Məhkəmə qərarları › İş №2(050)-183/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-183/2023

19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-183/2023 19.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1020 manat dəyərində 12 qramlıq 585 əyarlı 1 ədəd boyunbağının klonu ilə birlikdə, 595 manat dəyərində 7 qramlıq 585 əyarlı 1 ədəd bilərzik, 1360 manat dəyərində 16 qramlıq 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağı, 425 manat dəyərində 5 qramlıq 585 əyarlı 1 ədəd sırğa, 476 manat dəyərində 5,6 qramlıq 585 əyarlı 1 ədəd nişan üzüyü, 391 manat dəyərində 4,6 qramlıq 585 əyarlı 1 ədəd üzük, 484,50 manat dəyərində 5,7 qramlıq 585 əyarlı qolbağın və ya onların ümumi dəyəri 4751,50 manat pulun və 68 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin nəticə hissəsinin elan edilməsi 19 yanvar 2023-cü il tarixə, saat 15:00-a təxirə salınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını 06 yanvar 2022-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Uşaqları olmamışdır. İlk əvvəllər mehriban olsalarda, sonradan cavabdehin təqsiri üzündən aralarında müxtəlif məzmunlu narazılıqlar yaranmağa başlamışdır. Bunun nəticəsində ayrılmışlar. Nikahın pozulması ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlə artıq ayrılmışlar və ayrı yaşayırlar. Toy hədiyyəsi olaraq verilmiş və gəlin köçdüyü zaman ona hədiyyə edilmiş qızılzinət əşyaları 1020 manat dəyərində 12 qramlıq 585 əyyarlı 1 ədəd boyunbağıdan klonu ilə birlikdə, 595 manat dəyərində 7 qramlıq 585 əyyarlı 1 ədədə bilərzikdən, 1360 manat dəyərində 16 qramlıq 585 əyyarlı uşaq üçün boyunbağıdan, 425 manat dəyərində 5 qramlıq 585 əyyarlı bir ədəd sırğadan, 476 manat dəyərində 5,6 qramlıq 585 əyyarlı bir ədəd nişan üzüyündən, 391 manat dəyərində 4,6 qramlıq 585 əyyarlı 1 ədəd üzükdən, 484,50 manat dəyərində 5,7 qramlıq 585 əyyarlı qolbağıdan ibarətdir. Həmin əmlaklar onun mülkiyyətidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 35.1-ci maddəsinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, ondan əvvəl ailədə digər gəlin olan Nərmin xanımın toyu olmuşdur. Onun isə toyu 2022-ci ilin may ayının 15-də olmuşdur. Həmin ilin iyun ayının 27-nə kimi Rüstəm ilə birlikdə yaşamışlar. Onun qızıl-zinət əşyalarından bəzilərinin Rüstəm tərəfindən lombarda qoyularaq pul götürülməsindən xəbəri olmamışdır. Qızılzinət əşyalarını Rüstəmdən soruşduqda demişdir ki, anasındadır gətirəcək. Tələb etdiyi 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük Nərmin xanımın üzərində olan onun toyunda çəkilmiş fotoşəkildəki əşyalardır. 2022-ci ilin iyun ayının axırlarında qızıllarını götürüb ata evinə Beyləqan rayonuna getmişdir. İyul ayının 1-də atası cehizlərinin bir qismini Abşeron rayonu, Xırdalan şəhərindəki yaşadığı evdən gətirmişdir. Noyabr ayının 2-də Rüstəmlə ata evindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə qayıtmışlar. Noyabrın 2-dən noyabrın 8-dək Xırdalan şəhərində yaşamışlar. Həmin vaxtlar Rüstəm evə arada gəlirdi. Noyabr ayının 8-də atası Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə gəlmişdir. Həmin vaxt evdə o və qaynanası Solmaz xanım olmuşdur. Aralarındakı soyuq münasibət ilə bağlı əri Rüstəmin iş yerinə getmişlər, Rüstəm bildirmişdir ki, onun başqa ailəsi var, yoldaşı hamilədir. Rüstəmin iş yerindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə qayıtmışlar, bəzi əyşalarını götürmüş, lakin qızıl-zinət əşyalarını götürməmiş, atası ilə ata evinə Beyləqan rayonuna getmişdir. Ondan 2-3 gün sonra atası digər cehiz əşyalarını da aparmışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarından bəziləri ər-arvad tərəfindən lomparda qoyularaq pul götürülmüş və həmin pul ailənin ehtiyaclarına xərclənmişdir. Digər komplekt qızıl-zinət əşyaları isə ailənin digər gəlini Nərmin xanıma məxsus olmuşdur. Bunu iş materiallarında olan fotoşəkil də təsdiq edir. Belə ki, Nərmin xanımın toyu iddiaçının toyundan əvvəl olmuşdur və tələb edilən komplektə aid qızıl-zinət əşyalarının həmin vaxt Nərmin xanımda olmasını həmin toydan çəkilmiş fotoşəkil təsdiq edir. Ümumi razılığa əsasən Nərmin xanım qızıl-zinət əşyalarını toyda müvəqqəti olaraq vurması üçün iddiaçıya vermişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tələb olunan qızıl əşyalardan 1 ədəd uşaq üçün boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyü gəlini Alsu xanıma hədiyyə olaraq verilmişdir. Gəlinə hədiyyə olaraq verilmiş qızılların heç birinin alış sənədi yoxdur. Uşaq üçün boyunbağı təxmini 300 manata alınmışdır. Həmin qızıl-zinət əşyalarından bəziləri ər-arvad tərəfindən lomparda qoyularaq pul götürülmüş və həmin pul ailənin ehtiyaclarına xərclənmişdir. Digər tələb olunan qızıllar, yəni 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük böyük gəlini Nərmin xanıma məxsus olmuşdur. 2021-ci ilin dekabrın 11-də böyük gəlinin toyu olmuşdur. 2022-ci ilin may ayının 15-də isə Alsu xanımın toyu olub. Ümumi razılığa əsasən Nərmin xanım qızıl-zinət əşyalarını toyda müvəqqəti olaraq vurması üçün iddiaçıya vermişdir. Toy günü oğlu, Alsu xanım, Elburus, Nərmin xanım bir maşında Xırdalan şəhərinə getmişlər. Həmin gün Alsu xanım hazırda tələb etdiyi qızılları Nərmin xanıma qaytarmışdır. Hazırda da həmin qızıllar böyük gəlini Nərmin xanımdadır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 16 qramlıq 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağının dəyəri 1360 manat, 5,6 qramlıq 585 əyarlı 1 ədəd nişan üzüyünün dəyəri 476 manat və 5,7 qramlıq 585 əyarlı 1 ədəd qolbağın dəyəri 484,50 manat təşkil edir. Qiymətləndirmə aparılarkən qızıl qiyməti 85 manatdan hesablanmışdır. 24 may 2022-ci il tarixli, AA-00179270 saylı kredit (borc) və girov müqaviləsi və müqavilə ilə bağlı qiymətləndirmə aktından görünür ki, Cavabdeh tərəfindən 585 əyarlı boyunbağı və klon çəkisi 2,44 qr, üzük girov qoyularaq 165 manat pul götürülmüşdür. Uşaq üçün boyunbağının fotoşəkilindən əşyaya aid rekvizitlərdən görünür ki, əşyanın əyarı 585, çəkisi 2,43 qramdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamsının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının izahatı, cavabdehin vəkilinin dolayı etirafı, şahidin ifadəsi (cavadehin anasıdır) və işdə olan digər sübutlarla təsdiqlənir ki, 1 ədəd uşaq üçün boyunbağ, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyü İddiaçı hədiyyə edilmişdir. Lakin cavabdehin vəkili izahatında, şahid ifadəsində həmin qızıl-zinət əşyalarından bəzilərinin ər-arvad tərəfindən lomparda qoyularaq pul götürülməsi və həmin pulun ailənin ehtiyaclarına xərclənməsini bildirsələrdə bu hal sübuta yetirilməmişdir. İş materiallarında girov müqaviləsinin olması hələ birmənalı şəkildə o demək deyil ki, həmin əmlaklar mülkiyyətçinin (arvadın) razılığı əsasında girov qoyulub və götürülmüş pul ailənin ehtiyaclarına xərclənmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, 24 may 2022-ci il tarixli, AA-00179270 saylı kredit (borc) və girov müqaviləsinin müddəti xx.xx.2022-ci ildə qurtarmışdır, girov qoyulmuş əşyaların taleyi məlum deyil. Bir sözlə iddiaçı ona hədiyyə olan verilmiş əşyalara mülkiyyət hüququndan məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya hədiyyə edilmiş 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağının qramı 16 qram göstərilsədə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarında olan uşaq üçün boyunbağının fotoşəkilindən əşyaya aid rekvizitlərdən görünür ki, əşyanın əyarının 585, çəkisinin 2,43 qram olması göstərilmişdir. Təbii ki, əşyanın satıcısının satdığı əşyanın qızılının qramının çox olduğ halda az göstərməsi onun marağına uyğun deyil. Həmin göstərici əşya girova qoyularkən də aparılmış qiymətləndirməyə yaxındır. Girov qoyularkən əşya qiymətləndirilən zaman boyunbağı və klonun çəkisi 2,44 qram qiymətləndirilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 585 əyar qızılın qramı 85 manatdan hesablanmışdır. İddiaçı da həmin məbləğ ilə razılaşaraq iddia ərizəsində tələb etdiyi əşyaların dəyərlərini həmin məbləğə uyğun hesablamışdır. Belədə 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağının qramının 2,43 qram olması, qiymətləndirmə rəyinə uyğun qızıl qramı 85 manatdan hesablanmaqla 206.55 manat təşkil etməsi müəyyən olunur. Lakin şahidin (cavabdehin anası) ifadəsində uşaq üçün boyunbağının təxmini 300 manata alındığını bildirməsinə görə həmin əmlakın dəyərinin 300 manat olması nəzərə alınmalıdır. Məhkəmə iddianın təmin edilməyən digər hissəsinə münasibətdə isə bildirir ki, iddiaçı tələb etdiyi digər qızıl-zinət əşyalarının ona hədiyyə edilməsini sübuta yetirə bilməmişdir. İddiaçı həmin əşyaların ona hədiyyə edilməsini yalnız məhkəməyə təqdim etdiyi fotoşəkillər ilə əsaslandırmışdır. Hər hansı bir şəxsin üzərində tələb etdiyi qızılzinət əşyalarının olması hələ birmənalı şəkildə o demək deyil ki, həmin əşyalar ona hədiyyə edilmişdir. Aydın məsələdir ki, bir şəxs müəyyən bir məclis üçün başqasının paltarını geyinə, əşyasını vura bilər. İşin mübahisə edilməyən halı (iddiaçının da izahatı ilə təsdiq etdiyi) ondan ibarətdir ki, ailədə ilk öncə digər gəlin Nərmin xanımın toyu olmuşdur. İddiaçının toyu isə sonradan olmuşdur. İddiaçının tələb etdiyi 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük Nərmin xanımın üzərində olan onun toyunda çəkilmiş fotoşəkildəki əşyalardır. Yəni, hazırda iddiaçının tələb etdiyi həmin qızıllar əvvəldən alınmışdır və ailənin digər gəlininin toyunda gəlində olmuşdur. Məhkəmə iddiaçının 2022-ci ilin iyun ayının axırlarında qızıllarını götürüb ata evinə Beyləqan rayonuna getməsi ilə bağlı izahatını inandırıcı hesab etmir. Belə ki, həqiqətən də o, iddia etdiyi kimi qızılları götürərək getmişdirsə, sübut etmə yükü baxımından sübut etməlidir ki, gedərkən qızılları da aparmış, geri qayıdarkən apardığı qızılları sonradan geri qaytarmışdır. İşin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı dəfələrlə ailədəki problemlərlə bağlı ata evinə getmiş, sonradan geri qayıtmış, cehiz əmlakları hissə-hissə daşınmış, həmin əmlaklar daşınarkən əmlak ilə bağlı hər hansı bir problem olmamışdır. Belə bir vəziyyətdə onun cehiz əşyalarının götürülməsi ilə bağlı hər hansı bir problem olmadığı halda qızıl-zinət əşyalarını olduğu təqdirdə götürməməsi və ya həmin vaxt hər hansı bir səbəbdən tələb etməməsi onun mövqeyini əsaslı hesab etmir. Necə ki, o, həmin vaxt sərbəst şəkildə digər cehiz əşyalarını götürmüş, qızıl-zinət əşyaları həqiqətən əgər həmin vaxt var idisə o, digər əşyalar kimi onu da götürərdi. Bunu icra etmək üçün (olduğu təqdirdə qızılları götürmək üçün) ona heç bir şey maneə olmurdu. Necə ki, digər əşyalarına münasibətdə bunu etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, toy günü oğlu, Alsu xanım, Elburus, Nərmin xanım bir maşında Xırdalan şəhərinə getmişlər. Həmin gün Alsu xanım hazırda tələb etdiyi 1 ədəd boyunbağını klonu ilə birlikdə, 1 ədəd bilərziyi, 1 ədəd sırğanı, 1 ədəd üzüyü Nərmin xanıma qaytarmışdır. Hazırda da həmin qızıllar böyük gəlini Nərmin xanımdadır. İddiaçının iddiasının göstərilən hissədə əsaslı hesab edilməsi üçün o, ondan əvvəl ailənin digər gəlini olan Nərmin xanıma alınmış hazırda tələb etdiyi qızıl-zinət əşyalarının sonuncunun razılığı əsasında digər gəlindən alınaraq ona hədiyyə edilməsini, həmin qızılların toyundan sonra da onda olmasını, izahatında dediyi kimi qızılları götürüb ata evinə getməsini, əgər ata evinə gedəndə qızıllar həqiqətən də onda olmuşdursa sonradan həmin qızılları geri qaytarmasını, hansı səbəbdən hissəhissə cehiz əşyalarını apararkən cehiz əşyalarının götürülməsi ilə bağlı hər hansı bir problem olmadığı halda qızıl-zinət əşyalarını götürməməsini sübut etməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstəriməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 1 ədəd çəkisi 2,43 qaram olan 585 əyarlı dəyəri 300 manat olan uşaq üçün boyunbağıdan, 1 ədəd çəkisi 5,6 qaram olan 585 əyarlı dəyəri 476 manat olan nişan üzüyündən və 1 ədəd çəkisi 5,7 qaram olan 585 əyarlı dəyəri 484,5 manat olan qolbaqdan ibarət qızıl-zinət əşyaları və ya həmin əmlakların naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 68 manat dövlət rüsumunun 18,04 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 1 ədəd çəkisi 2,43 qaram olan 585 əyarlı dəyəri 300 manat olan uşaq üçün boyunbağıdan, 1 ədəd çəkisi 5,6 qaram olan 585 əyarlı dəyəri 476 manat olan nişan üzüyündən və 1 ədəd çəkisi 5,7 qaram olan 585 əyarlı dəyəri 484,5 manat olan qolbaqdan ibarət qızıl-zinət əşyaları və ya həmin əmlakların naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18,04 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar