Məhkəmə qərarları › İş №2(050)-2602/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2602/2024

03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2602/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 20 yanvar 1962-ci ildə doğulmuş X4 06 dekabr 2019-cu il ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, əri X7 06 dekabr 2019-cu ildə ölmüş və Masallı şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum ərinin meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X2 onun atası olmuşdur. Atası 06 dekabr 2019-cu il ildə vəfat etmişdir. Mərhum X1 şəhər qəbirstanlığında dəfn edilmişdir. Onun yas mərasimlərində iştrak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X2 onun əmisi olmuşdur. Əmisi Həşim 06 dekabr 2019-cu il ildə vəfat etmişdir. Mərhum X1 şəhər qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimlərində iştrak etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X3 nikahlarını 29 yanvar 1985-ci ildə Masallı rayon VVAQ şöbəsində 08 nömrəli qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Həşimov (a) soyadı verilmişdir. Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 mart 2024-cü il tarixli, 647 saylı arayışından görünür ki, X7 06 dekabr 2019-cu il tarixdə vəfat etmiş və Masallı şəhər qəbirstanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 18-1-60/3-1241/2024 saylı arayışdan görünür ki, X7 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı rayon Qeydiyyat şöbəsinin 08 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbirdaşının fotoşəkillərindən görünür ki, qəbirin baş daşının orta hissəsində kvadrat formalı qara rəngli mərmər daş üzərində mərhum Həşim Həşimovun fotoşəkili və “X7” sözləri qeyd edilmiş, alt hissədə şəxsin anadan olduğu və öldüyü tarixləri göstərən 20.İ.1962-2019.6.Xİİ rəqəmləri yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X7 20 yanvar 1962-ci ildə doğulmuş, 06 dekabr 2019-cu ildə vəfat etmiş, Masallı şəhər qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 06 dekabr 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X4 06 dekabr 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 yanvar 1962-ci ildə doğulmuş X4 06 dekabr 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar