Məhkəmə qərarları › İş №2(050)-3508/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3508/2024

19.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3508/2024 19.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı – Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Ərkivan bələdiyyəsi ərazisində yerləşən fərdi ev tikmək üçün ayrılmış 0.12 ha torpaq sahəsində payının 2/3 hissəsinə tanınması və həmin torpaq sahəsində inşa edilmiş 144 kv. metrdən ibarət iki mərtəbəli fərdi yaşayış evinə çəkilmiş xərclərin isə 2/3 hissəsinə onun payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində tələb etdiyi mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyən edici sənədləri məhkəməyə təqdim etməmişdir. Məhəmənin birinci hazırlıq iclasında qeyd edilən əmlaklara dair sənədləri təqdim etməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı məhkəmənin növbəti iclasında iştirak etməmiş və müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmənin iddia ərizəsinə baxması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəyə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. 149.2.3-cü maddəyə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə iddiaçının yol verdiyi nöqsanları, eləcə də qeyd edilən nöqsanların aradan qaldırılması üçün məhkəmə iclaslarının təxirə salındığını və iddiaçının məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasını, həmçinin onda olan bütün sübutları məhkəməyə təqdim etməsinin bildirilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanları məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar