Məhkəmə qərarları › İş №2(050)-1432/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1432/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1432/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 20 fevral 1967-ci ildə Masallı rayonu, Miyankü kəndində doğulmuş qardaşı X2 15 dekabr 1967-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 20 fevral 1967-ci il təvəllüdlü X5 15 dekabr 1967-ci il tarixdə vəfat etmiş və Miyankü kənd qəbirastanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, bildirdi ki, valideynləri X6 ilə X7 nikahlarını xx.xx.1955-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Nikah qeydindən sonra anasının soyadı Yusifova qeyd edilmişdir. Onların nikahlarından mənimlə yanaşı qardaşları Yusifov Ağasəf, Yusubov Məhərrəm və bacıları Yusifova Asudə ilə Yusifova Yeganə (hazırkı soyadı Nəcəfova) anadan olmuşlar. X12 xx.xx.2018-ci il tarixdə, anası Yusifova Şifa isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onların mülkiyyətində Masallı rayonu Miyankü kəndində 0.17 ha həyətyanı torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Valideynlərinin ölümündən sonra qeyd olunan daşınmaz əmlakı o, idarə etməklə istifadə edir. Qardaşı Məhərrəm və bacıları Asudə ilə Yeganə miras əmlakı qəbul etməmələri ilə bağlı müvafiq ərizələr vermişlər. X8 isə vəfat etsə də, onun ölümü qeydə alınmadığından valideynlərindən qalan miras əmlakı sənədləşdirmək mümkün deyildir. Bu səbəbdən də mərhum X8un ölüm faktının müəyyən edilməsi zəruridir. Odur ki, mərhum qardaşı, 20 fevral 1967-ci il təvəllüdlü X2 15 dekabr 1967-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşı oğludur. Həqiqətən də ərizəçinin qardaşı X5 1 yaşı tamam olmamış, 1967-ci ilin dekabr ayında ölmüşdür. Həmin vaxt o 16 yaşında olmuş və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Ərizəçi qardaşı X5 15 dekabr 1967-ci ildə ölmüşdür. Miyankü kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs 23 may 2024-cü il tarixli arayışından görünür ki, X5 20 fevral 1967-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olmuşdur. İşdə olan Masallı rayon Miyankü kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Miyankü kəndində qeydiyyatdadır. Masallı RMX X9 xx.xx.2024-cü il tarixli 18-1-60/3-604/2024 saylı arayışından görünür ki, X5 barəsində “Masallı RMX” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs məktubundan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamış və ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 20 fevral 1967-ci ildə Masallı rayonunun Miyankü kəndində doğulmuş, Ağasəf Yusifov 15 dekabr 1967-ci il tarixdə Masallı rayonu, Miyankü kəndində vəfat etmiş və Masallı rayonu Miyankü kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Ağasəf Yusifovun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 fevral 1967-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olmuş X2 15 dekabr 1967-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar