Məhkəmə qərarları › İş №2(050)-3666/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3666/2023

18.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3666/2023 18.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02144 saylı barışıq sazişinin təsdiq edilməsi, əmək və məşğulluq altsistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi vəzifəsinin X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2023-cü il tarixdə Masallı şəhərində onunla "xxxx" MMC-nin (VÖEN:**********) təsisçisi X2 arasında mediator X1 apardığı mediasiya prossesində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsi və əmək müqaviləsinə xitam verilməsi xahiş olunur. 2015-ci ildən 2016-cı ilə kimi "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin fəaliyyəti dayandırılması ilə bağlı işdən azad olunması barədə ərizə vermişdir. Müəssisə 2021-ci ildə ləğv edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilmədiyi üçün alt sistemdə məşğul olduğu göstərilir ki, bu da ona müəyyən problemlər yaradır. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, ərizə əlavə edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci ildə ləğv edilmiş və hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02144 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf ləğv olunmuş "xxxx" MMC-nin təsisçisi X2 bu sazişi imzaladıqdan sonra Ərizəçi ilə xx.xx.2015-ci il bağlamış olduqları əmək müqaviləsinə xitam verilməsinə razılıq verdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, "xxxx" MMC xx.xx.2021-ci ildə ləğv edilmiş və hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. X2 ləğv edilmiş (olmayan) hüquqi şəxsi təmsil edərək, göstərilmiş barışıq sazişini bağlamaq səlahiyyəti yoxdur. Bundan başqa, ərizəçi barışıq sazişi ilə sazişin tərəfi olmayan digər şəxsin (X3 Xidmətinin) üzərinə vəzifə qoyulmasını tələb edir. Məhkəmə ərizəçiyə izah edir ki, o, “onunla bağlnmış əmək müqaviləsinə xx.xx.2015ci il tarixdən xitam verilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02144 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə ərizəçiyə izah edir ki, o, “onunla bağlnmış əmək müqaviləsinə xx.xx.2015ci il tarixdən xitam verilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar