Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3231/2025 19.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 09 iyun 2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya təşkilatında bağlanmış MŞM/MT036/2025-00456 saylı barışıq sazişinin təsdiq olunmasını, Maraqlı şəxs 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 2025-ci ilin iyun ayından etibarən hər ayın 15-dən 30-dək hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin alınaraq ona verilməsi barədə qərar çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Yolağac kəndində yaşayan xx xxxxxx 1992-ci il təvəllüdlü Maraqlı şəxs ilə 14 avqust 2018-ci il tarixdə el adəti üzrə ailə həyatı qurmuşdur. Faktiki nikahdan 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4 adlı iki qız uşağı dünyaya gəlmişdir. Həyat yoldaşı Maraqlı şəxs ilə aralarında rəsmi nikah olmadığından, 26 iyun 2019-cu il təvəllüdlü X3 üçün 18 iyul 2019cu il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 239 №-li, 24 iyul 2021-ci il təvəllüdlü X4 üçün isə 02 iyun 2022-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 326 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Həyat yoldaşı Maraqlı şəxs ilə müəyyən müddət mehriban münasibətdə yaşasa da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmaq qərarına gəlmişdir. Belə ki, 19 may 2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatına uşaq, aliment, qızıl-zinət əşyaları və cehiz əmlaklarının bölgüsü barədə müraciət etmişdir. 09 iyun 2025-ci il tarixdə tam mediasiya sessiyası keçirilmiş və MŞM/MT036/2025-00456 saylı barışıq sazişi imzalanaraq Maraqlı şəxs ilə faktiki nikahdan olan 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 2025-ci ilin iyun ayından etibarən hər ayın 15-dən 30-dək hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment ödəməsi barədə razılıq əldə edilmişdir. Lakin, Maraqlı şəxs bu günə qədər imzalanmış barışıq sazişində göstərilmiş öhdəliyi yerinə yetirməmişdir. Buna görə də, Maraqlı şəxs ilə 09 iyun 2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT036/2025-00456 saylı barışıq sazişinin təsdiq olunması və Maraqlı şəxs 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ayın 15-dən 30-dək hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin alınaraq məcburi icraya verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə ərizəçinin şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT036/2025-00456 saylı 09 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar; 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2025ci ilin iyun ayından etibarən hər növbəti ayın 15-dən 30-dək hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin ödənməsinə razılaşır və Maraqlı şəxs alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. 2-ci tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin iyun ayından başlayaraq, gələn hər həftənin şənbə günü saat 18:00-da 26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X2 anaları Ərizəçi təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq anaları 1-ci tərəf Ərizəçi təhvil verir; cehiz əmlakları barədə tələbə tərəflər öz aralarında razıhğa gələcəkləri haqda qərar verdilər. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 09 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00456 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayından etibarən hər növbəti ayın 15-dən 30-dək hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin ödənməsinə razılaşır və Maraqlı şəxs alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 09 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00456 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “26 iyun 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayından etibarən hər növbəti ayın 15-dən 30-dək hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin ödənməsinə razılaşır və Maraqlı şəxs alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür.” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-3231/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3231/2025
19.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver