Məhkəmə qərarları › İş №2(050)-16/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-16/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-16/2024 06.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin kadastr göstəricisində göstərilən mülkiyyətində olan və DƏDRX-də qeydiyyata alınmış 0,134 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə istifadəsindən geri alınması və cavabdehdən rüsum kimi ödədiyi 100 (bir yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0.134 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi cavabdeh tərədindən qeyri-qanuni olaraq özbaşına zəbt etmiş və ondan istifadə edir. Mülkiyyət hüququ ilə əldə etdiyi torpaq sahəsinin zəbt edilməsindən azad edilib geri qaytarılması barədə dəfələrlə cavabdehdən tələb etsə də, tələbləri nəticəsiz qalmışdır. Onun mülkiyyət hüquqları ciddi pozulmuşdur. Həmin torpaq sahəsinin DƏDRX-də qeydiyyatı barədə çıxarış və Torpaq sahəsinin plan-ölcüsü barədə texniki pasportu vardır. Lakin cavabdehin zəbt etdiyi torpaq sahəsi Masallı rayon Aqrar İslahat komissiyasının qərarı ilə JN-399 saylı torpağa dair Dövlət akt ilə mülkiyyətə verilmiş torpaq sahəsinin ölçüsü Türkoba kənd ərazisi üzrə planı yerqruluşu elektron bazada yerləşdirilmişdir. Həmin torpaq sahəsinin plan və ölçü koordinatları onun mülkiyyətində olan torpağa verilmişdir. Lakin cavabdeh onun mülkiyyətinə verilmiş 0.134 ha torpaq sahəsindən texniki pasportunda göstərilən ölçü koordinatın daxilindəki torpaq sahəsindən qanunsuz istifadə edir. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına zəbt etməsinə baxmayaraq həmin torpağın güya ona məxsus olmasını iddia edir. O, hətta bu barədə Şirvan İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da cavabdeh onun mülkiyyəti olan 0.134 ha torpaq sahəsini zəbt etməsini aşkar şəkildə etiraf edir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı eyni predmet və eyni əsaslar üzrə artıq bir neçə dəfə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbləridə əsaslı olmadığından, sübuta yetirilmədiyindən təmin edilməmişdir. Hazırdada onun verdiyi iddia əvvəlki iddialarla eyni predmet və əsasladır. Verilmiş rəylərdə bir daha iddianın əsassız olduğunu tam şəkildə sübut edir. İddia tələbi təkrar olaraq məhkəməyə verilmişdir. Belə ki, İddiaçı əvvəllərdə ona, yəni Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntü işlərinin cavabdehin hesabına aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş Masallı Rayon Məhkəməsinin hakimi Səlimov Ayaz Aydın oğlu tərəfindən baxılmışdır. İşə baxılan zaman iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və həm mütəxəssis, həmdə ekspert rəyləri alınmışdır. Mütəxəssis rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 07 iyul 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində baxış keçirilməklə koordinatları müəyyan edilmişdir. Mübahisli torpaq sahəsinin ərazi hüdudları daxilində olan fərdi yaşayış evinin koordinatları ölçülməklə müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilməmişdir. Ekspert rəyi - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 05 oktyabr 2022-ci il tarixli, 10/4982 saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin **********33 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Bundan sonra Masallı Rayon Məhkəməsinin hakimi Səlimov Ayaz Aydın oğlunun sədrliyi ilə 2(050)-1240/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Buda onu deməyə əsas verir ki, eyni tərəflər arasında eyni predmet üzrə artıq işə baxıldığı üçün, bir daha baxıla bilməz. Eləcədə o, Şirvan İnzibati Məhkəməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 162 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi 27 dekabr 2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********33 olan Çıxarışın ləğv olunması barədə iddia qaldırmışdır. Həmçinin iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Masallı rayonun Türkoba kəndində Yerli İslahat Komissiyası tərəfindən vətəndaşların iştirakı ilə torpaq sahələri bölünmüşdür. Bu günə kimi də hər kəs Türkoba kəndində torpaq sahələrini Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib olunmuş xəritəyə uyğun deyil Yerli İslahat Komissiyasının bölgüsünə əsasən istifadə edir. O vaxt sənədlər gələndə faktiki vəziyyətə uyğun olmadığı üçün heç bir kənd sakini bunu qəbul etməyib 420 nəfərin imzasıyla dəfələrlə müraciət olunub ki, sənədlər düzəldilsin. Onlara bununla bağlı bildirildi ki, Prezidentin Fərmanına əsasən nəhayət ki, sənədlər düzələr. Elə də oldu elektron uçot komissiyası gəldi, bütün kənd sakinlərinin iştirak ilə Prezidentin Fərmanına uyğun olaraq uçot həyata keçirilib qeydiyyat aparıldı və hər bir vətəndaşın yerini vətəndaşın iştirakı ilə qeydə aldı. Elektron uçot komissiyasının əməkdaşları hazırda Əmlak Məsələləri üzrə Dövlət Xidmətində çalışırlar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 mart 2016-cı il tarixli Azərbaycan Respublikasında torpaqların elektron uçotu ilə bağlı 818 saylı Fərmanına əsasən vətəndaşın faktiki istifadəsində olan torpaqlar qeydiyyata alınıb. Onların kəndində heç kəs sənədə uyğun torpaq sahəsini istifadə etmir, edə bilmir. Onlar neçə illərdir bunu gözləyirlər. Bu şəxsin qeyd etdiyi torpaq guya 4 nəfərin torpağına düşür. 4 nəfər hamısı səhv edir? Bu torpaq onun idisə bəs orada ev tikiləndə niyə bir reaksiya vermədi? Hardansa öyrənib ki, səhv xəritəynən yeri bura düşür sui istifadə edir. Çıxarışı verən orqan da düzgün iş görməyib. Çünki, çıxarış veriləndə yerə baxış keçirilməli, orada olan vəziyyət yəni tikili və digər məsələlərə baxılmalı idi. Yerə baxmadan çıxarış veriblər. Texniki pasportu hanı? Texniki pasporta hər şey qeyd olunur. Texniki pasport almayıbsa deməli bilir problemin olduğunu. Xahiş edir Prezidenti Fərmanı əsasında aparılan uçot materialları işə əlavə edilsin. Çıxarışı verən orqanda elektron uçot materialları, xəritələri var. Onlar çıxarışı verərkən möhtərəm Prezidentin Fərmanına hörmətlə yanaşmalı idilər. Vaxtı ikən torpaqlar Yerli İslahat Komissiyası tərəfindən bölgü aparılıb. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(050)-16/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat alınaraq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT-CTREAZ22) xeyrinə tutulması, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı aid edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1606/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü tarixli, 2(050)-16/2024 saylı qərardadının ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki işin Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 1 hektara yaxın torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçı torpağın qaytarılmasını istəyir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, məhkəməyə ünvanladığı etiraza uyğun izahat verərək bildirdi ki, onun və alilə üzvlərinin paylı mülkiyyətində 0.4237 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini istifadə edir. İddiaçının iddia etdiyi torpaq sahəsində torpağı yoxdur. Mübahisələndirilən torpaq sahəsini zəbt etməyib, onun mülkiyyətidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Türkoba kəndində yerləşən 0.134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və X16 hər birinin ½ hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 162 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Türkoba kəndində yerləşən 0.4237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh 0.01295 ha hissədə, X7 0.01295 ha hissədə, X3 0.0306 ha hissədə, X8 0.0306 ha hissədə, X9 0.0306 ha hissədə, X14 0.0306 ha hissədə, X4 0.0306 ha hissədə, X13 0.0306 ha hissədə, X10 0.0306 ha hissədə, X1 0.0306 ha hissədə, X11 0.0306 ha hissədə, X12 0.0306 ha hissədə, X5 0.0306 ha hissədə, X6 0.0306 ha hissədə və X15 0.0306 ha hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 209 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu, Türkoba kənd sakini İddiaçı iddia etdiyi 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözü gedən torpaq sahəsi JN 187 nömrəli dövlət aktı ilə 0,10 ha Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə, JN 153 nömrəli dövlət aktı ilə 0, 048 ha X30 və ailə üzvlərinin mülkiyyətinə, JN 172 nömrəli dövlət aktı ilə 4 kv.m X22 və ailə üzvlərinin mülkiyyətinə və 135 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 may 2024-cü il tarixli, 3-16-16/2-10/3622 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndislərinin (S.Abdullayev, Z.Kərimov) tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-1876/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar qeyd olunmuşdur: Masallı rayonu, Türkoba kənd sakini İddiaçı iddia etdiyi 0.134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən torpaq sahəsi JN 187 nömrəli dövlət aktı ilə 0,10 ha Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə, JN 153 nömrəli dövlət aktı ilə 0,048 ha X30 və ailə üzvlərinin mülkiyyətinə, JN 172 nömrəli dövlət aktı ilə 4 kv.m X22 və ailə üzvlərinin mülkiyyətinə və 135 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-1240/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin onun özünə aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(106)-190/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-1240/2022 qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən öz hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materilları və məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamış və istifadəsində deyildir. Ona görə də tətbiq edilən maddi hüquq noramalarının tələbləri baxımından torpaq sahəsinin zəbt edilməsi, qanunsuz istifadə olunması halı müəyyən olunmadığı və cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyi üçün iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın əsassız olması qənaətinə gəlir. Belə ki, hər iki rəydən məlum olur ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddianın “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” hissəsi təmin edilmədiyindən, “torpağın əvvəlki vəziyyətə gətirilməsi” hissəsinin əsaslı olub-olmaması müzakirə edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli və ondan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia rədd edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bri yüz) manat məbləində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar