Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-219/2025 19.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəhmət qızına qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh1 ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuş, nikahlarını isə xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2022-ci il tarixdə X2 adlı bir nəfər uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin 2(050)-3620/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qeyd edir ki, 2023-cü ilin avqust ayında cehiz əmlak əşyalarını qaytarmışlar. Həmin vaxt oğlanın atası dəsmala bükülmüş qızılları əmlakları gətirmək üçün getmiş şəxslərə vermək istəmişdir. Lakin sonradan qızıl bükümünü verməmiş, qızılları X1 özünə verəcəyini bildirmişdir. Bunu həmin vaxt cehiz yükləyən Musaküçə kənd sakinləri X3 və Şahid2 demişdir. Həmin şəxslər də bu faktı təsdiq edirlər. Əlavə edilmiş şəkillərdə qızılzinət əşyaları görünür. Eləcə də qiymətləri ilə bağlı rəy də vardır. Ona məxsus olan qızılzinət əşyaları bunlardır: “Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa) - bir ədəd, 583 əyyarlı 28 qram çəkidə, 2520 manat dəyərində; Nişan üzüyü - bir ədəd, 583 əyyarlı 6 qram çəkidə, 800 manat dəyərində; Müxtəlif üzüklər - dörd ədəd, 583 əyyarlı 12 qram çəkidə, 1200 manat dəyərində; Cəmi 4520 manat təşkil edir. Qeyd edir ki, toy hədiyyəsi olaraq ona verilmiş və gəlin köçdüyü zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları qanunla onun müstəsna mülkiyyəti olmaqla yalnız ona məxsusdur. İddiaçının tələbi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəhmət qızından gəlin köçərkən ona verilmiş gəlinlik qızıl-zinət əşyalarının siyahısı-2520 manat dəyərində bir ədəd, 583 əyyarlı 28 qram çəkidə Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa), 800 manat dəyərində bir ədəd, 583 əyyarlı 6 qram çəkidə Nişan üzüyü və 1200 manat dəyərində, dörd ədəd, 583 əyyarlı 12 qram çəkidə müxtəlif üzüklər və ya onların ümumi dəyəri 4520 manat pulun və 66 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evdən müalicəsi ilə əlaqədar 1 həftəlik getmiş, ata evində ona lazım olacaq paltar və s. şəxsi əşyalar əvvəldən olduğundan gedərkən özü ilə hər hansı əşya, geyim, həmçinin qızıl-zinət əşyalarını aparmamışdır. Müalicəsi başa çatdıqdan sonra geri qayıdacaqdı. Həmin gün səhər qaynatası özü onu aparıb atasıgildə qoymuş, axşam qaynı Azər onun dalınca gəldikdə onunla getməkdən imtina etmiş, müalicəsini tam başa çatdırıb gələcəyini bildirmiş, növbəti günlərdə ödündən əməliyyat olunmuşdur. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı oğlu Əmrahın həyat yoldaşı olmuşdur. Tərəflər arasında münasibət pozulduqdan sonra Fatimə onlara oğlu Əmrahdan ayrılacağını bildirmədən atası evinə getmişdir. Fatiməni atası evinə onun özü aparmışdır. Fatimə atası evinə gedən zaman özünə məxsus əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Fatimənin qızıl zinət əşyalarını apardığını görməsə də, qızıl-zinət əşyaları evdə olmadığına görə güman edir ki, Fatimə onları özü ilə götürüb. Bundan başqa evlərində qızıl-zinət əşyaların bir qismi qalmış, həmin əşyaları dəsmala bükülmüş vəziyyətdə Fatiməyə çatdırılması üçün onun xalasına vermişlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı gedərkən bir günlük getmiş, axşam o özü Fatimənin dalınca atasıgilə getmiş, bacısı ona Əmrahın Fatiməni döydüyünü demiş və sonradan orada mübahisə olduğundan Fatimə onunla gəlməmiş, atasıgildə qalmışdır. Həmin gündən bir neçə gün öncə qardaşı Əmrahla Fatimə arasında ailə-məişət zəminində kiçik mübahisə, inciklik olmuşdur. Hətta bu söhbətdən sonra Fatimənin anası onlara gəlmiş və qızını aparmaq istədiyini də bildirmişdir. Fatimə gedərkən onlara bir günlük atasıgilə gedib münasibətləri yoluna qoyacağını demişdir. Gedərkən özü ilə paltar çantası və s. əşyalarını, həmçinin qızılları da aparmışdır. Qızıllarını apardığını birbaşa olaraq görməsə də, ailə üzvlərindən qızılların evdə, Fatimənin əşyaları arasında olmadığını eşitmişdir. Hesab edir ki, Fatimə evdən gedərkən məqsədli getmişdir. Şahid ifadələri: Məhkəmə iclasında Şahid1 şahid qismində izahat verərək bildirmişdir ki, iddiaçı onun qızıdır. Cavabdeh tərəfə münasibətlər tam pozulduqdan sonra cehiz əmlakın dalınca 2 fəhlə, bir sürücü olmaqla 3 nəfər adam göndərmişdir. Onda olan məlumata əsasən Cavabdeh2 fəhlələrə biraz gözləmələrini demiş, termodan bəzi əşyaları götürüb yaylığa bükmüş və bunları özü Fatiməyə verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 şahid qismində izahat verərək bildirmişdir ki, iddiaçının atası ilə tanışlığı vardır. O, özü Qazel sürücüsüdür. Cehiz əşyaları, mebelləri gətirmək üçün o və yanında iki nəfər fəhlə kimi Ayaz və Şahin adlı şəxslər cavabdehlərin evinə getmişdir. O özü yuxarı qalxmamış, aşağıda gözləmişdir. Lakin həmin gün Ayazdan və Şahindən eşitdiyinə görə Cavabdeh2 termodan nəsə götürmüş və yaylığın arasına qoyaraq, həmin yaylığın içindəki əşyaları daha sonra özü Fatiməyə verəcəyini demişdir. Daha sonra mebellərin daşınmasına razılıq vermişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində izahat verərək bildirmişdir ki, iddiaçı ilə şəxsi tanışlığı yoxdur. Fəhlə kimi cavabdehlərin evinə getmiş, İİ mərtəbəyə qalxmışdır. Bu zaman yataq otağının qarşısında Cavabdeh2 onların önünü kəsərək bir neçə dəqiqə gözləmələrini demiş, daha sonra termodan nəsə götürmüş və yaylığın arasına qoyaraq həmin yaylığın içindəki əşyaları özünün verəcəyini bildirmişdir. Yaylığın içində qızıl olduğunu demiş, lakin qızılları şəxsən özü görməmişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində izahat verərək bildirmişdir ki, Əmrah onun xalası oğludur, bundan əlavə cavabdehlərə məxsus “Əmrah” marketdə işləyir. Xalası Cavabdeh3 ona 2 ədəd üzük vermiş, o da həmin üzükləri Fatiməyə çatdırılması üçün “Kərbəlayi” adlı şəxsə vermişdir. “Kərbəlayi” isə üzükləri almaqdan imtina etdiyi üçün, o da üzükləri xalasına geri qaytarmışdır. Üzüklər iki ədəd kişi üzüyü olmuşdur. Sonradan cavabdehlər özləri üzükləri Fatimənin xalasına çatdırmışlar. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3620/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 671 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00842 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, tərəflər arasında razılıq əldə edilməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Mütəxəssis rəyindən görünür ki, bir ədəd, 583 əyyarlı 28 qram çəkidə Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa) 2520 manat dəyərində, bir ədəd, 583 əyyarlı 6 qram çəkidə Nişan üzüyü 800 manat dəyərində və dörd ədəd 583 əyyarlı 12 qram çəkidə müxtəlif üzüklər 1200 manat dəyərində, ümumilikdə 4520 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya toy üçün bir ədəd 583 əyyarlı 28 qram çəkidə Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa), bir ədəd 583 əyyarlı 6 qram çəkidə Nişan üzüyü və dörd ədəd 583 əyyarlı 12 qram çəkidə müxtəlif üzüklər hədiyyə edilmişdir. Qeyd edilən qızıl zinət əşyalarının hədiyyə edilməsi məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatları ilə də təsdiq edildiyindən işin mübahisəsiz hallarına aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcud olması sübuta yetirildiyindən həmin qızıl-zinət əşyalarının hazırda iddiaçıda olmasına dair sübutları təqdim etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Məhkəmə iclasında cavabdeh tərəfin izahatları ilə təsdiq edilmişdir ki, iddiaçı evdən davamlı çıxıb getmək adı ilə getməmiş, gedərkən onu cavabdeh olan qaynatası Cavabdeh2 özü atası evinə aparmış, həmin günün axşamı isə qaynı Nümayəndə2 onun dalınca getmiş, yəni iddiaçının evdən getməsi ayrılmaq, münasibətləri sonlandırmaq məqsədli olmamışdır. Bundan əlavə hər iki tərəfin məhkəmə iclasında verdiyi izahatlarla iki ədəd oğlan üzüyünün iddiaçıya qaytarılması təsdiq edilmişdir. Məhkəmə cavabdehlərin həm iddiaçıya toy üçün onlar tərəfindən hədiyyə edilmiş qızılları, həm də iddiaçı tərəfindən Cavabdeh1 hədiyyə edilmiş qızılların geri qaytarılması halını ağlabatan hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəhmət qızından 2520 manat dəyərində bir ədəd 583 əyyarlı 28 qram çəkidə Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa), 800 manat dəyərində bir ədəd 583 əyyarlı 6 qram çəkidə Nişan üzüyü və 1200 manat dəyərində, dörd ədəd, 583 əyyarlı 12 qram çəkidə müxtəlif üzüklər, onlar mövcud olmadıqda isə qızıl-zinət əşyalarının ümumi dəyəri 4520 manat pul və 66 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nəhmət qızından 2520 manat dəyərində bir ədəd 583 əyyarlı 28 qram çəkidə Komplekt dəsti (sep, qolbaq, üzük və sırğa), 800 manat dəyərində bir ədəd 583 əyyarlı 6 qram çəkidə Nişan üzüyü və 1200 manat dəyərində, dörd ədəd, 583 əyyarlı 12 qram çəkidə müxtəlif üzüklər, onlar mövcud olmadıqda isə qızıl-zinət əşyalarının ümumi dəyəri 4520 manat pul və 66 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-219/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-219/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver