Məhkəmə qərarları › İş №2(050)-2831/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2831/2025

22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2831/2025 22.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs kimi qeyd edilən) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT014/2025/MŞL-00811 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirsələr də, sonradan ayrılmışlar. Birgə yaşadıqları müddətdə 05 fevral 2011-ci il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X3 və 02 may 2019-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞM/MT014/2025/MŞL-00811 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, cəmi 270 manat aliment ödəməlidir. Alimentin hesablanması 2025-ci ilin fevral ayının 1dən başlamaqla, hər ayın 1-də icra etməli idi. Lakin, Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞM/MT014/2025/MŞL-00811 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 05 fevral 2011-ci il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X3 və 02 may 2019-cu il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. Masallı Rayon Məhkəməsinin 2(050)-2483/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş 05 fveral 2011-ci il təvəllüdlü X2, 12 Sentyabr 2012-ci il təvəllüdlü X3 və 02 may 2019-cu il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞM/MT014/2025/MŞL-00811 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 05 fevral 2011-ci il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X3 və 02 may 2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 90 manat, cəmi 270 manat aliment pulunun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin fevral ayının 1-dən başlamaqla, hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT014/2025/MŞL-00811 saylı barışıq sazişinin aşağıda göstərilən bəndləri - hissəsi məcburi icra üçün təsdiq edilsin: - Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birgə nikahdan anadan olmuş 05 fevral 2011-ci il təvəllüdlü X2, 12 sentyabr 2012-ci il təvəllüdlü X3 və 02 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanması üçün hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində alimenti 2025-ci ilin fevral ayının 1dən başlamaqla, hər ayın 1-də Ərizəçi ödəməyi öhdəsinə götürür. - Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış aliment borcunu 22 iyul 2025-ci ilə kimi Ərizəçi ödəməsinə öhdəlik götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar