 150 manat dəyərində sokçəkən maşının, 200 manat dəyərində qazan dəstinin, 600 manat dəyərində servizin, 500 manat dəyərində iki ədəd xalçanın, 300 manat dəyərində yorğan-döşək dəstinin, 20 manat dəyərində 12 ədəd çəngəl-qaşıq dəstinin, 30 manat dəyərində 10 ədəd boşqabın, 20 manat dəyərində 6 ədəd stəkanın, 200 manat dəyərində iki ədəd pərdənin, 250 manat dəyərində tok peçinin və 1700 manat dəyərində kombinin, əşyalar olmadıqda isə onların dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Masallı Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı “əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsinin “150 manat dəyərində sokçəkən maşının, həmin əşya olmadığı təqdirdə onun dəyərinin alınması tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 iyun 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 21 iyun 2018-ci ildə doğulmuş X7 adlı bir övladları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri pisləşmişdir. Bu səbəbdən aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulmuş, birgə yaşamaları qeyri-mümkün olmuşdur. Cavabdehdə ona məxsus əşyalar vardır. Cavabdeh həmin əşyaları könüllü şəkildə təhvil verməkdən imtina edir. Belə ki, ona məxsus 500 manat dəyərində divan, 700 manat dəyərində 6 ədəd stoldan və stuldan ibarət dəst, 1500 manat dəyərində yataq otağı mebel dəsti, 550 manat dəyərində televizor, 500 manat dəyərində paltaryuyan maşın, 800 manat dəyərində soyuducu, 600 manat dəyərində mətbəx mebeli, 250 manat dəyərində qaz peçi, 150 manat dəyərində aspirator, 350 manat dəyərində ətçəkən maşın, 150 manat dəyərində sokçəkən maşın, 200 manat dəyərində qazan dəsti, 600 manat dəyərində serviz, ümumilikdə 500 manat dəyərində iki ədəd xalça, 300 manat dəyərində yorğan-döşək dəsti, 20 manat dəyərində 12 ədəd çəngəl-qaşıq dəsti, 30 manat dəyərində 10 ədəd boşqab, 20 manat dəyərində 6 ədəd stəkan, 200 manat dəyərində iki ədəd pərdə, 250 manat dəyərində tok peçi və 1700 manat dəyərində kombi mövcuddur. O, qeyd olunan əşyaların hamısının ona məxsus olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını bildirir.

4. Tərəflərin izahatları:

5. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 26 may 2017-ci ildə faktiki olaraq ailə həyatı qurmuş, həmin ilin dekabr ayında isə evin təmiri başa çatdığı üçün Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən mənzilə köçmüşlər. Cavabdehlə 2022-ci ilin yay aylarından etibarən ayrı yaşayırlar. Ayrılıq zamanı o, evdən heç bir əşya aparmamış, bütün əşyalar “AAAF Park” yaşayış kompleksində yerləşən mənzildə qalmışdır. İddia tələbində qeyd olunan əşyalar ailə yaşayışı dövründə evdə olmuş və hazırda həmin mənzildədir. İddia tələbində göstərilən ilk üç sıradakı əşyalar - divan, stol-stul dəsti və yataq otağı mebel dəsti - onun şəxsi vəsaiti hesabına alınmış, ailə həyatı qurduqdan sonra evə onun tərəfindən gətirilmişdir və bu əşyalar özünə məxsusdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X6 bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddia tələbində göstərilən əşyaların dəyəri şişirdilmiş şəkildə çox göstərilmişdir. İddia tələbində adları çəkilən bütün əşyalar hazırda “AAAF Park” yaşayış kompleksində yerləşən evdədir, yalnız sokçəkən (şirəçəkən) maşın evdə olmamışdır. Divan, stol-stul dəsti və yataq otağı mebeli onun qohumlarına məxsusdur və həmin əşyalar nikah dövründə ona pay şəklində verilmişdir. Lakin bu əşyaların hansı qohumları tərəfindən pay verildiyini xatırlamır. İddia ərizəsində göstərilən mətbəx mebeli, qaz peçi, aspirator, ətçəkən maşın, qazan dəsti, serviz, iki ədəd xalça, yorğan-döşək dəsti, 12 ədəd çəngəl-qaşıq dəsti, 10 ədəd boşqab, 6 ədəd stəkan, iki ədəd pərdə və tok peçi nikahdan sonra iddiaçı tərəfindən cehiz olaraq evə gətirilmişdir. Soyuducu iddiaçının valideynlərinin evindən işlənmiş vəziyyətdə gətirilmiş, televizor və paltaryuyan maşın isə iddiaçının anası tərəfindən, qızının adına olan “Bolkart” vasitəsilə alınmışdır. İddia tələbində göstərilən kombi ilə bağlı Abşeron Rayon Məhkəməsində ondan pul tutulmuşdur və bu barədə ekspert rəyi mövcuddur.

7. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, siyahıda göstərilən heç bir əşyanın üzərində israr etmir. İddiaçı hansı əmlakı almağı sübut edirsə apara bilər, sübut etməsə əmlakları verməyə razı deyildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26 may 2017-ci il tarixdə Sumqayıt «Asan Xidmət» Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1319 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 21 iyun 2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı xeyrinə 21 iyun 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət etmişdir.

10. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-485/2023 nömrəli 06 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 975,08 manat (doqquz yüz yetmiş beş manat səkkiz qəpik) əsas, 189,17 manat (yüz səksən doqquz manat on yeddi qəpik) faiz, 6,26 manat (altı manat iyirmi altı qəpik) cərimə borcu olmaqla, cəmi 1170,51 manat (min yüz yetmiş manat əlli bir qəpik) borc və 31,70 manat (otuz bir manat yetmiş qəpik) dövlət rüsumunun pul əvəzinin tutularaq iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh birgə nikah dövründə qazanılmış Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina 1 A, mənzil 6 ünvanında yerləşən mənzilə görə ödənişin yarısı 9550 manat məbləğində pulun, Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti, 167 AAAF park yaşayış kompleksi küçə 12, Bina 1, mənzil 13 ünvanında yerləşən mənzilə görə isə 5000 manat məbləğində pulun, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina Al, mənzil 6 ünvanında yerləşən mənzilin təmirinə görə 2450 manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitinin Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2024 nömrəli mülki iş üzrə 22 yanvar 2024-cü il tarixli qərardadına əsasən alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1 ədəd kombinin dəyəri 800 manat müəyyən edilmişdir.

13. "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektlərinin bazar dəyərinin müəyyən etmək üçün analoq yanaşmasından istifadə etməklə orta bazar dəyəri hesablanaraq müəyyən edilmişdir ki, siyahıda qeyd edilən (divan 120 manat, 6 ədəd stol-stul dəsti 370 manat, yataq otağı mebel dəsti 350 manat, televizor 110 manat, paltaryuyan maşın 300 manat, soyuducu 290 manat, mətbəx mebeli 180 manat, qaz peçi 90 manat, aspirator 75 manat, ətçəkən maşın 90 manat, sok çəkən 70 manat, qazan dəsti 80 manat, serviz 200 manat, 2 ədəd xalça 200 manat, yorğan döşək dəsti 265 manat, 12 ədəd çəngəl-qaşıq dəsti 17 manat, 10 ədəd boşqab 30 manat, 6 ədəd stəkan 10 manat, 2 ədəd pərdə 140 manat, tok peçi 45 manat, kombi 950 manat) daşınar əmlakların ümumilikdə bazar dəyəri - 3982 (üç min doqquz yüz səksən iki) AZN təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. X1 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Aparılmış tədqiqatın dəyəri 200 manat ("xxxx" ASC Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ90AİİB**********0817 272114) təşkil edir.

14. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 09 aprel 2024-cü il tarixli, MŞM/MT036/2024-00262 nömrəli arayışdan görünür ki, 1-ci tərəf İddiaçı mediasiya sessiyasında iştirak etsə də, 2-ci tərəf X6 iştirak etmədiyinə görə mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

15. AA seriyalı 251273 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Fərəcli X8 rayonundan məcburi köçkündür.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahı 23 may 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ailə həyatı qurduğu zaman iddiaçı divan, 6 ədəd stol-stul dəsti, yataq otağı mebel dəsti, televizor, paltaryuyan maşın, soyuducu, mətbəx mebeli, qaz peçi, aspirator, ətçəkən maşın, qazan dəsti, serviz, iki ədəd xalça, yorğandöşək dəsti, 12 ədəd çəngəl-qaşıq dəsti, 10 ədəd boşqab, 6 ədəd stəkan, iki ədəd pərdə və tok peçini cehiz əmlak olaraq Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina 1 A, mənzil 6 ünvanında yerləşən mənzilə gətirmişdir. Həmin əşyalar hazırda cavabdehin mənzilində qalmaqdadır və cavabdeh onları könüllü şəkildə qaytarmaqdan imtina edir. Buna görə də, iddiaçı göstərilən əşyaların, əşyalar olmadıqda onların dəyərinin cavabdehdən tutularaq özünə verilməsini məhkəmədən xahiş edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 34.1-ci bəndinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci bəndinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

19. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı: 3.9-cu bəndinə əsasən ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 5.1-ci bəndinə əsasən ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

23. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Hazırkı halda İddiaçı ona məxsus olan cehiz əşyalarının, onlar olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır.

28. Məhkəmədə işə baxılarkən əmlakların qiymətləndirilməsi üçün müvafiq qərardad çıxarılmış, qiymətləndirici tərəfindən qərardadın icrası ilə bağlı 06 may 2025-ci il tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat tərtib edilmiş, bu zaman ərizədə qeyd olunan əşyalar, 1 ədəd sok çəkən maşın istisna olmaqla cavabdehin mənzilində aşkar edilmişdir. Hansı ki, həmin əşyaların mövcudluğu cavabdeh tərəfindən etiraf edilir, mübahisələndirilmir.

29. İddiaçı cehiz olaraq 1 ədəd sokçəkən maşın gətirdiyini bildirsə də, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı bununla bağlı hər hansı sübutu təqdim məhkəməyə təqdim etməmiş və bu hal məhkəmə araşdırması zamanı sübuta yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir.

30. İddiaçı cavabdehdən divan, 6 ədəd stol-stul dəsti və yataq otağı mebel dəstini tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, iddiaçı həmin əşyaları cehiz gətirməsi ilə bağlı sübut təqdim edə bilməsə də, işdə olan qiymətləndirmə hesabatından və cavabdehin etirafından müəyyən olunur ki, həmin əşyalar cavabdehin mənzilindədir. Cavabdeh əşyaların cehiz olmamasını və öz qohumlarına məxsus olmasını bildirsə də, məhkəmə onun bu dəlilini sübut olaraq qəbul etmir. Belə ki, cavabdeh həmin əşyaların öz qohumlarına məxsus olmasını və nikah dövründə ona pay şəklində verildiyini bildirsə də, əşyaların hansı qohumları tərəfindən pay verildiyini xatırlamadığını bildirmişdir.

31. İddiaçının rtələb etdiyi digər əşyaların mövcudluğu isə cavabdeh tərəfindən etiraf edilir, mübahisələndirilmir.

32. İddia tələbində qeyd olunan əşyaların dəyəri ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmənin qərardadı əsasında qiymətləndirmə keçirilmiş və divanın dəyəri 120 manat, 6 ədəd stol-stul dəstinin dəyəri 370 manat, yataq otağı mebel dəstinin dəyəri 350 manat, televizorun dəyəri 110 manat, paltaryuyan maşının dəyəri 300 manat, soyuducunun dəyəri 290 manat, mətbəx mebelinin dəyəri 180 manat, qaz peçinin dəyəri 90 manat, aspiratorun dəyəri 75 manat, ətçəkən maşının dəyəri 90 manat, qazan dəstinin dəyəri 80 manat, servizin dəyəri 200 manat, 2 ədəd xalçanın dəyəri 200 manat, yorğan döşək dəstinin dəyəri 265 manat, 12 ədəd çəngəl-qaşıq dəstinin dəyəri 17 manat, 10 ədəd boşqabın dəyəri 30 manat, 6 ədəd stəkanın dəyəri 10 manat, 2 ədəd pərdənin dəyəri 140 manat, tok peçinin dəyəri 45 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilində olan cehiz əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan - cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur.

34. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Qiymətləndirilən iddia üzrə əmlakın 2962 manat təşkil edir ki, ona görə 49,62 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda, əmlak tələbi ilə bağlı ödənilməli olan 49,62 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.

35. Bununla yanaşı, məhkəmə hesab edir ki, qiymətləndirmə məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən iş üzrə aparılmış tədqiqatının dəyəri olan 200 (iki yüz əlli) manat pul İddiaçı və cavabdeh X2 bərabər qaydada tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ90AİİB********************) hesabına köçürülməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina 1 A, mənzil 6 ünvanında yerləşən cehiz əşyaları - 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq otağı mebel dəsti, 110 manat dəyərində televizor, 300 manat dəyərində paltaryuyan maşın, 290 manat dəyərində soyuducu, 180 manat dəyərində mətbəx mebeli, 90 manat dəyərində qaz peçi, 75 manat dəyərində aspirator, 90 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində qazan dəsti, 200 manat dəyərində serviz, 200 manat dəyərində 2 ədəd xalça, 265 manat dəyərində yorğan döşək dəsti, 17 manat dəyərində 12 ədəd çəngəl-qaşıq dəsti, 30 manat dəyərində 10 ədəd boşqab, 10 manat dəyərində 6 ədəd stəkan, 140 manat dəyərində 2 ədəd pərdə və 45 manat dəyərində tok peçi naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat məbləğində pul cavabdeh X2 alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, AAAF park yaşayış kompleksi küçə 17, bina 1 A, mənzil 6 ünvanında yerləşən cehiz əşyaları - 120 manat dəyərində divan, 370 manat dəyərində 6 ədəd stol-stul dəsti, 350 manat dəyərində yataq otağı mebel dəsti, 110 manat dəyərində televizor, 300 manat dəyərində paltaryuyan maşın, 290 manat dəyərində soyuducu, 180 manat dəyərində mətbəx mebeli, 90 manat dəyərində qaz peçi, 75 manat dəyərində aspirator, 90 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində qazan dəsti, 200 manat dəyərində serviz, 200 manat dəyərində 2 ədəd xalça, 265 manat dəyərində yorğan döşək dəsti, 17 manat dəyərində 12 ədəd çəngəlqaşıq dəsti, 30 manat dəyərində 10 ədəd boşqab, 10 manat dəyərində 6 ədəd stəkan, 140 manat dəyərində 2 ədəd pərdə və 45 manat dəyərində tok peçi naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat məbləğində pul cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Aparılmış tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul İddiaçı və cavabdeh X2 bərabər qaydada tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ90AİİB********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar