Məhkəmə qərarları › İş №2(050)-3565/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3565/2024

01.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3565/2024 01.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 150 manat, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirmişlər. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadığları müddət ərzində xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017ci il təvəllüdlü X4 adlı 2(iki) nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldığları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o məcbur olub nikahın pozulması və aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalandı. Bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən sentyabr ayının 05-dən 25-dək iyun ayıdan başlayaraq cavabdeh bir uşağın yetkinlik yaşmaq çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qrumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, alimenti ödəməkdən yayındı. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həmdə münasib iş yoxdur. Eləcədə uşaq puluda verilmir. Vəziyyəti çox çətindir. İki nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamədən görsənir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı RİHB-nın Qəriblər kənd ərazi nümayəndəliyində 15 aprel 2015-ci il tarixdə bağlanmış nikah, 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Almasov (a) soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, xx.xx.2015-ci təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü ildə tarixli, MŞM/MT036/2024-00652 saylı Barışıq Sazişindən görünür ki, tərəflər tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların ananın himayəsində saxlanılması və aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1. tərəflərin birgə uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. 2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 150 (yüz əlli) manat sabit məbləğdə aliment müəyyən edilir. 3. xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 2-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin sentyabr ayının 05-dən 25-dək və gələn hər növbəti ayın da 05-dən 25-dək olan müddət ərzində 300 (üç yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin sentyabr ayının 5-dən 25-dək başalayaraq müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 19 avqust 2024-cü il tarixli, MŞM/MT036/2024-00652 saylı barışıq sazişi təsdiq edilsin. 25 sentyabr 2024-cü ildən başlayaraq Maraqlı şəxs 09 iyun 2015-ci il təvəllüdlü X1 və 30 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar