Məhkəmə qərarları › İş №2(050)-141/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-141/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-141/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 19 iyun 1957-ci ildə doğulmuş X3 02 aprel 1998-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X6 02 aprel 1998-ci ildə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum ərinin meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, mərhum əri X9 Federasiyasının Kropotkin şəhəri ərazisində Bakı-Kiyev qatarında vəfat etmiş, sonra onun nəşi Azərbaycana gətirilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsinin Bağlaküçə kənd qəbiristanlığında dəfn edilmişdir. O vəfat edərkən onun yanında tanışı və həmkəndlisi də olmuşdur. Həmin şəxs də hazırda vəfat etmişdir. Mirhüseyn qatarda daxili qanaxma nəticəsində vəfat etmiş və onun yanında olan həmkəndlisi onu morqa aparmışdır. Həmçinin onun ərinin əsl adı Mirhüseyn olsa da, onu hamı Xanhüseyn kimi çağırmışdır. Bu səbəbdən də onun qəbir daşında da adı Xanhüseyn kimi qeyd edilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X6 onun qardaşı olmuşdur. Mirhüseyn Məlikov 1998-ci ildə Kiyevə gedərkən qatarda vəfat etmişdir. O, vəfat etdikdən sonra onun nəşinin dalınca özü getmiş, nəşi Azərbaycana gətirdikdən sonra Masallı rayonu, Ərkivan qəsəbəsinin Bağlaküçə kənd qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimini keçirmişdir. Həmçinin onun əsl adı Mirhüseyn olsa da, onu hamı Xanhüseyn kimi tanımışdır. Bu səbəbdən də onun qəbir daşında da adı Xanhüseyn kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum X6 onun həmkəndlisi və tanışı olmuşdur. Uşaqlıqdan bir yerdə böyümüşlər. Mirhüseyn Məlikov 1998-ci ildə Kiyevə gedərkən qatarda vəfat etmişdir. X1 rayonu, Ərkivan qəsəbəsinin Bağlaküçə kənd qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Həmçinin onun əsl adı Mirhüseyn olsa da, onu hamı Xanhüseyn kimi tanımışdır. Bu səbəbdən də onun qəbir daşında da adı Xanhüseyn kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş əri X3 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Masallı RİHB-nın Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 oktyabr 2024-cü il tarixli, 1588 saylı arayışından görünür ki, X6 02 aprel 1998-ci il tarixdə vəfat etmiş və Ərkivan qəsəbəsinin Bağlaküçə kənd qəbirstanlığında dəfn edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X6 19 iyun 1957-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuşdur. Onun atası X13, anası X4r. Nikah haqqında arayışdan görünür ki, X6 ilə X2 nikahlarını 31 iyul 1978-ci il tarixdə, 22 nömrəli akt qeydi ilə, Masallı rayon Ərkivan kənd ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Məlikov (a) soyadı verilmişdir. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X7” “** Vİ ***7-1998 2 İV” rəqəmləri və sözləri yazılmış və fotoşəkil həkk edilmişdir. Rusiya Federasiyası, Kropotkin şəhər Xəstəxanasının Ərizəçi ünvanladığı məktubdan görünür ki, onun müraciətinə cavab olaraq ölüm haqqında şəhadətnamələrin alınması ilə bağlı VVAQ şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X6 19 iyun 1957-ci ildə doğulmuş, 02 aprel 1998-ci ildə vəfat etmiş, Ərkivan qəsəbəsinin Bağlaküçə kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 02 aprel 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X3 02 aprel 1998-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyun 1957-ci ildə doğulmuş X3 02 aprel 1998-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar