Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3683/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı X2 16 sentyabr 1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qızı X4 13 iyul 1980-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur. Qızı 16 sentyabr 1980-ci ildə vəfat etmiş və Masallı rayonu Qızılağac kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin qızının vəfatı ilə bağlı Qeydiyyat şöbəsində və xəstəxanada hər hansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən hazırda onun ölüm haqqında akt qeydi mövcud deyildir. Qızının vəfat etməsini təsdiq edən şahidlər mövcuddur. Həmçinin, Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd ərazi üzrə nümayəndəliyindən qızının uzun illər əvvəl dəfn olunması və qəbirdaşının fiziki eroziya nəticəsində yararsız vəziyyətə düşməsi səbəbindən onun həmin qəbiristanlıqda dəfn olunmasını təsdiq edən arayış almaq mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri və vərəsəlik prosedurlarının aparılması üçün zəruridir, lakin qızının vəfatı ilə bağlı qeydiyyat şöbəsində ölüm aktı qeydə alınmadığından, icra orqanına edilən müraciət zamanı ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən o, ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 13 iyul 1980-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X2 16 sentyabr 1980-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı arvadıdır. Ərizəçi bir övladı xəstə olduğu üçün vəfat etmiş, lakin hazırda dörd övladı vardır. Ölən övladı Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdir.
6. Məhkəmə baxışı iclasında iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi hazırda dörd övladı vardır, ən böyük övladı rəhmətə getmişdir. Ölən övladı Qızılağac kənd qəbiristanlığında dəfn edilmişdir.
İş materialları:
7. Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X4 13 iyul 1980-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur. Atası qrafasında X1, anası qrafasında Ərizəçi qeyd edilmişdir.
8. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 22 avqust 2025-ci il tarixli 18-1-60/2-S-693-42-765/2025 saylı arayışından görünür ki, X2 ölməi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər hansı bir məlumat aşka olunmadı.
9. Masallı RİHB-nın Qızılağac kənd İƏD üzrə nümayəndəliyinin 14 iyul 2025-ci il tarixli 318 nömrəli arayışından görünür ki, Ərizəçi Masallı rayonu, Qızılağac kəndində qeydiyyatdadır və yaşayır.
10. Masallı RİHB-nın Qızılağac kənd İƏD üzrə nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli 636 nömrəli arayışından görünür ki, Ərizəçi 13 iyul 1980-ci ildə anadan olmuş qızı X4 iki ay yaşadıqdan sonra vəfat edərək Qızılağac kənd qəbristanlığında dəfn edilmişdir.
11. Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 14 iyul 2025ci il tarixdə vətəndaş Ərizəçi vəfat etmiş övladının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ərizəçiyə izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, qonşularının və digər şəxslərin məlumatı əsasında aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Lakin Ərizəçi məlumat vermişdir ki, 16 sentyabr 1980-ci il tarixdə vəfat etmiş övladı X2 ölümünün qeydə alınması üçün tələb olunan sübutedici sənədləri şöbəyə təqdim etmək imkanında deyildir. Belə olan halda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu səbəbdən Ərizəçi vəfat etmiş övladı X2 ölümünün qeydə alınmasından imtina edilərək və ona bu barədə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən olundu ki, X4 13 iyul 1980-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur. X4 16 sentyabr 1980-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində vəfat etmiş və Masallı rayonu, Qızılağac kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, Ərizəçi ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
17. Göründüyü kimi X2 16 sentyabr 1980-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
18. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 13 iyul 1980-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X2 16 sentyabr 1980-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
20. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 13 iyul 1980-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X2 16 sentyabr 1980-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov