Məhkəmə qərarları › İş №2(050)-2577/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2577/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2577/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum əri X1 26 aprel 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 08 apel 1968-ci il təvəllüdlü X3 26 aprel 2024-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. 26 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 18 saylı, 10 may 2024-cü il tarixli Arayış, Sumqayıt şəhər Təcili və X2 Stansiyasının 1 №li yardımçı məntəqəsi tərəfindən verilmiş Arayış və qəbrin fotoşəkili təqdim edilmişdir. O, Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə müraciət edərək, həyat yoldaşının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, 14 may 2024-cü il tarixli, 3-16-5/8-M- 1627/15 saylı məktubla həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum əri Azər Məmmədovun 26 aprel 2024-cü ildə vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını, ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X5 izahatlarında bildirmişlər ki, mərhum X3 26 aprel 2024-cü il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X3 və Ərizəçi arasında 10 mart 2007-ci il tarixdə Sumqayıt Şəhər Nikah Evində 338 saylı nikah aktı bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 08 aprel 1968-ci il tarixdə anadan olmuşdur. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 14 may 2024-cü il tarixli, 3-16-5/8-M-1627/15 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. “Sumqayıt Tibb Mərkəzi” X4 13 iyun 2024-cü il tarixli, 101 saylı arayışından görünür ki, X3 26 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 08 aprel 1968-ci ildə doğulmuş X3 26 aprel 2024-cü il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X1 26 aprel 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 aprel 1968-ci ildə doğulmuş X1 26 aprel 2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar