Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2735/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İmanvedi qızının Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İmanvedi qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh cehiz, qızıl-zinət əşyalarının və mediasiya prosesi üçün ödənilmiş 50 manat, dövlət rüsumu olaraq ödənilmiş 71 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə üç övladı olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan cavabdehin təqsiri üzündən aralarında narazılıqlar yaranmağa başlamışdır. Bunun nəticəsində cavabdeh ona zor tətbiq etməyə başlamışdır. Cavabdehlə artıq ayrılmışlar. Lakin, buna baxmayaraq cavabdeh toy hədiyyəsi olaraq ona verilmiş qızıl-zinyət əşyalarını və cehiz əmlaklarını ona vermir. Dəfələrlə cavabdehdən həmin əmlakları ona qaytarılmasını istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh həmin əmlakları ona geri qaytarmır. Toy hədiyyəsi olaraq ona verilmiş və gəlin köçdüyü zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları -300 manat dəyərində, 583 əyyarlı, 3 qram çəkidə 1 cüt sırğa, 700 manat dəyərində, 583 əyyarlı, 7 qram çəkidə 1 ədəd sep, 170 manat dəyərində, 583 əyyarlı, 1.7 qram çəkidə 1 ədəd üzük, 180 manat dəyərində, 583 əyyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, cehiz əmlakları – 2750 manat dəyərində 1 ədəd mebel dəsti, 600 manat dəyərində soyuducu, 700 manat dəyərində paltaryuyan, 500 manat dəyərində mətbəx sobası, 740 manat dəyərində 4 ədəd xalça, 275 manat dəyərində 4 ədəd adyal, 640 manat dəyərində 12 ədəd balış, 4 ədəd döşək, 4 ədəd yorğan, 520 manat dəyərində bıçaq dəsti, çömçə, kəpkir dəsti, 80 manat dəyərində 1 ədəd qəfədan, 36 manat dəyərində 1 ədəd çaynik, 240 manat dəyərində tefal kasturka dəsti, 20 manat dəyərində 1 ədəd teşt, 50 manat dəyərində 8 ədəd çuqun ləyən, 30 manat dəyərində 5 ədəd balaca tava, 350 manat dəyərində stenka qabları, 44 manat dəyərində 4 ədəd meyvəqabı, 50 manat dəyərində 2 ədəd çömçə, kəpkir dəsti, 20 manat dəyərində 1 ədəd tökmə qazan, 150 manat dəyərində 1 ədəd tozsoran, 45 manat dəyərində 1 ədəd mikser, 12 manat dəyərində 1 ədəd ləpəçəkən, 40 manat dəyərində 1 ədəd komplekt meyvə bıçağı, 80 manat dəyərində 1 ədəd somavar dəsti, 50 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 1 ədəd ütüaltlığı, 25 manat dəyərində 1 ədəd otaqqızdıran, 50 manat dəyərində 1 ədəd xrustal güldan, 45 manat dəyərində 1 ədəd xrustal vaz, 100 manat dəyərində 1 ədəd lüstr, 80 manat dəyərində 1 ədəd taxt örtüyü, 50 manat dəyərində 1 ədəd divan örtüyü, 30 manat dəyərində 1 ədəd elektrik qəfədan, 40 manat dəyərində 2 ədəd aşsüzən, 500 manat dəyərində 1 ədəd mobil telefondan ibarətdir. Göstərilən əmlaklar onun mülkiyyəti olmaqla, ona məxsusdur. Odur ki, həmin qızıl-zinət əşyaları və cehiz əmlaklarının cavabdehdən alınaraq ona verilməsi xahiş olunur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızı cavabdehlə ayrıldıqdan sonra cehiz əmlakları evdən çıxarmışlar. Lakin, sonradan aldıqları bəzi əşyalar yeridə olmamışdır. Onlardan paltaryuyan və televizor kimi əşyalar qalmışdır. Onda olan məlumata görə cavabdeh bəzi əşyaları satmışdır. Qalan əşyalar barədə sübutu yoxdur. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, cehiz əmlakları hamısı iddiaçıya qaytarılmışdır. Birgə yaşadıqları vaxtı nə əmlak alınmışdırsa onları da iddiaçı aparmışdır. Qızıllardan isə onda 300 manat dəyərində olan 1 cüt sırğa və 180 manat dəyərində olan bir ədəd üzük olmuşdur. Digər qızıllar ümumiyyətlə mövcud olmamışdır. Həmin qızıl-zinət əşyalarını ona qaytarmağa etiraz etmir. Bundan başqa onların yaşadığı ev də satılmış və onun pulundan artıqlaması ilə iddiaçıya da verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qızıl-zinyət əşyalarının indiki orta bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair mütəxəssis Abdullazadə Yaşar tərəfindən verilmiş rəydən görünür ki, 3 qаmlıq 583 əyyаrlı 1 cüt sırğa 300 mаnаt, 7 qrаmlıq 583 əyyаrlı 1 ədəd sep 700 mаnаt, 1.7 qrаmlıq 583 əyаrlı 1 ədəd üzük 170 mаnаt, 1.8 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük 180 mаnаt, cəmi 1350 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı İmanvedi qızı mеdiаsiyа sessiyasının keçirilməsi üçün 50 mаnаt, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunа görə 71 manat pul ödəmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı nikaha daxil olduqdan sonra özü ilə cavabdehin evinə cehiz əmlakları aparmış və toy mərasimi ilə əlaqədar ona müxtəlif qızıllar hədiyyə verilmişdir. İddiaçı ayrıldıqdan sonra cehiz əmlaklarının əksər hissəsini apardığını bildirsə də, bəzi əmlakların cavabdehin evində qaldığını, eyni zamanda hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdehdə qaldığını qeyd etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək cehiz əmlaklarının hamısının iddiaçı tərəfindən aparıldığını, hədiyyə edilmiş qızıl zinət əşyalarından isə yalnız 1 cüt sırğanın və 1 ədəd üzüyün onda olduğunu bildirmişdir. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar olaraq birgə nikah dövründə ər-arvada hədiyyə verilmiş əmlakların hüquqi rejimini tənzimləyən aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət və cehiz əşyalarının mövcud olmasını, qızılları evdən çıxarkən özü ilə aparmadığını, həmin qızılların və cehiz əmlaklarının alınaraq ona verilməsini iddia etdiyindən sübutetmə yükünə uyğun olaraq həmin tələbi də sübut etmək iddiaçının vəzifəsi hesab edilməlidir. Cavabdeh iddia tələbində qeyd edilən 300 manat dəyərində olan 1 cüt sırğa və 180 manat dəyərində olan bir ədəd üzüyün, eyni zamanda cehiz əmlaklarının mövcudluğunu qəbul etdiyindən həmin hissədə, yəni cavabdeh tərəfindən qəbul olunan əmlakların mövcud olmasına münasibətdə iddiaçı sübut etmək vəzifəsindən azad olmuş, digər qızılların mövcud olmasını sübutetmək vəzifəsi isə iddiaçıda qalmışdır. İddiaçı isə iddia etdiyi cavabdehin qəbul etmədiyi qızılların həqiqətən də mövcud olması, yəni ona hədiyyə kimi alınmasına dair təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tələb edilən qızıllardan 300 manat dəyərində olan 1 cüt sırğa və 180 manat dəyərində olan bir ədəd üzüyün özünün sahibliyində olduğunu etiraf etsə də, cehiz əmlaklarının hamısının iddiaçı tərəfindən aparıldığın qeyd etmişdir. Belə olan halda, iddiaçının tələb etdiyi əmlakların cavabdehin qanunusuz sahibliyində olduğunu sübutetmək vəzifəsi yaranmışdır. Məhkəmədə iddiaçının nümayəndəsinin izahatı alınarkən bildirmişdir ki, iddia ərizəsində tələb etdiyi qızılların hamısı mövcud olmuş və hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Lakin, cavabdehin etiraf etdiyi qızıllardan başqa, digər qızılların həqiqətən də alındığını və cavabdehin sahibliyində olmasını təsdiq edən sübutları yoxdur. O, eyni zamanda göstərmişdir ki, qızına evləndiyi zaman verilmiş cehiz əmlakların bir hissəsini qızının vaxtı ilə cavabdehlə birgə yaşadığı evdən götürmüş, bəzi əşyaların yararsız vəziyyətdə, bəzilərinin isə ümumiyyətlə mövcud olmaması səbəbindən çıxarılması mümkün olmamışdır. Həmçinin, bildirmişdir ki, qızı ilə cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən cehiz əmlakları çıxarılarkən cavabdeh faktiki olaraq orada olmamışdır. Həmin fərdi yaşayış evi sonradan satılmış və əldə edilmiş pul bərabər şəkildə bölünmüşdür.İddiaçının izahatından da məlum olur ki, iddiaçı fərdi yaşayış evində olan cehiz əmlaklarını çıxararkən ona qarşı hər hansı maneələr törədilməmiş, cavabdehin özü də orada iştirak etməmişdir. Həm də ki, həmin ev sonradan satılmışdır. Yəni, sonradan həmin evdə cavabdehin özü də yaşamamışdır. Belə olan halda orada hər hansı əşyanın qalması məntiqsız görünür, qalmış olsa da iddiaçı öz seçiminə əsasən bəyənmədiyi əyaları götürməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin sahibliyində olduğunu etiraf etdiyi qızıllardan başqa, digər qızılların və tələb etdiyi cehiz əmlaklarının cavabdehin qanunsuz sahibliyində saxlanılması ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, tələb edilən qızıl-zinət əşyalarına münasibətdə qismən təmin edilməli, həmin əşyaları olmaqdıqda dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilməli, cehiz əmlaklarına münasibətdə isə iddia tələbi təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 50 manat pul vəsaitinin 81 manat hissəsi İddiaçı İmanvedi qızına aid edilməli, qalan 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı İmanvedi qızına verilməlidir.
Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 300 manat dəyərində, 583 əyyarlı, 3 qram çəkidə 1 cüt sırğa, 180 manat dəyərində, 583 əyyarlı, 1.8 qram çəkidə 1 ədəd üzük, qeyd edilən qızıllar olmadıqda isə, onların dəyəri alınaraq İddiaçı İmanvedi qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 50 manat pul vəsaitinin 81 manat hissəsi İddiaçı İmanvedi qızına aid edilsin, qalan 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı İmanvedi qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Coşqun Abdullayev