Məhkəmə qərarları › İş №2(050)-3845/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3845/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3845/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək X2 15 oktyabr 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu - 25 dekabr 1980-ci il təvəllüdlü Rəşad Cabbarov 15 oktyabr 2004-cü il tarixdə vəfat etmiş və Masallı şəhər Digah qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar və qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmişdir və bu səbəbdən ölümün qeydiyyatı aparılmamışdır. X10 15 oktyabr 2004-cü il tarixdə vəfat etməsinə baxmayaraq, meyit müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamış və nəticədə onun ölüm faktının qeydi başqa yolla mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin fakt məhkəmə tərəfindən müəyyən edilə bilər. Mərhum oğlunun adı torpaq sahəsinə dair sənəddə paylı mülkiyyətçi kimi göstərildiyindən, onunla bağlı vərəsəlik işinin həlli üçün ölüm faktının müəyyən edilməsi zəruridir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 25 dekabr 1980-cı ildə Masallı şəhərində anadan olmuş X2 15 oktyabr 2004-cü il tarixdə Masallı şəhərində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Evdə 2 qardaş və 2 bacı olmuşlar, lakin qardaşı 15 oktyabr 2004-cü ildə rəhmətə getmişdir. Qardaşını maşın vurmuşdur, lakin buna görə heç kim məsuliyyətə cəlb olunmamışdır. Qardaşı Digah kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə bir kəndə qonşuluqda yaşayırlar. Ərizəçi dörd uşağı olub, onlardan biri rəhmətə getmişdir. Lakin həmin uşağın adını bilmir. Rəhmətə gedən zaman o, ölkədə olmamış, Rusiya Federasiyasında olmuşdur.

7. Masallı RİHB-nin Masallı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilən 08 oktyabr 2025-ci il tarixli, 1823 saylı arayışdan görünür ki, 25 dekabr 1980-cı il təvəllüdlü X5 15 oktyabr 2004-cü il tarixdə vəfat etmiş və Masallı şəhər Digah qəbrstanlığında dəfn edilmişdir.

8. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 07 oktyabr 2025-ci il tarixli 18-1-60/2-C-860-31-951/2025 saylı arayışından görünür ki, X2 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

9. Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində vətəndaş Ərizəçi 15 oktyabr 2004-cü ildə vəfat etmiş övladı - X2 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ərizəçi izah olunmuşdur ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Nazirlik tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikası ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın daxil olduğu iş günü ərzində dövlət qeydiyyatına alır. Bundan əlavə, Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda, ölümün dövlət qeydiyyatı həmin ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ərizədə göstərilmiş 15 oktyabr 2004-cü ildə vəfat etmiş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 03 oktyabr 2025-ci il tarixinədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda ərizəçi məlumat vermişdir ki, ölümün dövlət qeydiyyatının aparılması üçün tələb olunan ölüm haqqında tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmir. Bu səbəbdən, Ərizəçi 15 oktyabr 2004-cü ildə vəfat etmiş övladı - X2 ölümünün qeydə alınmasından imtina edilir və ərizəçiyə izah olunur ki, bu barədə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.

10. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, X1 adlı şəxsin məzarı təsvir olunmuşdur, doğum tarixi xx.xx.1980-cı il, ölüm tarixi isə xx.xx.2004-cü il qeyd edilmişdir.

11. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2025-ci ildə verilmiş doğum haqqında arayışdan görünür ki, X5 25 dekabr 1980-cı ildə Masallı şəhərində doğulmuş, atası qrafasında Ərizəçi, anası qrafasında X6 qeyd edilmişdir. Bu barədə 09 yanvar 1981-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsində 07 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir.

12. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 18 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 18 dekabr 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və yoxlama zamanı 25 dekabr 1980cı ildə Masallı şəhərində doğulmuş X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, X5 25 dekabr 1980-cı ildə Masallı şəhərində anadan olmuşdur. X5 15 oktyabr 2004-cü il tarixdə Masallı şəhərində vəfat etmiş və Masallı rayonu, Digah kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Göründüyü kimi X2 15 oktyabr 2004-cü il tarixdə Masallı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

19. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25 dekabr 1980-cı ildə Masallı şəhərində anadan olmuş X2 15 oktyabr 2004-cü il tarixdə Masallı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

21. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 25 dekabr 1980-cı ildə Masallı şəhərində anadan olmuş X2 15 oktyabr 2004-cü il tarixdə Masallı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar