Məhkəmə qərarları › İş №2(050)-2174/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2174/2024

28.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2174/2024 28.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış 25 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla cavabdehin nikahın ləğv edilməsi və uşaqların onun yanında saxlanılması və aliment tələbi barədə Bakı şəhəri, 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, həmin təşkilatda tərəflər arasında razılıq olduğu üçün barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehin aralarında bağlanmış barışıq sazişinə əməl etməyərək, alimenti ödəmədiyini, ona görə məhkəməyə müraciət etməli olduğunu, cavabdehlə aralarında bağlanılmış barışıq sazişinin aliment hissəsində və uşaqların onun yanında qalması ilə bağlı olan hissədə təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin qəbul etmədiyini, barışıq sazişində olan imzanın ona məxsus olmadığını bildirdi. Daha sonra isə imzanın ona məxsus olduğunu, lakin Sazişin mətnindən məlumatlı olmadığını qeyd etdi. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 21 may 2011-ci ildə, X2 xx.xx.2013-cü ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00556 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2012-ci il tarixində AR Masallı RHNB-nin Qızılağac ərazisi üzrə 16 №-li nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər. İkinci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahlarından olmuş 21 may 2011-ci il təvəllüdlü X3 və 15 may 2013-cü il təvəllüdlü X1 anasının yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahlarından doğulmuş 21 may 2011-ci il təvəllüdlü X3 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər iki uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti ödəməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişdə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 21 may 2011-ci il təvəllüdlü X3 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilməsi barədə 25 aprel 2024-cü il tarixli, MŞB/16/2024-00556 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə alimentin tutulması 01 may 2024-cü il tarixdən başlayaraq, hər ayın 20-dən 30-nadək köçürmə yolu ilə bank vasitəsi ilə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar