Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-349/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı 01 sentyabr 1994-cü il təvəllüdlü X3 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qızı X5 vəfat etmiş və Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum qızının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Qızına aid ölüm haqqında şəhadətnamənin olmaması bir sıra sənədləşmə işlərinin aparılmasını mümkünsüz edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, qızının ölüm tarixi yadında deyil. Sonda Ərizəçi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı X1 arvadıdır. Onları birgə nikahlarından Ofelya, Allahşükür və Güldanə adlı övladları olmuş, onlardan Ofelya vəfat etmiş, Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hadisə çoxdan olduğu üçün ölüm tarixi yadında deyil. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi, həm də sinif yoldaşıdır. Mehparanənin Allahşükür, Ofelya və Güldanə adlı övladları olmuş, onlardan X5 vəfat etmiş, Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hadisə çoxdan olduğu üçün ölüm tarixi yadında deyil. Mərhumun dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, X5 01 sentyabr 1994-cü ildə doğulmuşdur. Onun atası X4, anası Ərizəçidır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 980 saylı arayışdan görünür ki, Ərizəçi özünün və yaxınlarının verdiyi məlumata əsasən qızı xx.xx.1994-cü il təvəllüdlü X5 2000-ci il tarixdə vəfat etmiş və Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-60/3-1754/2023 saylı arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X5 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət daxil olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X5 01 sentyabr 1994-cü ildə doğulmuş, sonradan vəfat etmiş və Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1994-cü ildə doğulmuş X3 ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-349/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-349/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver