Məhkəmə qərarları › İş №2(050)-3908/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3908/2025

21.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3908/2025 21.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs kimi Cavabdeh kimi qeyd edilən) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT068/2025-00006 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 31 avqust 2013-cü il təvəllüdlü X3 və 22 iyun 2018-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞM/MT068/2025-00006 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Cavabdeh uşaqların saxlanılması üçün hər ay 500 manat aliment ödəməlidir. Alimentin hesablanması 2025-ci ilin oktyabr ayının 30-dək və gələn hər növbəti ayın 20dən 30-dək icra etməli idi. Lakin, Cavabdeh barışıq sazişi bağlandıqdan bu günə kimi ona aliment ödəməmiş, barışıq sazişinin şərtlərini pozmuşdur. Odur ki, Cavabdeh ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞM/MT068/2025-00006 saylı barışıq sazişinin təsdiq edilməsi, 31 avqust 2013-cü il təvəllüdlü X3 və 22 iyun 2018-ci il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat məbləğində alimetin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. xx.xx.2025-ci il tarixli, MŞM/MT068/2025-00006 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Cavabdeh bu saziş imzalandıqdan sonra 31 avqust 2013-cü il təvəllüdlü X3 və 22 iyun 2018-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat aliment pulunun İddiaçı ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin oktyabr ayının 30-dək və gələn hər növbəti ayın 20-dən 30-dək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Ərizəçi barışıq sazişinin aliment tələbi ilə bağlı bəndlərinin icra edilməməsi ilə bağlı şikayət etdiyindən tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin alimentlə bağlı bəndi məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT068/2025- 00006 saylı barışıq sazişinin aşağıda göstərilən bəndi - hissəsi məcburi icra üçün təsdiq edilsin: - Cavabdeh bu saziş imzalandıqdan sonra birgə nikahdan anadan olmuş 31 avqust 2013-cü il təvəllüdlü X3 və 22 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat manat məbləğində alimenti 2025-ci ilin oktyabr ayının 30-dək və gələn hər növbəti ayın 20-dən 30-dək İddiaçı ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar