Məhkəmə qərarları › İş №2(050)-1411/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1411/2025

22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1411/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Əkbərov X2 Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək 21 mart 1976-cı il tarixdə anadan olmuş mərhum övladı X3 26 fevral 1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlunun ölüm tarixinin 26 fevral 1996-cı il əvəzinə 13 aprel 1996-cı il kimi qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

3. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1940-cı ildə Masallı rayonu, Ninalov kəndində anadan olmuş və hal-hazırda yuxarıdakı ünvanda qeydiyyatda olmaqla yaşayır. 21 mart 1976-cı ildə anadan olmuş X7 onun oğludur. X12 26 fevral 1996-cı il tarixdə yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. X1 el adəti qaydasında Masallı rayonu, Ninalov kənd qəbristanlığında dəfn etmişdir. Onun həmin qəbristanlığında dəfn etməyini şahidlər və verilmiş arayış təsdiq edir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 21 mart 1976-cı il tarixdə Masallı şəhərində anadan olmuş mərhum övladı X3 13 aprel 1996-cı il tarixdə Masallı rayonu, Ninalov kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Maraqlı şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, Ərizəçi ilə həm qonşu, həm qohumdurlar. Yavərin oğlu Kənan 13 aprel 1996-cı il tarixdə ölmüş və Masallı rayonu, Ninalov kənd qəbristanlığında dəfn edilmişdir. O, mərhumun yas və dəfn mərasimində iştirak etmişdir.

7. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Yavərin oğlu Kənan 13 aprel 1996-cı il tarixdə ölmüş və Masallı rayonu, Ninalov kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt onun yaşı az olduğundan mərhumun yas və dəfn mərasimində iştirak etməmişdir.

İş materialları:

8. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1940-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır.

9. İV-ЖГ seriyalı 338143 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 mart 1976-cı ildə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında X4 qeyd edilmişdir.

10. Masallı RİHB-nin Sığdaş kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilən 26 fevral 2025-ci il tarixli, 79 saylı arayışdan görünür ki, X7 1996-cı il tarixdə vəfat etmiş və Masallı rayonun Ninalov kənd qəbiristanlığında dəfn olunmuşdur.

11. Qəbirüstü şəkildən görünür ki, X7 21 mart 1976-cı il tarixdə anadan olmuş, 13 aprel 1996-cı il tarixdə vəfat etmişdir.

12. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 19 fevral 2025-ci il tarixli 18-1-60/2-Ə-146-42-119/2025 saylı arayışından görünür ki, X3 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

13. Masallı Regional «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 18 fevral 2025-ci il tarixdə Ərizəçi vəfat etmiş övladının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, onun qonşularının və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi, yəni ölüm haqqında həkim arayışı və plüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X7 21 mart 1976-cı ildə Masallı şəhərində anadan olmuşdur. X7 13 aprel 1996-cı il tarixdə vəfat etmiş və Masallı rayonu, Ninalov kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı Regional «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

19. Göründüyü kimi X3 13 aprel 1996-cı il tarixdə Masallı rayonu, Ninalov kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 mart 1976-cı ildə Masallı şəhərində anadan olmuş X3 13 aprel 1996-cı il tarixdə Masallı rayonu, Ninalov kəndində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

22. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 21 mart 1976-cı ildə Masallı şəhərində anadan olmuş X3 13 aprel 1996-cı il tarixdə Masallı rayonu, Ninalov kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar