Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2177/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə ərizəçi Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızının mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 14 aprel 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişinin “Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 ikinci tərəf, yəni Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı ilə istənilən vaxt görüşməsinə, ünsiyyətlərinə razılıq verdi” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarından 14 dekabr 2013cü il təvəllüdlü X8 və 20 aprel 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Maraqlı şəxs ilə aralarında 14 aprel 2023-cü il tarixdə mediasiya prosesində MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 ikinci tərəf, yəni onunla (hazırda Şükürova) istənilən vaxt görüşməyinə, ünsiyyətinə razılıq vermişdir. Lakin maraqlı şəxs müxtəlif bəhanələrlə uşaqlarla ünsiyyətinə şərait yaratmır. Odur ki, Maraqlı şəxs ilə 14 aprel 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs 11 iyun 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizəyə etiraz göndərmişdir. Etirazı onunla əsaslandırmışdır ki, Ərizəçi ona qarşı məhkəmədə xüsusi icraat qayadasında ərizə verərək mediasiyada bağladıqları barışıq sazişinin qismən yəni uşaqlarla Ərizəçi ünsiyyətdə olması hissəsində məhkəmənin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, o, Ərizəçi ilə Masallı rayonunda mediator işləyən Nizami Alışovun yanına getmişlər və orada barışıq sazişi bağlayan zaman mediator Nizami Alışov uşaqları dinləmədən və onun fikrini almadan özüözlüyündə sazişdə yazmış ki, “1.2.3. Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 ikinci tərəf, yəni anaları X7 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verir” cümləsi ilə saziş yazmışdır. Birinci, o, bu saziş üzrə qeyd edilən bənddə hər hansı bir öhdəlik götürməmiş və eyni zamanda qeyd edilən bənd uşaqlarının hüquqlarını pozmuşdur. Belə ki, barışıq sazişində uşaqların hansı gündə hansı saatda anaları ilə ünsiyyətdə olacağını, hansı vaxtlarda ünsiyyət müddətinin bitməsi, eyni zamanda barışıq sazişi bağlanarkən uşaqların maraqlarına toxunan halların aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmamış, uşaqların fikri dinlənilməmişdir. Bunla da, barışıq sazişində ananın istənilən vaxt uşaqla ünsiyyətdə olması absurd bir formadır. Çünki uşaqlar məktəbdə oxuyurlar, boş asudə vaxtlarında idmana gedirlər, eyni zamanda təhsilləri ilə bağlı müəllim yanına gedirlər. Lakin sazişdə ananın uşaqları ilə istənilən vaxt görüşməsi məsələsi belə çıxır ki, ana haçan istəsə, uşaq məktəbdə belə olsa, təhsil də, alsa mütləq anaları ilə ünsiyyətə getməlidirlər. Buda uşqlarının hüquqlarını pozur. Göründüyü kimi qeyd edilən barışıq sazişi mövcud Qanunvericiliyə zidd tərtib edilmiş, uşaqların maraqları və həyat şəraitləri nəzərə alınmamış, Qəyyumluq komissiyasının rəyi alınmadan saziş təsdiq edilmişdir. Hesab edir ki, qeyd edilən barışıq sazişi qanunvericiliyə zidd olduğundan və uşaqların maraqlarına ciddi ziyan vurduğundan məhkəmə qaydasında təsdiq edilməkdən imtina edilməlidir. Artıq övladları 10 yaşından yuxarı böyümüşlər, onlarda analarının yüngül həyat tərzi keçdiyini, uşaqlarına qarşı laqeyid olduğunu, ərini və övladlarını yad kişilərlə aldatdığını, işlədiyi Masallı Rayon Məhkəməsində çalışan (adlarını çəkmək istəmədiyi) cavan oğlanlarla gəzdiyini yaxşı bilirlər və övladlarında öz fikirlərini məhkəmə qarşısında bildirmək istəyirlər. Əlbət bu məsələ ilə bağlı o, da Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, cənab Prezidentə şikayətlər etmiş, belə bir yüngül həyat tərzi keçən qadının ədalətin bərqərar olduğu, cəmiyyətinin güvən və inam yeri olan məhkəmə sistemində necə çalışdığının araşdırılmasını və barışıq sazişinin mahiyyəti üzrə həll edilməsinin nəzarətə götürülməsini xahiş edəcəkdir. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır. Odur ki, Ərizəçi ərizəsi uşaqların hüquqlarına toxunduğundan mediasiyada bağlanmış 14 aprel 2023-cü il tarixli MŞL/MT014/2023- 00771 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023- 00771 nömrəli barışıq sazişindən müəyyən edilir ki, İkinci X1 bu sazişi imzaladıqdan sonra 14 dekabr 2013-cü il təvəllüdlü X5 və 20 aprel 2015-ci il təvəllüdlü X4 hər birisinə hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 (əlli) manat, yəni iki uşaqa görə 100 (bir yüz) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür; İkinci X1 bu sazişi imzaladıqdan sonra 14 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 birinci tərəf, yəni ataları Maraqlı şəxs yanında saxlanılmasına razılıq verdi; Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 ikici tərəf, yəni anaları X7 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi; Tərəflər bu sazişi imzaladıqdan sonra aralarında hər hansı mübahisənin və qarşılıqlı ittihamların olmayacağına öhdəlik götürdülər; Alimentin köçürülməsi hər ayın 01-dən gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vaisitəsi ilə ödəniləcəkdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən 14 dekabr 2013-cü il təvəllüdlü X8 və 20 aprel 2015-ci il təvəllüdlü X6 ataları Maraqlı şəxs yanında qalmaqla onun himayəsinə verilmişdir. 14 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 anaları Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı ilə istənilən vaxt görüşməsinə və ünsiyyətdə olmağına Maraqlı şəxs həmin barışıq sazişinə əsasən razılıq verməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində ünsiyyət öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 ikici tərəf, yəni anaları X7 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi” hissəsində təsdiq edilməlidir. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 44-cü bəndində qeyd olunmuşdur ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Həmin qərardadın 45-ci bəndində qeyd edilmişdir ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Qərardadın 47-ci bəndində göstərilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Qərardadın 49-cu bəndində qeyd edilmişdir ki, bəzi hallarda məhkəmə barışıq sazişini təsdiq edərkən əqdin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan (məhkəmədən kənar) halları prosessual baxımdan yoxlamaq imkanında olmur. Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: əqdin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə məhkəməyə məlumat verməməsi və s.. Bu kimi halların mövcudluğuna baxmayaraq, görünən və yoxlanılan şərtlər əsasında sazişin imzalanması və təsdiqi, eləcə də razılaşma mətninin məhkəmə aktına daxil edilməsi, tərəfin qüsurlu davranışı, hakimin prosessual pozuntuya yol verməsi və səhv qərardad çıxarması kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə aktının ləğv edilməsi üçün prosessual hüquqi əsas mövcud olmur. Məhkəmə Maraqlı şəxs 14 aprel 2023-cü il tarixli barışıq sazişinin etibarsız olması ilə bağlı dəlilinə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin uşaqlarla ünsiyyət tələbinə dair hissəsinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadında qeyd olunmuş mövqeni nəzərə almaqla qeyd edir ki, hazırda barışıq sazişini təsdiqlənməsi barışıq razılaşmasının etibarlı olubolmamasına qiymət verilməsi hesab edilmir və maraqlı şəxsin barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinə ümumi qaydada baxıla bilər. Barışıq sazişinin tamamlanması prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023- 00771 nömrəli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: “Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013cü il təvəllüdlü X3 və 20 aprel 2015-ci il təvəllüdlü X2 ikici tərəf, yəni anaları X7 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-2177/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2177/2025
12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver