Məhkəmə qərarları › İş №2(050)-159/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-159/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-159/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: O, Cavabdeh ilə 25 iyun 2023-cü ildə el adəti qaydasında ailə həyatı qurmuş və həyat yoldaşının Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən valideynlərinə məxsus evə gəlin köçmüşdür. Bundan sonra 08 iyul 2023-cü il tarixdə nikahın qeydə alınması ilə əlaqədar müraciət etmişlər. Lakin sonra qaynı Məcid İslamzadə nikahın bağlanmasına mane olmuş və bu səbəbdən də həyat yoldaşı ilə aralarında nikah bağlanmamışdır. Gəlin köçdüyü vaxtdan 8 ay sonra həyat yoldaşı yaşayış üçün başqa ev tapmaq adı ilə onu Kürdəmir şəhəri, Aşıq Bilal küçəsində yaşayan nənəsi Tehran Əliyevanın yanına gətirmiş və nənəsinə və ona bildirmişdir ki, ev tapıb gəlib onu aparacaqdır. Bundan sonra həyat yoldaşı onunla heç bir əlaqə saxlamamış və telefona cavab verməmişdir. O, nənəsinin yanına gələndə hamilə olmuş, xx.xx.2024-cü ildə oğlu anadan olmuşdur. Bu barədə həyat yoldaşına “WhatsApp” vasitəsilə məlumat vermiş və anadan olan övladına atalığın verilməsini ondan xahiş etmişdir. Bundan sonra həyat yoldaşı onunla heç bir əlaqə saxlamamış və telefona cavab verməmişdir. O da bu halı nəzərə alaraq, oğluna doğum haqqında şəhadətnamə çıxartmış və öz soyadını oğluna vermiş və oğlu X2 adına doğum haqqında şəhadətnamə almışdır. Bundan sonra övladının atalığının tanınması və cavabdehin soyadına keçirilməsi ilə əlaqədar cavabdehə olan təkliflər nəticəsiz qalmış, həmçinin barışıq əldə edilməsi və ailənin bərpası sahəsindəki onun valideynlərinin bütün cəhdləri nəticə verməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-870/2024 nömrəli qətnaməsilə 31 yanvar 2024-cü il tarixdə doğulmuş oğlu X2 atasının Masallı rayon sakini Cavabdeh olması müəyyən edilmişdir. Bundan sonra oğlu X1 adına yeni xx.xx.2024-cü il tarixli AZ № 010726 qeydiyyat nömrəli doğum haqqında şəhadətnaməni əldə etmişdir. Bundan sonra “Aliment tələbinə dair” ərizə ilə Məhkəməyə müraciət etmiş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1683/2024 saylı qətnaməsi ilə iddiası qismən təmin olunmuş, 23 iyul 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa sabit pul məbləğində 150 manat aliment və 50 manat uşağın 3 yaşına çatanadək saxlanılması üçün pul tutularaq, ona ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, 8 aylıq hamiləlik dövründə yaşayış üçün başqa ev tapmaq adı ilə onu Masallıdan Kürdəmirdə yaşayan nənəsinin evinə gətirərkən, ona məxsus 2000 manat dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Keçən müddətdə 2000 manat dəyərində olan üzük, sırğa, qolbaq və sepdən ibarət olan komplekt qızıl-zinət əşyalarını cavabdehdən tələb etməyinə baxmayaraq, onların iddiaçıya verilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. İddiaçının tələbi: Evi tərk edərkən, cavabdehdə saxlanılan və ona təhvil verilməyən 2.520 manat dəyərində qızıl-zinət əşyaları, 40 manat dövlət rüsumu, sənədlərin hazırlanmasına xərclədiyi 50 manat, Mediasiya təşkilatına ödədiyi 50 manatın 25 manatı, cəmi 2635 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə el adəti ilə toy edərək, faktiki nikah münasibətlərində yaşamışdır. Toy üçün qaynatası ona 2500 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Lakin toydan təxminən 20-30 gün sonra qaynatasının sözü ilə cavabdeh ondan qızılları zorla almış, onları satıb puluna 6 baş inək almışdır. Bundan sonra qızıl üstündə aralarında davamlı mübahisələr olsa da, bir müddət birgə yaşamağa davam etmişlər. Ümumilikdə 3 il birgə yaşamışlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Qızıl-zinət əşyalarına dair rəydən görünür ki, 6,50 qram 1 ədəd sırğanın dəyəri 780 manat, 3,5 qram olan üzüyün dəyəri 420 manat, 7 qram olan qolbağın dəyəri 840 manat, 4 qram olan klon-sepin dəyəri 480 manat, ümumilikdə 2520 manat müəyyən edilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, tərəflərin el adəti ilə toy mərasimi keçirilmişdir. Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-02475 saylı mediasiya prosesində iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: İddia üzrə tələbdən görünür ki, iddiaçıya toy mərasimi zamanı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Hazırda iddiaçı həmin qızıl-zinət əşyaların geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları toydan təxminən 1 ay sonra cavabdeh tərəfindən satılmış və puluna 6 baş inək alınmışdır. Bu hallar iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələbi 2520 manat dəyərində qızılların ona qaytarılmasıdır. Lakin izahatında da qeyd etdiyi kimi qızıllar satılmışdır. Bundan əlavə qızıllar satıldıqdan sonra da tərəflərin birgə yaşayışı davam etmiş, bir uşaqları dünyaya gəlmişdir. Məhkəmə hesab edir ki, qızılların puluna alınmış 6 baş inək ümumi birgə təsərrafatın aparılmasına sərf edilmə kimi qiymətləndirilməlidir. Bu halda iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar