Məhkəmə qərarları › İş №2(050)-243/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-243/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-243/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək mərhum övladı X2 05 mart 1994-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1966-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. X1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 12 yanvar 1993-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Uşaq dünyaya gələrkən xəstə oİmuş, bir çox müalicələr etdirsələr də, heç bir nəticəsi oİmamış, 05 mart 1994-cü il tarixdə vəfat etmiş və Ərkivan qəsəbəsində yerləşən Bədirli küçəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. Uşağın ölümü ilə əlaqədar dərin stress keçirtdiklərindən müvafiq dövlət qurumlarına məlumat verməmişlər. Mərhum ərinin vərəsəlik işi ilə əlaqədar sənədlərin hazırlanmasında ona məlum olmuşdur ki, qızları Rufanə Niftullayevanın ölüm şəhadətnaməsi yoxdur. O, bu barədə Masallı rayon mərkəzi xəstəxanasından tibbi arayışı almaq istəsə də, ona arayışın verilməsindən imtina etmişlər. Tibbi arayış verilmədiyindən övladının ölüm şəhadətnaməsini qeydiyyat şöbəsindən ala bilmir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsbəsində anadan olmuş X2 05 mart 1994-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Ərizəçi əmisinin gəlinidir. Mətanətin qızı Rufanə doğulduqdan bir müddət sonra xəstə olmuş, xatırladığı qədər qarnına su dolmuş və vəfat etmişdir. Uşağın dən və yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasında şahid X10 şahid X4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək X2 vəfat etməsi faktını təsdiq etmişdir.

İş materialları:

7. Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 31 aprel 2024-cü il tarixdə ərizəçi X3 vəfat etmiş bacısının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, onun qonşularının və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi, yəni ölüm haqqında həkim arayışı və plüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

8. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, atası X6 və anası X11r.

9. Masallı RİHB-nin Ərkivan Qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilən 26 noyabr 2024-cü il tarixli, 1998 saylı arayışdan görünür ki, X9 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, 05 mart 1994-cü il tarixdə vəfat etmişdir. Masallı rayonu, Ərkivan qəsəbəsi, Bədirli küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

10. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 26 noyabr 2024-cü il tarixli arayışından görünür ki, X5 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

11. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1966-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş və Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, X7 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuşdur. X7 05 mart 1994-cü il tarixdə vəfat etmiş və Masallı rayonu, Ərkivan qəsəbəsi, Bədirli küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

17. Göründüyü kimi X2 05 mart 1994-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

18. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş X2 05 mart 1994-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

20. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 12 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş X2 05 mart 1994-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar