Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-288/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat dəyərində 1 ədəd kalye sep, 500 manat dəyərində 1 ədəd kalye qolbaq, 850 manat dəyərində 1 ədəd kalye komplekt, 1000 manat dəyərində 3 ədəd üzük, 650 manat dəyərində 2 ədəd göyqaşlı və sadə üzüklərin və ya onların dəyəri olan 4600 manat pulun, həmçinin dövlət rüsumuna görə 66 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə 2008-ci ildə ailə qurmuşlar və nikahları qeydə alınmamışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Hazırda cavabdehlə ayrılmışlar və münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə 5 iyul 2024-cü il tarixdə münasibətləri pozulmuş və həmin vaxtdan etibarən valideynlərinin yanında yaşayır. Ondan sonra birgə yaşamamışlar. Cavabdehlə ailə qurarkən ona valideynləri və digər şəxslər qızıllar hədiyyə etmişlər, el adətinə uyğun olaraq ona da qızıllar hədiyyə olunmuşdur. Bunu təsdiq edəcək fotoşəkillər və şahidləri vardır. Həmin qızıllar 1600 manat dəyərində 1 ədəd kalye sep, 500 manat dəyərində 1 ədəd kalye qolbaq, 850 manat dəyərində 1 ədəd kalye komplekt, 1000 manat dəyərində 3 ədəd üzük, 650 manat dəyərində 2 dəd göyqaşlı və sadə üzüklərdən ibarət olmuşdur. Cəmi dəyəri 4600 manat olmuşdur. Toydan sonra qızıllarını evdə saxlamaq üçün qayınanasına vermiş, hər zaman qızıllar qayınanasında olmuş və saxlamışdır. Lakin cavabdeh ondan xəbəri olmadan qızılları evdən götürmüş və yəqin ki, satmışdır. Ayrılan zaman qızıllarını tələb etsə də, qızıllarının olmadığını bildirmişlər. O, qayınatası və qayınanası ilə Zabrat qəsəbəsində yaşamışlar və qızıllar həmin evdə olmuşdur. Lakin cavabdeh qızıllarını götürmüş və ona verməmişdir. Mediasiya orqanınada müraciət etmiş, lakin cavabdeh gəlmədiyi üçün arayış verilmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə 2008-ci ildə ailə qurmuş və nikahları qeydə alınmamışdır, nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur, hazırda cavabdehlə ayrılmışlar və münasibətləri tamamilə pozulmuşdur. Cavabdehi atası oğurluq etdiyi üçün evdən qovmuşdur. Qızılları cavabdeh götürdüyü üçün ondan tələb edir. Hər dəfə qızılları cavabdehdən tələb edəndə deyirdi ki, gətirib verəcəkdir, 4 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən döyülərək xəsarət almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, qızı Fatimə cavabdehdən 2017-ci ildə ayrılmışdır. Qohumlarda toy olacaqmış, Fatimə qızılları taxmaq üçün istəmişdir. Oğlan deyib ki, alıb verəcək. Bu səbəbdən də mübahisələri olmuş və atası oğlunu evdən qovmuşdur. Fatimənin qızıllarını Səbahəddin yaşadıqları evdən aparmış və hələdə Fatiməyə verməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının maddi imkanı zəifdir. Əgər yalan iddia olsaydı, iddia qaldırmazdı. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, tərəflər 2017-ci ildə faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı tərəf qayınatanı pisləyir. Lakin o, gəlini tutub, oğlunu evdən qovub. İddia ilə bağlı sübutetmə yükü iddiaçıdadır. Lakin qızılların qayınanasına verilməsi və sonradan cavabdeh tərəfindən oğurlanması barədə heç bir sübut yoxdur. Cavabdeh iddiaçı ilə rastlaşmaq istəmədiyi üçün məhkəmə iclasına gəlmir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Fatimə onun xalası nəvəsidir. Onun toyunda iştirak edib, qızılları görmüşdür. Fatimənin incidildiyini və döyüldüyünü bilir. Eşitdiyinə görə qızılları Səbahəddin götürüb. Bunları Əzizbəyimin dediklərindən bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Fatimənin qızılları olub. Onun toyunda iştirak edib. Fatimə ona demişdir ki, qızılları qayınanasında olurdu, Səbahəddin evdən dötürüb satıb. Qızılları tələb edirdi qaytarmırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Səbahəddinin analığıdır. 2016-2017-ci ildə mübahisələri olmuş və həyat yoldaşı Saleh Səbahəddini evdən qovmuşdur. Gəlinlə münasibətləri yaxşı olub. Lakin ötən ilin yay ayında mübahisələri olmuş və Fatimə çıxıb getmişdir. Onda heç vaxt Fatiməyə məxsus qızıl-zinət əşyaları olmayıb. İşdə olurmuş. Səbahəddin evdən qovulduqdan sonra onunla münasibətləri kəsilmişdir. Fatimə həmişə evdə olurdu. Fatimə ondan heç vaxt qızıl istəməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Səbahəddin hazırda Bakı şəhərindədir. Əvvəllər mehriban olmuşlar. Aralarında mübahisə olub və dözməyib oğlunu evdən çıxarıb ki, ölüm olmasın. Gəlini evdən çıxarmayıb ki, övladı var idi. Fatimə ilə Səbahəddin 2017-ci ildə ayrılmışlar. Qızıllar həmişə Fatimədə olub və saxlamaq üçün Həbibəyə verməyib. O, saat 09:00-dan saat 18:00-dək işdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini, iddiaçının vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilərək 1600 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram kalye sep, 500 manat dəyərində 1 ədəd 585 əyyarlı 5 qram kalye qolbaq, 850 manat dəyərində 1 ədəd 585 əyyarlı 9 qram kalye komplekt, 333 manat dəyərində 1 ədəd 585 əyyarlı üzük (nişan üzüyü), 650 manat dəyərində 2 ədəd 583 əyyarlı 7 qram göyqaşlı və sadə üzük və ya onların dəyəri 3933 manat pul və 59.33 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına görə İddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki nikahla ailə qurmuşlar, nikahları qeydə alınmamışdır, tərəflər uzun müddət ər-arvad kimi yaşamaqla birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur, cavabdehin iddiaçını dəfələrlə döyməsi nəticəsində iddiaçı 2017-ci ildə evdən çıxıb atası evinə getmiş, sonradan Bakı şəhəri Zabrat qəsəbəsində cavabdehin valideyinləri ilə bir yerdə yaşamışlar, 5 iyul 2024-cü il tarixdə tərəflər arasında münasibətlər tamamilə pozulmuşdur. İddiaçı dəfələrlə ona hədiyyə edilmiş qızıl zinət əşyalarını cavabdehdən tələb etməsinə baxmayaraq cavabdeh qızılları yaşadıqları Zabrat qəsəbəsindəki evdən aparmış və dəfələrlə qaytarıb verəcəyi barədə bildirməsinə baxmayaraq iddiaçıya qaytarıb verməmişdir. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri barədə tələbi özünün izahatı, nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə müəyyən və sübut olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh atası Şahid4 ifadəsində göstərdi ki, oğlu Səbahəddin hazırda Bakı şəhərindədir, əvvəllər mehriban olmuşlar, aralarında mübahisə olub və dözməyib oğlunu evdən çıxarıb ki, ölüm olmasın. Gəlini evdən çıxarmayıb, Səbahəddin əvvəllər oğurluq etdiyinə görə bir ata kimi övladlığından çıxarmışdır. Məhkəmə iclasında İddiaçı cavabdehdən tələb etdiyi ona məxsus olan qızıl zinət əşyalarını 1600 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram kalye sepin, 500 manat dəyərində 1 ədəd 585 əyyarlı 5 qram kalye qolbağın, 850 manat dəyərində 1 ədəd 585 əyyarlı 9 qram kalye komplektin, 650 manat dəyərində 2 ədəd 583 əyyarlı 7 qram göyqaşlı və sadə üzüklərin ona hədiyyə edilməsi sübut olunmuş, tələb etdiyi 1000 manat dəyərində 3 ədəd üzükdən bir üzüyün nişan üzüyü olması, qalan 2 ədəd üzüklər barədə sübut təqdim edə bilmədiyi üçün 333 manat dəyərində 1 ədəd 585 əyyarlı üzüyün (nişan üzüyü) ona hədiyyə edilməsini və məhz Cavabdeh tərəfindən evdən aparıldığı və qaytarılmadığı sübut edilmişdir. İş materiallarında olan: Qızıl-zinət əşyalarının qiymətinə dair mütəxəssis rəyindən görünür ki, 1 ədəd, 585 əyyarlı, 16 qram çəkidə olan sep kalyenin dəyəri 1600 manat, 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə qolbaq kalyenin dəyəri 500 manat, 1 ədəd 585 əyyarlı 9 qram çəkidə komplekt kalyenin dəyəri 850 manat, 3 ədəd 585 əyyarlı 12 qram çəkidə üzüklərin dəyəri 1000 manat və 2 ədəd 583 əyyarlı 7 qram çəkidə göyqaşlı və sadə üzüklərin dəyəri 650 manat qiymətləndirilmişdir. İddiaçı toyda və evdə çəkilmiş fotoşəkillərindən görünür ki, onun cavabdehdən tələb etdiyi qızıl zinət əşyaları ona hədiyyə olunmuş qızıllardır. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında tələb edilən qızıl-zinət əşyalarının alınması, həmin əşyaların iddiaçıya gəlin olaraq hədiyyə edilməsi mübahisə predmeti deyil, işin bu halı mübahisəsizdir, tərəflər təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun 59.33 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 59.33 manat məbləğ də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 1600 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram kalye sep, 500 manat dəyərində 1 ədəd 585 əyyarlı 5 qram kalye qolbaq, 850 manat dəyərində 1 ədəd 585 əyyarlı 9 qram kalye komplekti, 333 manat dəyərində 1 ədəd 585 əyyarlı üzük, 650 manat dəyərində 2 ədəd 583 əyyarlı 7 qram göyqaşlı və sadə üzük və ya onların ümumi dəyəri 3933 manat və 59.33 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov