Məhkəmə qərarları › İş №2(050)-4047/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4047/2025

28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4047/2025 28.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş tikiliyə sərf olunan vəsaitin və bank kreditinin bölünməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə 17 avqust 2024-cü ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, “Araz” marketin arxası və 2 saylı uşaq bağçası ilə üzbəüz yerləşən ünvanda 3 sot torpağın içində tikilmiş 2 ədəd fərdi evin qiymətinin – yəni 45000 manatın bərabər bölünməsi, birgə nikah dövründə 7500 manat kredit pula görə banka ödədiyi 5544 manatın 1/2 hissəsi, yəni 2772 manatın cavabdehdən alınıb ona ödənilməsi və sonrakı müddət ərzində ödəməli olduğu 3960 manatın 1/2 hissəsi, yəni 1980 manatın cavabdeh tərəfindən banka ödənilməsi, ödənilmiş 120 manat mediasiya xərcinin və 50 manat məhkəmə rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi ərizədə cavabdehin soyadı, adı, atasının adı qeyd olunsa da, onun eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. Eyni zamanda cavabdehin ərizədə göstərilən ünvanda qeydiyyatda olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdehin eyniləşdirmə məlumatları olmadığı halda onun barədə digər məlumatları əldə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı birgə nikah dövründə tikilmiş tikiliyə sərf olunan vəsaitin və bank kreditinin bölünməsi xahiş etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən bütün sübutları ərizəyə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə evin foto şəkili əlavə edilsə də, evin tikintisinə sərf olunmuş vəsaitlə bağlı müvafiq qiymətləndirmə rəyini, kredit müqaviləsini və 5544 manatın ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Bundan əlavə iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş hazırki iddia qiymətləndirilən iddia ərizəsidir və iddia ərizəsinin verilməsi üçün 171,76 manat dövlət rüsumu ödənilməli idi. Ancaq ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün mediasiya xərcindən əlavə 50 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:06). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş tikiliyə sərf olunan vəsaitin və bank kreditinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:06) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar