Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1640/2025 23.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Ərizəçi (Maraqlı şəxs qeyd edilmiş) barışıq sazişinin təsdiq edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X3, 19 sentyabr 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqının 0,625 misli həddində olmaqla cəmi 750 manat məbləğində aliment pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-24-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Ərizəçi 19 aprel 2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində 14 aprel 2025-ci il tarixdə bağladığı barışıq sazişinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq hər növbəti ayın 15-nə kimi cavabdehin uşaqların saxlanması üçün hər bir uşağa görə 250 manat olmaqla, üç uşağa görə cəmi 750 manat aliment ödənilməsini öz üzərinə öhdəlik kimi götürdüyünü, lakin öhdəliyi könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icra etmədiyini qeyd etmişdir. Lakin, barışıq sazişinə nəzər yetirdikdə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, Maraqlı şəxs 15 aprel 2025-ci il tarixdən başlayaraq gələn hər növbəti ayın 15-dək 750 manat pulu ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs may ayının 15-dək alimenti ödəməsi üçün vaxtı olduğundan, sazişin icrasından imtina kimi sayılmamalıdır. Göründüyü kimi ərizəçinin icra müddətini gözləməyərək “barışıq sazişinin könüllü şəkildə icra edilməməsi səbəbi” ilə məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən normanın tələbi əsas götürülməklə, iddia ərizəsinin yolverilməzliyinə dair normaları tətbiq etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə eyni zamanda izah edir ki, barışıq sazişinin şərtləri, həmin şərtlərin hansı qaydada icra edilməsi ilə bağlı dəqiqləşdirmələrin aparılması üçün barışıq sazişinin bağlandığı mediasiya qurumuna müraciət edilə bilər. Məhkəmə eyni zamanda izah edir ki, gələcəkdə barışıq sazişinin nəzərdə tutulmuş müddətdə icra edilmədiyi müəyyən edilərsə, barışıq sazişinin təsdiqi üçün yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilmiş) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlərin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1640/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1640/2025
23.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver