Məhkəmə qərarları › İş №2(050)-2142/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2142/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2142/2024 01.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından övladları olmamışdır. Şövkət Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ona bu barədə xx.xx.2020-ci il tarixdə ölüm şəhadətnaməsi verilmişdir. Rəsmi nikahda olarkən Şövkət Əliyeva ilə ona Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ev inşa etmişlər və hazırda da o, həmin evdə yaşayır. Torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə Şövkət Əliyevanın valideynləri olmuş atası X12 və anası X4 ölüm şəhadətnamələrini tələb etmişlər. Cəbi Cəbiyevin və Qızxanım Cəbiyevanın ölüm şəhadətnamələrinin olmaması barədə ona qeydiyyat şöbəsindən imtina məktubu verilmişdir. Həmçinin qayınlarına valideyinlərinin ölüm şəhadətnaməsinin düzəldilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Mərhumlar onun qaynanası və qaynatası olmuşlar. Onların ölüm şəhadətnamələrinin olmaması onun hüquqlarına toxunur. Yəni birbaşa olaraq onun iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Ərizəçinin tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası X8 xx.xx.1986-cı il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində ölməsi və mərhum qaynanası X3 xx.xx.1987-ci il tarixdə ölməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, X3 adının X2 oxunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin mövqeyi: Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ərizəçi onun bacısının yoldaşıdır. X12 xx.xx.1986-cı il tarixdə, X7 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi onun bacısının yoldaşıdır. X12 onun atası, X7 isə anasıdır. X12 1986-cı ilin mart ayında, X7 1987-ci ilin mart ayında vəfat etmişdir. Ölüm haqqında şəhadətnamələrini hər hansı bir sənəd üçün lazım olmadığından almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X12 1986-cı il tarixdə, X7 1987-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan: Masallı RİHB-nin X11 Ərazi Dairəsi üzrə nümayəndəsinin 27 may 2024-cü il tarixli, 802 saylı arayışından görünür ki, Masallı rayon Ərkivan kənd sakini olmuş X1 07 mart 1987-ci il tarixdə vəfat etmişdir, o, Ərkivan qəsəbəsinin Cəbili qəbiristanlığında dəfn olunmuşdur. Masallı RİHB-nin X11 Ərazi Dairəsi üzrə nümayəndəsinin 27 may 2024-cü il tarixli, 801 saylı arayışından göürünür ki, Masallı rayon Ərkivan kənd sakini olmuş X12 14 mart 1986cı il tarixdə vəfat etmişdir, o, Ərkivan qəsəbəsinini Cəbili qəbristanlığında dəfn olunmuşdur. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin “ölümün qeydə alınması ilə bağlı ərizənin qəbulunda imtina barədə rəyindən görünür ki, Ərizəçi arvadının vəfat etmiş anası X3 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin “ölümün qeydə alınması ilə bağlı ərizənin qəbulunda imtina barədə rəyindən görünür ki, Ərizəçi arvadının vəfat etmiş atası X12 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 mömrəli qərarının 1.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9.3-cü bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 1912-ci ildə doğulmuş X8 xx.xx.1986-ci il tarixdə, 1932-ci ildə doğulmuş X7 xx.xx.1987-ci il tarixdə vəfat etmiş, lakin onların ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Həmçinin mülki iş üzrə araşdırılma aparılan zaman müəyyən olunmuşdur ki, iş materiallarında X4 adı “Bacıxanım” kimi qeyd olunsa da, mərhumun əsl adı “Qızxanım” olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumların ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, - X8 14 mart 1986-cı il tarixdə ölməsi faktı, - X4 07 mart 1987-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1912-ci ildə doğulmuş X8 14 mart 1986-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində və 1932-ci ildə doğulmuş X4 07 mart 1987-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar