Məhkəmə qərarları › İş №2(050)-3957/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3957/2024

06.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3957/2024 06.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Kərimli Famil Ələsgər oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Maraqlı şəxs ilə ümumi övladları olan 08 iyul 2018-ci təvəllüdlü X4, 15 sentyabr 2019-cu il təvəllüdlü X3 və 16 noyabr 2023-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 70 manat, cəmi 210 manat məbləğində alimentin tutulması barədə 19 iyun 2024-cü il tarixdə mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə faktiki ailə qurmuş, lakin nikahlarını 19 iyun 2018-ci ildə Masallı regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsində 326 saylı qeyd ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 08 iyul 2018-ci təvəllüdlü X4, 15 sentyabr 2019-cu il təvəllüdlü X3 və 16 noyabr 2023-cü il təvəllüdlü X5 adlı üç övladları doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Teymur uşaga baxmadığından və uşağın xərclərini qarşılamadığından aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Teymur ilə 19 iyun 2024-cü ildə mediasiya prosesində MŞM/MTO36/2023-00509 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razilaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşağın saxlanması üçün hər ay bir uşağa görə 70 manat, üç uşağa görə cəmi 210 manat alimenti ona özü ödəyəcəkdir. Alimenti 2024-cü ilin iyul ayının 01 tarixindən ödəməsini öhdəlik götürmüşdür. Lakin Teymur sazişi imzaladıqdan sonra 210 manatı ona ödəmir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 19 iyun 2024-cü il tarixli, MŞM/MT036/2023-00509 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən 08 iyul 2018-ci təvəllüdlü X4, 15 sentyabr 2019-cu il təvəllüdlü X3 və 16 noyabr 2023-cü il təvəllüdlü X5 anaları Ərizəçi yanında saxlanılır; tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla üç uşağa cəmi 210 (iki yüz on) manat məbləğində aliment ödənilməsini müəyyən edirlər; birinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayından başlayaraq gələn hər növbəti ayda 210 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə ikinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 19 iyun 2024-cü il tarixli, MŞM/MT036/2023-00509 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılaşdılar ki, tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla üç uşağa cəmi 210 (iki yüz on) manat məbləğində aliment ödənilməsini müəyyən edirlər; birinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayının 1-dən başlayaraq gələn hər növbəti ayda 210 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə ikinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 19 iyun 2024-cü il tarixli, MŞM/MT036/2023-00509 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılaşdılar ki, tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla üç uşağa cəmi 210 (iki yüz on) manat məbləğində aliment ödənilməsini müəyyən edirlər; birinci tərəf Maraqlı şəxs 2024-cü ilin iyul ayının 01-dən başlayaraq gələn hər növbəti ayda 210 (iki yüz on) manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə ikinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar