Məhkəmə qərarları › İş №2(050)-1976/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1976/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1976/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X3 01 yanvar 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 05 mart 1987-ci ildə anadan olmuş və 01 yanvar 2007-ci il tarixdə vəfat edərək kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmişdir. Bu səbəbdən də, ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum qardaşı Lətif Eynullayev 01 yanvar 2007-ci il tarixdə vəfat etsə də, meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Mərhum qardaşının adı torpaq sahəsinə dair sənəddə paylı mülkiyyətçi kimi qeyd edildiyindən onunla bağlı vərəsəlik işinin həll edilməsi üçün ölüm faktının müəyyən edilməsi zəruridir. Odur ki, mərhum qardaşı X3 01 yanvar 2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 05 mart 1987-ci ildə anadan olmuş mərhum qardaşı X3 01 yanvar 2007-ci tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Ərizəçi qardaşıdır. Digər qardaşı Lətifi avtomobil vurduğu üçün rəhmətə getmişdir. X10 rayonu, Ərkivan qəsəbəsi Göllü qəbirstanlığında dəfn edilmişdir. O, qardaşının yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi qardaşı oğludur. Lətifi 31 yanvar 2006-cı il tarixdə avtomobil vurmuş və 01 yanvar 2007-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Lətif subay olmuş və hərbi xidmətdən bir ay olar ki, gəlmişdir. Qardaşı oğlu Lətif Masallı rayonu, Ərkivan qəsəbəsi Göllü qəbirstanlığında dəfn edilmişdir. O, Lətifin yas mərasimində iştirak etmiş və qəbrini ziyarət etmişdir.

İş materialları:

7. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş və Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır.

8. 18 aprel 2025-ci il tarixli 514 nömrəli Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi həqiqətən Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır.

9. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, atası X4, anası X6r.

10. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X4 05 mart 1987ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, atası X4, anası X6r.

11. Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinin 15 may 2025ci il tarixli arayışından görünür ki, 05 mart 1987-ci ildə oğlu Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15 may 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

12. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 14 mart 2025-ci il tarixli 18-1-60/2-A-190-42-149/2025 saylı arayışından görünür ki, X3 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

13. Qəbirüstü şəkildən görünür ki, X2 05 mart 1987-ci il tarixdə anadan olmuş, 01 yanvar 2007-ci il tarixdə vəfat etmişdir.

14. 18 aprel 2025-ci il tarixli 513 nömrəli Masallı RİHB-nın Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X2 – X1 yazılsın və oxunsun. Həmin adamlar eyni şəxslərdir.

15. Masallı regional «ASAN Xidmət» mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 14 mart 2025-ci il tarixdə vətəndaş Ərizəçi vəfat etmiş qardaşının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, onun qonşularının və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi, yəni ölüm haqqında həkim arayışı və plüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, X4 05 mart 1987-ci ildə anadan olmuşdur. X4 01 yanvar 2007-ci il tarixdə ev şəraitində vəfat etmiş və Masallı rayonu, Ərkivan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

21. Göründüyü kimi X3 01 yanvar 2007-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

22. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 mart 1987-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş X3 01 yanvar 2007-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

24. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 05 mart 1987-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş X3 01 yanvar 2007-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar