Məhkəmə qərarları › İş №2(050)-1839/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1839/2023

12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1839/2023 12.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01040 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat alimentin alınıb ona verilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasıya prosesində MŞL/MT 014/2023-01040 saylı barışıq sazişi imzalamışdılar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 01-də icra etməli idi. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT 014/2023- 01040 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, həmçinin, bildirdi ki, Maraqlı şəxs may ayı üçün nəzərdə tutulan 200 manat aliment məbləğini tam şəkildə ödəmişdir. Barışıq sazişinin təsdiq edilməsinə səbəb növbəti aylar üçün ödənişlər edilməsinə görədir. Maraqlı şəxs bildirdi ki, övladlarını saxlamaq bir ata kimi onun borcudur və bundan imtina etmir. Barışıq sazişinin şərtlərinə əməl etmişdir. Belə ki, may ayı üçün nəzərdə tutulan 200 manat aliment məbləğini tam şəkildə ödəmişdir və növbəti aylarda da aliment məbləğini ödəyəcəkdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 nikahlarını 05 iyul 2007-ci ildə Masallı RİHB-nin Ərkivan qəsəbə ərazi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01040 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat aliment pulun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, maraqlı şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01040 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat aliment pulun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs may ayı üçün nəzərdə tutulan 200 manat aliment məbləğini tam şəkildə ödəmişdir. Bunu ərizəçi də təsdiq edir. Yəni, xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01040 saylı barışıq sazişinin şərtləri (alimentin ödənilməsi ilə bağlı) maraqlı şəxs tərəfindən pozulmamışdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə ərizəçiyə izah edir ki, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01040 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar