Məhkəmə qərarları › İş №2(050)-2172/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2172/2025

13.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2172/2025 13.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Ərizəçi Maraqlı şəxs ilə 2013-cü ildə el adəti üzrə toy edərək, ailə həyatı qurmuş, nikahlarını isə 16 yanvar 2014-cü il tarixdə Masallı rayon İHB-nın Ərkivan qəsəbə ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 22 fevral 2014-cü il təvəllüdlü Novruzova Gülay və 21 noyabr 2018-ci il təvəllüdlü Novruzova Damla adlı 2 uşaqları anadan olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və Masallı Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli 2(050)-1799/2019 saylı qətnaməsi ilə nikah qeydi pozulmuşdur. Həmçinin həmin qətnamə ilə uşaqların analarının yanında qalması müəyyən edilmişdir. Lakin bir müddət sonra uşaqlar analarının yanında deyil, onunla qalmaq istədiklərindən Maraqlı şəxs ilə uşaqların onda qalmasına razılaşmışlar və birgə Mediasiya Şurasına müraciət edərək, xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-01073 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahdan anadan olmuş yuxarıda adıçəkilən uşaqlar onun yanında qalmaqla himayəsinə verilmişdir. Lakin Maraqlı şəxs həmin sazişin şərtlərinə əməl etməmişdir. Kiçik qızını ünsiyyət adı ilə aparsa da, ona geri qaytarmamışdır. Ərizəçinin tələbi: Maraqlı şəxs oğlu ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2024/01073 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, barışıq sazişinin tarixinin xx.xx.2024-cü il kimi oxunmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, birgə nikahdan iki uşaqları vardır. Uşaqlardan Gülay hazırda onun yanındadır, digər uşaq Damla isə anası ilə görüşməyə getmiş və daha sonra orada qalmışdır. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024-01073 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişində tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. 2-ci tərəf Maraqlı şəxs uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ataları Ərizəçi yanında qalmasına etiraz etmir.

2. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir.

Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1799/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı Rayon İcra Hakimiyyətinin başçısının Ərkivan qəsəbə ərazi nümayəndəliyi tərəfindən bağlanmış xx.xx.2014-cü il tarixli, 04 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 22 fevral 2014-cü il təvəllüdlü X2 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqların anaları Maraqlı şəxs yanında qalması qət edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:

35. barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.

39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).

47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmışdır, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi Maraqlı şəxs uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ataları Ərizəçi yanında qalmasına etiraz etməmişdir. Hazırda isə uşaqlardan biri xx.xx.2018-ci il təvəllüdlü X3 anası ilə ünsiyyət saxlamaq üçün getmiş və daha sonra anası tərəfindən Ərizəçi qaytarılmamışdır. Bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki barışıq sazişinin təsdiq edilməsi, gələcəkdə tərəflər arasında “uşaq tələbi” ilə bağlı mübahisəyə və ya “barışıq sazişinin etibarsızlığı tələbinə” dair iddia icraatı qaydasında mübahisəyə baxılmasını istisna etmir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024-01073 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları Ərizəçi yanında saxlanılsın. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar