Məhkəmə qərarları › İş №2(050)-2467/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2467/2025

11.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2467/2025 11.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 21 avqust 2023-cü il tarixli mediasiya prosesində bağladıqları 002133 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 01 avqust 2010-cu il təvəllüdlü X3, 30 yanvar 2012ci il təvəllüdlü X2 və 20 may 2015-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 90 manat, cəmi 270 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 07 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahdan 01 avqust 2010-cu il təvəllüdlü X6, 30 yanvar 2012-ci il təvəllüdlü X5 və 20 may 2015-ci il təvəllüdlü X7 doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlarına baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxslə 21 avqust 2023-cü ildə mediasiya prosesində 002133 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay 270 manat alimenti ona ödəyəcəkdir. Alimentin ödənilməsi avqust ayından hesablanaraq, hər ayın 30 kimi ödənilməli idi. İlk aylarda alimenti vaxtı-vaxtında ödəmiş olsa da, sonradan alimenti ödəməkdə gecikdirməyə başlamışdır. Dəfələrlə alimenti tələb etsə də, imkanı olacağı təqdirdə alimenti ödəyəcəyini bildirmişdir. Maraqlı şəxs onu aldatmış, uşaqlarının maddi təlabtlarını ödəyə bilmir. Odur ki, Maraqlı şəxs ilə 21 avqust 2023-cü ildə mediasiya prosesində bağladıqları 002133 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 11 iyul 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞL/MT014/2023/MŞL-002133 saylı 21 avqust 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər Ərizəçi və Maraqlı şəxs 07 sentyabr 2009-cu il tarixli nikahın davam etdirilməsinə razı olmadılar: 1) Tərəflər 01 avqust 2010-cu il təvəllüdlü X6, 30 yanvar 2012-ci il təvəllüdlü X5 və 20 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqlar anası Ərizəçi yanında saxlanılmasına razılaşdılar; 2) İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 01 avqust 2010-cu il təvəllüdlü X6, 30 yanvar 2012-ci il təvəllüdlü X5 və 20 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür; 3) Alimentin hesablanması 2023-cü ili avqust ayının 30-dan başlamaqla, hər ayın 30-da gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 21 avqust 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-002133 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 01 avqust 2010-cu il təvəllüdlü X6, 30 yanvar 2012-ci il təvəllüdlü X5 və 20 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 21 avqust 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-002133 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 01 avqust 2010-cu il təvəllüdlü X6, 30 yanvar 2012-ci il təvəllüdlü X5 və 20 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür.” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar