Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2102/2024 23.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs kimi Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsi qeyd edilmiş) “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X3 ölmüş elan edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1949-cu ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuş həyat yoldaşı X8 ilə 1974-cü ildə toy edib el adəti ilə evlənmişlər. Rəsmi nikahlarını xx.xx.1974-cü ildə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.1975-ci il tarixdə iki əkiz övladları X6 və X7 dünyaya gəlmişlər. O, X8 ilə təxminən 40-45 il əvvəl iki ilə yaxın müddətdə Türkmənistan Respublikasında yaşamış, sonra o, qeyri-rəsmi olaraq başqa bir qadınla yaşamağa başlamış və Türkmənistan Respublikasından çıxıb Ukrayna Respublikasına getmişdir. Belə bir vəziyyətdə o, 1975-ci ildə iki uşağını da götürüb Azərbaycana doğulduğu Masallı rayonu Qızılağac kəndinə qayıtmışdır. Həmin kənddə yaşamaqla uşaqlarını tək başına böyüdüb boya-başa çatdırmışdır. Həmin vaxtdan hal-hazıradək X5 görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. X8 aralarında olan nikah isə formal olaraq qalmışdır. Sonradan eşitmişdir ki, (yaxın qohumlarından), X8 8-10 il əvvəl Ukrayna Respublikasının Xarkov şəhərində ölmüşdür. Lakin onun dəqiq ölüm yerini və tarixini bilmir. O, hazırda X3 ölümü ilə bağlı sənədləri əldə edə bilmir. Ukrayna Respublikasının Rusiya Federasiyası ilə aralarında gedən müharibə Ukrayna Respublikasının Xarkov şəhərindən də yan keçməmişdir. Hazırda da həmin müharibə bitməmiş, davam etməkdədir. Hətta bitmiş olsa da, belə X1 (mediyadan) aldıqları məlumatlara (televiziyada göstərilənlərə) əsasən Xarkov şəhəri baş vermiş müharibə nəticəsində ciddi ziyan çəkmişdir. Bir çox binalar, eləcədə dövlət əhəmiyyətli binalar dağıdılmış, mərmi düşməsi nəticəsində yanaraq məhv olmuşdur. Bu səbəbdən də onun ölümü ilə bağlı məlumatları əldə etmək mümkün deyildir. Bütün bunlar isə onun bir çox hüquqlarını pozmuş olur, eləcədə mülkiyyət hüququnu. O, öz mülkiyyəti barədə sərəncam verə bilmir. Odur ki, göstərilənləri nəzərə alıb X3 məhkəmə qaydasında ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, X3 təxminən 2014-cü ildə vəfat etməsini bilir. Onun yas mərasiminə ərinin qardaşı Ukraynaya getmişdir. Orada onun yas mərasimi keçirilmişdir. Həmçinin kənd camaatı da Qadirin orada vəfat etməsini məlumatlıdırlar. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırda Ukrayna Respublikasında müharibə olduğundan X3 ölümü barədə sənədləri əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Maraqlı şəxs Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-A-12xx-xx/2024 saylı arayışından görünür ki, Ərizəçi 01 may 1949-cu ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş həyat yoldaşı X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçinin ölmüş elan edilmə ilə bağlı ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddənin məzmunundan da göründüyü kimi şəxsin ölmüş elan edilməsi üçün onun ölməsi ilə bağlı məlumat olmamalı, onun yaşayış yerində uzun müddət görünməməsi səbəbindən onun ölməsi ehtimal edilməli, bundan sonra maraqlı şəxslərin ərizəsi əsasında şəxsin ölmüş elan edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi mümkündür. Lakin, şəxsin ərizəsi öyrənilərkən, eyni zamanda məhkəmə iclasında ərizə üzrə ilkin araşdırma aparılarkən müəyyən edilmişdir ki, ərizəçinin ölmüş elan edilməsini tələb etdiyi əri X4 Ukrayna Respublikasında ölməsi barədə məlumatı olmuş, sadəcə olaraq şəxsin ölümü ilə bağlı Ukrayna Respublikasının müvafiq orqanlarında qeydiyyatın aparılıbaparılmamasından məlumatı olmadığından ərinin ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, şəxs əslində şəxsin ölmüş elan edilməsini deyil, ölüm faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Şəxsin ölüm faktının müəyyən edilməsi, Mülki Prosessual Məcəllənin “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” fəslində qeyd edilmişdir. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarına əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi izahatında göstərmişdir ki, Ukrayna Respublikasında müharibənin getməsi ilə əlaqədaq sənədləri almaq mümkün olmamışdır. O, ərinin ölümü ilə bağlı qeydiyyatın aparılıb-aparılmaması ilə bağlı da məlumatının olmadığını qeyd edərək, Ukrayna Respublikasına ölümün qeydə alınıb-alınmaması ilə bağlı sorğu verilməsi üçün ərizəsinə vəsatət əlavə etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi ərinin ölümü ilə bağlı qeydiyyatın aparılıbaparılmaması ilə bağlı dəqiq məlumatlı olmadığından, yəni qeydiyyatın aparılıbaparılmaması ilə bağlı Ukrayna Respublikasının müvafiq qeydiyyat orqanından məlumat alınmadığından və bu barədə müvafiq sənədlər materiala əlavə edilmədiyindən onun ərizəsinə baxılması mümkün deyildir. X2 ölümü qeydə alındığı halda, bu barədə məhkəmənin onun ölüm faktını təsdiq etməsinə ehtiyac yoxdur. Məhkəmə vəsatətlə bağlı qeyd edir ki, şəxs ərinin 2014-cü il tarixdə öldüyünü bildirmiş, 10 il ərzində hərəkətsizlik göstərərək ərinin ölümünün qeydiyyatının aparılıbaparılmaması ilə bağlı hər hansı tədbir görməmiş, hazırda isə ərizə ilə müraciət edərək Ukrayna Respublikasında müharibənin getməsi ilə əlaqədar dövlət orqanlarına müraciət etməyin mümkün olmadığını göstərib məhkəməyə xarici dövlətin müvafiq orqanına müraciət etməsi üçün vəsatət vermişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə müraciət etməsi üçün (ərizənin əsasını təşkil edən sübutların) lazimi olan sübutların toplanmasına məhkəmənin köməklik göstərməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəlləyə əsasən lazimi qaydada forma və tələblərə cavab verən ərizəyə baxılması məhkəmədə baxılması mümkün olduğu halda, işin gedişatı zamanı vacib olan sübutların alınması zərurəti yaranarsa məhkəmə məhkəmə tapşırığı qaydasında xarici ölkənin dövlət orqanlarına müraciət edə bilər. Göründüyü kimi, ərizəçi uzun müddət səhlənkarlıq edərək ərinin ölümü ilə bağlı hər hansı bir hərəkət etməmiş, daha sonra isə faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkməyə müraciət edərək, məhkəmədən ölümün qeydə alınıb-alınmaması ilə bağlı məlumatın alınması üçün sorğu verilməsini xahiş etmiş, halbuki ərizəçi qeydiyyat orqanı tərəfindən ölümün qeydə alınmasından imtina olunduğu halda, məhkəməyə müraciət etmək imkanından istifadə edə bilərdi. Eyni zamanda qeyd ediləməlidir ki, ərizəçi ilkin izahatında əri X4 Masallı rayonu Qızılağac kəndində doğulduğunu bildirsə də, ərizəyə əlavə edilmiş arayışdan görünür ki, şəxsin doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Şəxsin doğumu ilə bağlı məlumatlar olmadığı halda, onun ölümünün təsdiq ilə bağlı ərizəyə məhkəmədə baxıla bilməz. Göründüyü kimi, ərizə müvafiq tələblərə riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mahiyyəti üzrə baxılmasına maneçilik törədən nöqsanlar ərizəçi tərəfindən aradan qaldırılmadığından və bu nöqsanları aradan qaldırmaq imkanı itirilmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2102/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2102/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver