Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3160/2025 05.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək 30 mart 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək 01 noyabr 1932-ci il tarixdə doğulmuş və 30 mart 2001-ci il tarixdə vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, 1932-ci il təvəllüdlü X7 30 mart 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin səhlənkarlıq səbəbindən vaxtilə mərhumun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. X3 qeyd olunan tarixdə vəfat etməsini şahidlər də, təsdiq edə bilərlər. Hazırda müəyyən sənədləşmə işlərinin aparılması, həmçinin gələcəkdə mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim olunması zərurəti ilə əlaqədar olaraq, onun ölüm haqqında şəhadətnaməsinin alınmasına ehtiyac yaranmışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edilsə də, akt qeydi mövcud olmadığından, bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi, vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək X3 30 mart 2001-ci il tarixdə Bakı şəhərində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun yeznəsidir. Elvinin atası Atabala Rusiya Federasiyasında, anası Mehriban isə Bakıda yaşayır. Mehribanın 2 bacısı var, 2 qardaşı olub və o, da ölmüşdür. Bacıları da, Bakıda yaşayır. Birinin adı Qərənfildir. Elvinin babası Xasayın Binəqədidə keçirilən yas mərasimində iştirak etmişdir.
7. Məhkəmə iclasında şahid ifadəsində X6 bildirmişdir ki, Ərizəçi onun dostudur. Elvinin babasını tanımamışdır. Lakin uşaq vaxtı atası ilə Elvinin babası Xasayın yası üçün Binəqədiyə getmişdir.
İş materialları:
8. İ-ЖГ seriyalı 324044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 avqust 1965-ci ildə Bakı şəhərində doğulmuş, atası qrafasında X7, anası qrafasında X1 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında kitabında 10 oktyabr 1965-ci il tarixdə 933 № ilə qeyd edilmişdir.
9. AZ-T seriyalı 309711 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, atası qrafasında X2, anası qrafasında X4 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında kitabında 16 mart 1988-ci il tarixdə 846 № ilə qeyd edilmişdir.
10. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, X7 adlı şəxsin məzarı təsvir olunmuşdur, doğum tarixi XX.XX.1932-ci il, ölüm tarixi isə 30 mart 2001-ci il qeyd edilmişdir.
11. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 13 avqust 2025-ci il tarixli məktubunun surətindən görünür ki, etibarnamə əsasında təmsil etdiyi Ərizəçi 30 mart 2001-ci il tarixdə vəfat etmiş babası X3 ölümü haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi 12 avqust 2025-ci il tarixdə şöbəyə daxil olmuşdur. Məlumat verilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 195-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda, ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ərizədə göstərilən 1932-ci il təvəllüdlü X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 13 avqust 2025-ci il tarixinədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd olunan şəxsin ölümünün dövlət qeydiyyatının aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin seçilmiş qeydiyyat şöbəsinə təqdim edilməsi tələb olunur. Həmin tibbi şəhadətnamə təqdim edilmədiyi halda, ölüm faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququ mövcuddur qeyd edilmişdir.
12. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq verilmiş 28 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 27 oktyabr 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama zamanı noyabr 1932-ci il təvəllüdlü X3 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. X3 yalnız nikahı haqqında Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş akt qeydi aşkar edilmişdir ki, həmin akt qeydində onun doğum tarixinin 01 noyabr 1932-ci il, doğum yerinin Qubadlı rayonu, Mollu kəndi olduğu qeyd edilmişdir.
13. Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 20 oktyabr 2025ci il tarixli məktubdan görünür ki, 30 mart 2001-ci il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında X3 dəfni icra olunmuşdur.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, X7 01 noyabr 1932-ci ildə Qubadlı rayonu, Mollu kəndində anadan olmuşdur. X7 30 mart 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin nümayəndəsinin, vəkilinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Göründüyü kimi X3 30 mart 2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 noyabr 1932-ci ildə Qubadlı rayonu, Mollu kəndində anadan olmuş X3 30 mart 2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
22. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 01 noyabr 1932-ci ildə Qubadlı rayonu, Mollu kəndində anadan olmuş X3 30 mart 2001-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov