Məhkəmə qərarları › İş №2(050)-283/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-283/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-283/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh Məlikməmməd qızının iştirakları ilə, İddiaçı Cavabdeh Məlikməmməd qızına qarşı əmlakın və ya onun dəyərinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məlikməmməd qızından bir ədəd firuzə qaşlı 583 əyarlı 2,2 qramlıq sırğanın və ya 200 manat dəyərinin, dövlət rüsumu kimi ödədiyi 30 manat, cəmi 230 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında olan şəxsi münasibətlər nəticəsində işlədikləri Tibb müəssisəsinin inzibati binasında dalaşmışlar. Cavabdeh arxadan ona hücum edərək saçını dartmış, ona xəsarətlər yetirmişdir. Həmin vaxt qulaqlarında olan qızıldan olan sırğanın 1 ədədinin yerində olmadığını görmüşdür. Dalaşmadan dərhal sonra cavabdeh əl çantasını götürərək həmin yeri tərk etmişdir. Münaqişə zamanı itmiş sırğanın onda olmasını və geri qaytarılmasını bildirsə də, tələbi nəticəsiz qalmışdır. Sırğanın xüsusi əlamətləri üstünün qaşı füruzədən, qıraqları qaşlarla qızıldan ibarətdir. Bir tay sırğanın qiyməti 200 manatdır. Cavabdehin təqsiri nəticəsində qulaqlarındakı qaşlı sırğanın yoxa çıxmasına da qarşı tərəf bilavasitə cavabdehlik daşıyır. Ona görə də cavabdehdən 1 ədəd füruzə qaşlı 2,2 qramlıq sırğanı və ya onun dəyərini tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2022ci il tarixdə qarşı tərəf ilə aralarında baş vermiş dava zamanı 1 ədəd sırğası cavabdehin əlində getmişdir. Cavabdeh arxadan onun saçından tutan zaman o, əli ilə qulağını yoxlayarkən sırğasının yerində olmadığını bilmişdir. Sırğasının cavadehin əlində getdiyini görmüşdür. İş yoldaşı Mədinə də ona məxsus sırğanın cavabdehin əlində getdiyini görmüşdür. Polis şöbəsində izahatı təhrif edilmiş, izahatını oxumamış imzalamışdır. Sonda İddiaçı bir ədəd firuzə qaşlı 583 əyarlı 2,2 qramlıq sırğasının və ya onun dəyəri olan 200 manat, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı iş yoldaşıdır. xx.xx.2022-ci il tarixdə aralarında dava olmuşdur. İddiaçı onunla ədavət aparır. O, Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən Tibb məntəqəsinin müdiridir. İddiaçı ona bacısı Sevinc Həmidova işə gəlmədiyi halda onun əmək haqqının yazılmasını təklif etmiş, o, buna razı olmamışdır. Bu səbəbdən qarşı tərəfin onunla ədavəti var. İddiaçının sırğası onda deyil. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmə sorğusuna əsasən Masallı Rayon Polis şöbəsindən alınmış HK-1/2939, 2943 saylı araşdırma materialında olan xx.xx.2022-ci il tarixli, cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan görünür ki, İddiaçı həmin tarixdə Polis şöbəsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Cavabdeh onu döyərək bıçaqla hədələmiş, hadisə zamanı özünə məxsus qızıldan olan 1 ədəd sırğası itmişdir. Protokol şikayət edən şəxs tərəfindən imzalanmışdır. Araşdırma materialından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...İzahatının kompüterdə yazılmasına etiraz etmir. Cavabdeh Məlikməmməd qızı ilə münasibəti 2022-ci ilin avqust ayının sonlarınadək yaxşı olsada, həmin tarixdən münasibətləri korlanmışdır. Münasibətlərinin korlanmasına səbəb Vüsalənin onun əmək haqqından 65 manat kəsdirdiyinə görə onunla aralarında mübahisə olmuşdur. Bununla bağlı 2022-ci ilin sentyabr ayının əvvəllərində rayon prokurorluğunda araşdırma aparılmışdır...Vüsalə arxadan onun saç nahiyəsindən tutub dartan zaman qızıldan olan sırğanın 1 tayının yerində olmadığını gördüm. X3 şahid olmuşdur.” “İzahatın sonunda əl ilə yazılaraq “İzahatımı oxudum. Mənim sözlərimlə yazılıb. Əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. İmza var. İddiaçı xx.xx.2022.” qeydləri aparılmışdır. Araşdırma materialından görünür ki, tərəflər arasında baş vermiş dava ilə bağlı hadisənin şahidi olmuş X1 izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...Geri qayıtdığım zaman Vüsalə və Ayselin bir-birilərindən ayrıldıqlarını gördüm. Lakin həmin vaxt Ayselin sırğasını Vüsalənin əlində olmasını və yaxud sırğanın yerə düşməsini görməmişəm.” Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. Sübütların bölgüsü baxımından ilk növbədə iddiaçı sübut etməlidir ki, iddia etdiyi 1 ədəd sırğa baş vermiş hadisə zamanı onun üzərində olmuş, həmin sırğa məhz baş vermiş hadisə zamanı məhz qarşı tərəfin təqsirli hərəkəti nəticəsində itmiş və ya onu qarşı tərəf götürmüşdür. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçı qeyd edilən halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, həmçinin işdə olan hallar da iddianın əsaslı olmasını təsdiqləmir.

2. Məhkəmə iclasında iddiaçı izahatında tələb etdiyi 1 ədəd sırğasının cavadehin əlində getdiyini görməsini bildirmiş, lakin o, baş vermiş hadisə ilə bağlı Polis şöbəsinə şikayət edərkən hadisə zamanı özünə məxsus qızıldan olan 1 ədəd sırğasının itməsini bildirmiş, həmçinin araşdırma zamanı izahatı alınarkən də 1 ədəd sırğasının qarşı tərəfin əlində getdiyini götürdüyünü bildirməmişdir.

3. İddiaçı məhkəmə iclasında izahatında iş yoldaşı Mədinənin də ona məxsus sırğanın cavabdehin əlində getdiyini görməsini bildirsədə, tərəflər arasında baş vermiş hadisə ilə bağlı Masallı Rayon Polis şöbəsində aparılan araşdırma zamanı izahatı alınmış X2 izahatında Ayselin sırğasının Vüsalənin əlində olmasını və yaxud sırğanın yerə düşməsini görmədiyini bildirmişdir.

4. İddiaçı məhkəmə iclasında izahatında baş vermiş dava zamanı cavabdeh arxadan onun saçından tutan zaman o, əli ilə qulağını yoxlayarkən sırğasının yerində olmadığını bildirmişdir. Məhkəmə həmin izahatı inandırıcı qəbul etmir. Belə ki, dava zamanı arxadan saçı tutulan şəxs ümumi qaydada həmin hərəkətə qarşılıq (hərəkətə uyğun) verməli olur, yoxsa qulağındakı sırğanın yerində olub-olmamasını yoxlamır.

5. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflər arasında baş vermiş hadisəyə qədər də münasibətlər yaxşı olmamışdır. Belə ki, baş vermiş hadisə ilə bağlı Polis şöbəsində İddiaçı xx.xx.2022-ci il tarixdə izahatı alınarkən o, izahatında göstərmişdir ki, Cavabdeh Məlikməmməd qızı ilə münasibəti 2022-ci ilin avqust ayının sonlarınadək yaxşı olsada, həmin tarixdən münasibətləri korlanmışdır. Münasibətlərinin korlanmasına səbəb Vüsalənin onun əmək haqqından 65 manat kəsdirdiyinə görə onunla aralarında mübahisə olmuşdur. Bununla bağlı 2022-ci ilin sentyabr ayının əvvəllərində rayon prokurorluğunda araşdırma aparılmışdır.

5. Hazırki vəziyyətdə iddianın təmin edilməsi məntiqi baxımından o, anlama gələrdi ki, iddiaçı üzərində dava zamanı nə olduğunu və onların dava zamanı itdiyini və ya götürülməsini bildirmiş olsa iddia birmənalı təmin edilməlidir. İddiaçının üzərində baş vermiş hadisə zamanı iddia etdiyi sırğa olmuşdursa da bu hələ birmənalı şəkildə iddia edilən sırğanın məhz həmin vaxt, məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq itməsi sübuta yetirilməlidir. İddiaçı isə sırğasının gah dava zamanı itməsini (Polis şöbəsinə etdiyi şikayətə və aparılan araşdırma zamanı alınmış izahatına əsasən), gah da onu qarşı tərəfin götürməsini gördüyünü bildirir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (14.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (385.1). Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında nə qanun, nə də müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh Məlikməmməd qızına qarşı “bir ədəd firuzə qaşlı 583 əyarlı 2,2 qramlıq sırğanın və ya 200 manat dəyərinin, dövlət rüsumu kimi ödədiyi 30 manat, cəmi 230 manat pulun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar