Məhkəmə qərarları › İş №2(050)-2310/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2310/2023

16.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2310/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfındən verilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, 01 dekabr 2007ci il təvəllüdlü X4, 22 yanvar 2011-ci il təvəllüdlü X6 və 03 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrii hər ay bir uşağa sabit pul məbləğində 80 manat olmaqla, üç uşağa 240 (iki yüz qırx) manat aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşlar. Faktiki ər-arvad yaşamaqla 24 noyabr 2007-ci il tarixdə Masallı rayon Ərkivan ərazi nümayəndəliyində rəsmi nikaha daxil olub, ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 01 dekabr 2007-ci il təvəllüdlü X4, 22 yanvar 2011-ci il təvəllüdlü X6 və 03 noyabr 2020-ci il təvəllüdlü X7 adlı üç nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar. Bu səbəbdən nikahları məhkəmə tərəfindən pozulmuşdur. Uşaqlar onun himayəsində saxlanılmışdr. Nikahın pozulduğu vaxt Maraqlı şəxs ilə alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin sonradan X5 arasında olan razılığı pozduğundan aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə arasında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən cavabdeh uşaqların yetkinlik yaşınaq çatana kimi saxlanılmaları üçün bir uşağa görə 80 manat olmaqla, cəmi 240 manat aliment ödəməyi, alimentin ödənilməsinə hər ayın 25-də başlanılaraq ödəməyə razılaşmışdır. X12 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur. Vəziyyəti çox çətindir və üç nəfər azyaşlı uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarım təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 01 dekabr 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 22 yanvar 2011-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 03 noyabr 2020-ci ildə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 591/2023 nömrəli qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 24 noyabr 2007-ci il tarixdə Masallı rayon İHB-nin Ərkivan ərazi nümayəndəliyində 115 nömrə ilə qeyd edilmiş nikah pozulması, 01 dekabr 2007-ci il təvəllüdlü X4, 22 yanvar 2011-ci il təvəllüdlü X6 və 03 noyabr 2020-ci il təvəllüdlü X7 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli, MŞL/MT 014/2023-00137 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. 24 noyabr 2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 dekabr 2007-ci il təvəllüdlü X4, 22 yanvar 2011-ci il təvəllüdlü X6 və 03 noyabr 2020-ci il təvəllüdlü X7 adlı üç uşaqları olmuşdur. Son dövrlərdə tərəflər arasındakı ailədaxili münasibətlər pozulduğuna görə, onlar nikahın pozulması, uşaqların himayəyə verilməsi və uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisələrini həll etmək üçün könüllü olaraq mediasiyaya müraciət etmişlər. 21 yanvar 2023-cü il tarixdə Tərəflərlə mediasiya prosesi keçirildi və tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların himayəyə verilməsi və aliment təyin edilməsi mübahisələrini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. Razılığa əsasən tərəflərin birgə uşaqları X4, X6 və X7 anaları Ərizəçi yanında saxlanılmaqla, onun himayəsinə verilir. Uşaqların saxlanması üçün hər bir uşaq üçün 80 (səksən) manat sabit məbləğdə aliment müəyyən edilir. Tərəflərin birgə uşaqları X4, X6 və X7 yetkinlik yaşına çatana qədər, cari ilin yanvar ayının 25-dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsinə razılaşmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 iyun 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 21 yanvar 2023-cü il tarixli, MŞL/MT 014/2023-00137 nömrəli barışıq sazişi təsdiq edilsin. 25 yanvar 2023-cü ildən başlayaraq Maraqlı şəxs 01 dekabr 2007-ci il təvəllüdlü X1, 22 yanvar 2011-ci il təvəllüdlü X3 və 03 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar