Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2895/2023 12.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu 03 may 1991-ci il təvəllüdlü X1 02 iyul 1993-cü il tarixdə, mərhum qızı 28 aprel 1994-cü il təvəllüdlü X2 isə 25 avqust 1994-cü il ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu 03 may 1991ci il təvəllüdlü X1 1993-cü ildə və mərhum qızı 28 aprel 1994-cü il təvəllüdlü X2 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, oğlu 03 may 1991-ci il təvəllüdlü X4 02 iyul 1993-cü il tarixdə, qızı 28 aprel 1994-cü il təvəllüdlü X5 isə 25 avqust 1994-cü il ildə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşlar. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum övladlarının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onların ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladlarından Hüseyin quyuya düşərək, Həcər isə 5-6 aylığında xəstəlikdən ölmuşdür. Övladlarının ölüm ayını və günün dəqiq xatırlamır. Övladlarının ölümü barədə müvafiq sənədin olmaması bir sıra sənədləşmə işlərinin aparılmasında müəyyən problemlər yaradır. Sonda Ərizəçi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. Həqiqətin əri Əliabas vəfat etmişdir. Onların yeddi uşağı olmuşdur. Uşaqlardan Hüseyin 1993-cü ildə, Həcər isə 1994-cü ildə ölmüşdülər. Hüseyin su quyusuna düşərək, ölmüşdür. Hüseyin quyudan çıxardılarkən orada olmuşdur. Onlar Masallı rayonu, Qızılağac kənd qəbirstanlığında dəfn edilmişdilər. Uşaqların dəfnində iştirak etmişdir. Uşaq olduqları üçün yas mərasimləri olmamışdır. Onlar Masallı rayonu, Qızılağac kənd qəbiristanlığında babalarının qəbirinin yanında dəfn edilmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Həqiqətin əri Əliabas vəfat etmişdir. Onların yeddi uşağı olmuşdur. Uşaqlardan Həsən 1993-cü ildə, Həcər isə 1994-cü ildə ölmüşlər. Hüseyin su quyusuna düşərək, ölmüşdür. Hüseyin quyudan çıxardılarkən orada olmuşdur. Hüseyinin dəfnində iştirak etmişdir. Həqiqətin qızı Həcər isə təxminən 3-4 aylıq olarkən xəstəlikdən ölmüşdür. Bununla bağlı qonşu kimi Həqiqətgilə gedərək, başsağlığı vermişdir. Hüseyin və Həcər Masallı rayonu, Qızılağac kənd qəbiristanlığında babalarının qəbirinin yanında dəfn edilmişdilər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi qonşusudur. Ərizəçinin oğlu Hüseyinin ölməsini görmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisi arvadıdır. Həqiqətin beş uşağı var, 3 oğlan, 2 qız. Uşaqlardan Hüseyin quyuya düşərək ölmüşdür. Həmin vaxt hadisə yerinə getmişdir. Hüseyin babasının qəbrinin yanında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, X4 03 may 1991-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur, atası X3, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 28 aprel 1994-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur, atası X3, anası Ərizəçidır. Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 415 və 579 saylı arayışlardan görünür ki, Ərizəçi övladları 03 may 1991-ci il təvəllüdlü X4 1993-cü ildə, 28 aprel 1994-cü il təvəllüdlü X5 isə 1994-cü ildə Masallı rayonu, Qızılağac kəndində vəfat etmişlər və Masallı rayonu, Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdilər. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, PHŞ-6-60/3-822/2023 saylı arayışdan görünür ki, X4 və X5 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ölüm aktı üçün müraciət daxil olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 3-16-5/8-121 saylı məktubdan görünür ki, X1 və X2 ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X4 03 may 1991-ci ildə doğulmuş, 1993-cü ildə vəfat etmiş, X5 isə 28 aprel 1994-cü ildə doğulmuş, 1994-cü ildə vəfat etmiş, Masallı rayonu, Qızılağac kənd qəbirstanlığında dəfn edilmişdilər. Onların ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 03 may 1991-ci ildə doğulmuş X1 1993-cü ildə və 28 aprel 1994-cü ildə doğulmuş X2 1994-cü ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 1993-cü il tarixdə ölmüş X1 və 1994-cü il tarixdə ölmüş X2 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 may 1991-ci ildə doğulmuş X1 1993-cü ildə və 28 aprel 1994-cü ildə doğulmuş X2 1994-cü ildə Masallı rayonu, Qızılağac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2895/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2895/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver