Məhkəmə qərarları › İş №2(050)-3467/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3467/2025

20.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3467/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cehiz və qızıl-zinət əşyalarının, olmadıqda dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun əri, Cavabdeh2 isə onun qaynanasıdır. Cavabdeh1 ilə 15 noyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, cavabdehin yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən onun valideynlərinə məxsus evə gəlin köçərkən cehiz əşyaları da aparmışdır. Birgə nikahlarından 11 dekabr 2013-cü il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Cavabdehlərlə bir müddət həmin ünvanda yaşadıqdan sonra, Hövsan qəsəbəsində başqa ünvana köçərək kirayədə yaşamışlar. Cavabdeh1 ilə xasiyyətləri uyğun gəlmədiyindən bir ildir ki, ayrı yaşayırlar. Hazırda uşağı ilə birlikdə Masallı rayon Ərkivan qəsəbəsində valideynlərinə məxsus evdə onlarla birlikdə yaşayır. Aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ona məxsus dəyəri 1000 manat olan divan kreslo dəsti, qiyməti 3000 manat olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd sifoner, 2 ədəd dolab, 1 ədəd termodan ibarət yataq mebeli dəsti olmaqla, ümumilikdə dəyəri 4000 manat olan cehiz əşyalarını sataraq pulunu ələ keçirmiş, Cavabdeh2 isə qiyməti 3200 manat olan 23 qramlıq 585 əyarlı qızıldan olan sep-bilərzik, qiyməti 1800 manat olan 12 qramlıq 750 əyarlı qızıldan olan sırğa-üzük dəsti, qiyməti 600 manat olan 4 qramlıq nişan üzüyü, qiyməti 400 manat olan 4 qramlıq qolbaq, qiyməti 250 manat olan 2.5 qramlıq şəbəkə üzük, qiyməti 250 manat olan tarakan üzük olmaqla, ümumi dəyəri 6500 manat olan qızılzinət əşyaları qalmışdır. Dəfələrlə cavabdehlərdən həmin əmlakları ona qaytarılmasını istəsə də, heç bir nəticəsi olmamışdır. Həmin qızıllar tarakan üzükdən başqa toy hədiyyəsi olaraq cavabdeh tərəfindən ona verilmiş, qiyməti 250 manat olan tarakan üzüyü isə ona “Mübarək” şadlıq sarayının müdriyyəti tərəfindən hədiyyə verilmişdir. Odur ki, dəyəri 4000 manat olan yataq və qonaq otağı mebel dəsti və yaxud onların dəyəri Cavabdeh1 alınıb ona verilməlidir. Ona məxsus dəyəri ümumilikdə 6500 manat olan qızıllar isə Cavabdeh2 alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, 2012-ci ildə cavabdehlərin evinə gəlin köçmüşdür. Bir müddət sonra təxminən 2013-cü ildə qaynatasının banka borcu olduğuna görə ondan qızılları istəmiş və o da qızılları məcbur qalıb borcunu verməsi üçün qaynatasına vermişdir. Qızılları satmaq onun ürəyincə olmamış, lakin qaynatası ona sonra həmin qızılların əvəzinə qızıl alacağına söz vermişdir. Qaynatası qızılları satıb banka olan borcunu ödəmişdir. Sonradan qaynatası ona sep və bilərzik almış, lakin sonradan həmin qızılları da satmışdır. Bundan başqa 2015-ci il tarixdə anası evinə qonaq gəlmiş, bir müddət qaldıqdan sonra evə qayıtdığı zaman ərinin ona məxsus mebelləri satdığını öyrənmişdir. Əri Cavabdeh1 həmin vaxt qaldıqları kirayə evdən çıxaraq başqa kirayə mənzilə köçmək məcburiyyətində qaldıqlarından cehiz əmlakları satdığını bildirmişdir. Cehiz əmlaklar satıldıqdan sonra Cavabdeh1 özünə avtomobil almış, bir müddət sürdükdən sonra satmış, pulları isə hara xərcləməsindən məlumatı olmamışdır. Sonda İddiaçı iddinın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin mövqeyi: Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh1 onun qardaşı, İddiaçı isə onların gəlini olmuşdur. Onların münasibətləri korlandığından ayrılmışlar. Sözügedən qızılları onlar özləri toy hədiyyəsi kimi iddiaçıya vermişlər. Mərhum atasının banka borcu olduğundan Ruhanənin öz razılığı ilə qızıllar ondan alınaraq satılmış və banka olan borc ödənilmişdir. Lakin, sonradan mərhum atası Ruhanəyə sep və qolbaq almışdır. Həmin sonradan alınan qızıllar sonradan Ruhanədən alınmamışdır. Həmin qızıllardan tarakan üzük toy vaxtı şadlıq sarayı tərəfindən hədiyyə edilmişdir. Həmin üzük isə bildiyi qədər qızıl olmamışdır. Formal olaraq qızıl üzük kimi hədiyyə edilmişdir. Bundan başqa onlar yaşadığı evi satıb başqa evə köçməli olduqlarından qardaşı Əli Sultaov arvadı Ruhənə ilə qarşılıqlı razılıqla sonuncuya məxsus mebelləri satmışlar. Qardaşı mebellərin pulu ilə özünə şəxsi avtomobil almış və ailəsinin ehtiyacları üçün istifadə etmişdir. Həmin puldan onlara hər hansı məbləğdə pul verilməmişdir. Sonradan qardaşı avtomobili sataraq pulu arvadı Ruhanə ilə ilə birlikdə xərcləmişlər. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, qızıllar Ruhanənin özündə olmuş və ondan qızılları satmaq üçün istəyərkən, öz razılığı ilə gətirib vermişdir. Mebelləri də Ruhanə və onun oğlu Əli razılaşaraq satmışlar. Mebellərin pulunu hara və necə xərcləməklərindən məlumatı yoxdur. Lakin, həmin vaxtdan sonra Əli özünə maşın almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, onun qızı Ruhanə əri Əli ilə kəndə gəlmişdir. İki gün sonra Əli Bakı şəhərinə qayıtmış, ondan bir həftə sonra da Ruhanə Bakıya qayıtmışdır. Ruhanə Bakı şəhərinə qayıtdıqdan sonra ona mebellərinin satıldığını aşkar etmişdir. Onlar ailənin dağılmaması üçün bu barədə hər hansı bir mübahisə etməmişlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qızıl-zinyət əşyalarının indiki orta bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair mütəxəssis Abdullazadə Yaşar tərəfindən verilmiş rəydən görünür ki, 23 qаmlıq 585 əyyаrlı sep və bilərzik-2800 mаnаt, 12 qrаmlıq 750 əyyаrlı 1 ədəd komplekt (üzük, 1 cüt sırğa) 1800 mаnаt, 4 qrаmlıq 585 əyаrlı 1 ədəd nişan üzüyü 600 mаnаt, 4 qrаmlıq 585 əyyаrlı 1 ədəd qolbaq 500 mаnаt, 2.5 qrаmlıq 585 əyyаrlı 1 ədəd şəbəkə üzük 300 mаnаt, 3 qrаmlıq 585 əyyаrlı 1 ədəd tarakan üzük 350 mаnаt, cəmi 6350 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı mеdiаsiyа sessiyasının keçirilməsi üçün 60 mаnаt, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunа görə 85 manat pul ödəmişdir. İddiaçı tərəfindən iş materialına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı ilə cavabdehin toy şənliyində çəkilmiş fotolarda qızıl-zinət əşyaları iddiaçının üzərindədir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı nikaha daxil olduqdan sonra özü ilə cavabdehin evinə cehiz əmlakları aparmış və toy mərasimi ilə əlaqədar ona iddia tələbində göstərilən qızıllar hədiyyə verilmişdir. Birgə nikahda olduğu müddət ərzində iddiaçı özü qızılları qaynatasının xahişi ilə vermiş, qaynatası sonradan həmin qızılların hamısını alıb ona qaytaracağına söz versə də, yalnız sep və bilərziyi alaraq ona vermiş, digər qızılları isə qaytarmamışdır. Cavabdehlər iddia tələbində qeyd edilən qızılların və mebellərin həqiqətən də olduğunu, qızılları iddiaçının özünün könüllü qaydada qaynatasına borcunu ödəməsi üçün verdiyini, cehiz əmlakları isə əri Cavabdeh1la birlikdə sataraq pulunu özlərinin xərclədiklərini bildirmişlər. İddiaçı cehiz əmlakların ondan xəbərsiz cavabdeh əri Cavabdeh1 tərəfindən satıldığını və həmin pula avtomobil alsa da, sonradan həmin avtomobili sataraq pulunu öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar olaraq birgə nikah dövründə ər-arvada hədiyyə verilmiş və ər-arvadın şəxsi əmlakının hüquqi rejimini tənzimləyən aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, tələb edilən qızıl-zinət və cehiz əmlaklarının məhz iddiaçının mülkiyyətində olması cavabdehlər tərəfindən etiraf edilmiş, qızıl-zinət əşyalarının borcun ödənilməsi məqsədi ilə mərhum qaynatası tərəfindən həqiqətən də satılmasını qəbul etsələr də, cehiz əmlaklarına münasibətdə isə iddia tələbini qəbul etməmişdilər. Məhkəmə hesab edir ki, iddiaçının qaynatasına verdiyi sep və bilərzikdən başqa digər qızılları qaynanası Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı özü də izahatında bildirmişdir ki, qaynatasına qeyd edilən qızılları verərkən sonuncu ona həmin qızılların əvəzinə qızılları alacağına söz vermiş, sonradan sep və bilərziyi alsa da, digər qızılları qaytarmamışdır. Cavabdehlər də qeyd edilən halı təsdiq etmişlər. İddiaçı sonradan ona alınmış sep və bilərziyin də qaynatası tərəfindən satıldığını bildirsə də, bununla bağlı təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da məhkəmə qızılların qiymətləndirilməsinə dair mütəxəssis rəyində göstərilmiş sep və bilərziyin qiyməti kimi hesablanmış 2800 manat pulu qızılların ümumi dəyərindən çıxılmaqla, digər qızılların dəyərinin Cavabdeh2 tutularaq iddiaçıya qaytarılması olması qənaətinə gəlir. Tələb edilən cehiz əmlaklarla bağlı qeyd edilməlidir ki, həmin hissədə iddiaçının tələbi haqlı olmamışdır. Belə ki, iddiaçı özü izahatında bildirmişdir ki, cehiz əmlaklarını əri Cavabdeh1 2015-ci il tarixdə satmış və özünə şəxsi avtomobil almış, bir müddət sonra həmin avtomobili sürdükdən sonra avtomobili sataraq həmin puldan ona verməmiş və öz ehtiyacları üçün xərcləmişdi. İddiaçı 2015-ci ildən etibarən 2025-ci il tarixədək Cavabdeh1la birlikdə yaşamışlar. İddiaçının keçən bu müddət ərzində qeyd edilən cehiz əmlakların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməməsi, həmçinin satılmış cehiz əmlakların puluna avtomobilin alınmasına susması onu göstərir ki, həmin əmlakların satılmasına dolayısı ilə onun razılığı olmuşdur. İddiaçı avtomobilin pulundan ona verilmədiyini, məhz ərinin öz ehtiyacları üçün xərclədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı izahatında cehiz əmlaklarının satılmasından əldə edilən pula ərinin avtomobil aldığını təsdiq etmişdir. Həmin avtomobildən ailənin ehtiyacları üçün istifadə edildiyini də etiraf etmiş, lakin sonradan avtomobilin satılaraq pulunun yalnız əri tərəfindən xərcləndiyini bildirmişdir. Bir növ iddiaçı həmin qızılların satılmasına razılıq verməklə həmin qızılların üzərində mülkiyyət hüququnun başqa şəxsə keçməsini arzulamış, satılmış cehiz əmlakların pullarının ona verilməsi ilə bağlı qarşı tərəfin üzərinə hər hansı öhdəlik qoymamışdır. Məhkəmə qeyd edir ki, tərəflərin arasında birgə yaşadıqları dövrdə qarşılıqlı razılıq əsasında özlərinə məxsus əmlakların satılaraq özü və yaxud ailənin birgə problemlərinin həll edilməsi üçün xərclənməsi və yaxud onun əvəzinə başqa əşyanın alınması halları birgə ailə həyatında tez-tez rast gəlinən hal olmaqla, sonradan ayrıldıqdan sonra şəxslərin öz qarşılıqlı razılıqları ilə satılmış əmlakların geri tələb edilməsinin hər hansı qanuni əsası yaranmır. Qeyd edilən hallar şəxslərin gələcəkdə hüquqlarından suiistifadə etməsinə və lüzumsuz məhkəmə mübahisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də iddiaçının Cavabdeh1 cehiz əmlaklarının tələb edilməsinə dair iddiası rədd edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələb edilən qızıl-zinət əşyalarına münasibətdə qismən təmin edilməli, həmin əşyaları olmaqdıqda dəyəri Cavabdeh2 alınaraq iddiaçıya verilməli, cehiz əmlaklarına münasibətdə isə iddia tələbi təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 55.50 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı verilməlidir.

Nəticə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 1 ədəd 12 qramlıq 750 əyyarlı komplekt (üzük, 1 cüt sırğa) dəyəri-1800 mаnаt, 1 ədəd 4 qramlıq 585 əyyarlı nişan üzüyü (brilyant qaşlı) -dəyəri 600 manat, 1 ədəd 4 qramlıq 585 əyyarlı 1 ədəd qolbaq- dəyəri 500 manat, 1 ədəd 2,5 qramlıq 585 əyyarlı şəbəkə üzük-dəyəri 300 manat, 1 ədəd 3 qramlıq 585 əyyarlı 1 ədəd tarakan üzükdəyəri 350 manat olmaqla, ümumlikdə 3550 manat dəyəri olan qızıl-zinət əşyaları Cavabdeh2 alınaraq İddiaçı verilsin, qeyd edilən qızıllar olmadıqda onların dəyəri tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 55.50 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar