Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-41/2024 15.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 350 manat dəyərində 1 ədəd 4 qram çəkidə gül formalı üzük, 830 manat dəyərində 9.5 qram çəkidə iri damla formalı rəngli pandora üzük və onun dəsti olan damla formalı sırğa, 280 manat dəyərində 3.2 qram çəkidə pandora qolbaq, 3480 manat dəyərində 40 qram çəkidə sep və qolbaq, 530 manat dəyərində 6 qram çəkidə beşbarmaq ortasında qırmızı qaş klondan ibarət qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda isə əmlakların dəyəri olan 5470 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1050 manat dəyərində 1 ədəd 0.19 qram brilliant qaşlı 3.78 qram çəkidə 585 əyyar gül formalı üzük, 830 manat dəyərində 9.5 qram çəkidə iri damla formalı rəngli pandora üzük və onun dəsti olan damla formalı sırğa, 280 manat dəyərində 3.2 qram çəkidə pandora qolbaq, 3480 manat dəyərində 40 qram çəkidə sep və qolbaq, 530 manat dəyərində 6 qram çəkidə beşbarmaq ortasında qırmızı qaş klondan ibarət qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda isə əmlakların dəyəri olan 6170 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin nəticə hissəsinin elan edilməsi 15 yanvar 2024-cü il, saat 16:00-a təxirə salınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 09 yanvar 2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bir həftə sonra isə xasiyyətlərinin kəskin dərəcədə pozulması səbəbi ilə ayrılmaq qərarına gəlmişdilər. Daha sonra aralarında barışıq əldə edilsə də, yenə bir müddət sonra ayrılmışdılar. Sonradan nikahlarının pozulması qərarına gəlmişdilər və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə sonuncu dəfə mübahisə edərək evdən çıxarkən bir çox əmlakı cavabdehin evində qalmışdır. Cavabdehdən dəfələrlə ona məxsus əmlakların qaytarılmasını tələb etsə də, əmlakları ona qaytarılmamışdır. İlkin iddia ərizəsində tələb edilən gül formalı üzüyün çəkisi 4 qram, qiyməti isə 350 manat qeyd edilmişdir. Lakin iddia ərizəsi verilərkən həmin üzüyün qaşlarının brilliant olması nəzərindən çıxdığından qeyd edilməmişdir. Belə ki, üzük alınarkən onun fütlyarı ilə birlikdə qiymət və digər xarakterstikasını göstərilən nişan qabın içərisində qalmışdır. Evdə əşyalarını axtararkən bunu müəyyən etmişdir. Bu səbəbdən sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 və Ailə Məcəlləsinin 2.1, 28.2, 32.1, 32.2.2 və 34.1-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2021-ci ilin avqust ayının 6-sı qız toyu, həmin ilin oktyabr ayının 16-da oğlan toyu olmuşdur. Tələb edilən qızıl-zinət əşyaları ona toyda hədiyyə olunmuşdur. 3 gün Masallı şəhərində, 3 gün isə Bakı şəhərində yaşamışdılar. Sonradan aralarında söz-söhbət olmuş və ayrılmışdılar. Qızılları isə ona verilməmişdir. Bununla bağlı Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə də müraciət etmişdir. Sonradan barışmışlar, rəsmi nikahları olmuşdur və təxminən 8-10 ay bir yerdə yaşamışdılar. Keçmiş həyat yoldaşı Cavabdeh1 ilə telefon vasitəsi ilə yazışarkən ona qızıllarının satılması, əvəzinə ondan da yaxşısını alacağını bildirmişdir. Cavabdeh1 telefonunda qeydə alınmış səs yazısı ona məxsusdur. Ailənin bütövlüyü üçün əsas qızılzinət əşyasının önəmli olmadığını bildirmişdir. Qızıl-zinət əşyalarından imtina etməmişdir. Ailənin qorunması üçün deməli deyildir ki, əgər həqiqətən də satılıbdırsa, ondan icazəsiz satılmış qızıl-zinət əşyaları alınsın ondan sonra barışıb ailə kimi yenidən birgə yaşasınlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-164/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehin qızıl-zinət əşyalarının çəkisi və qiymətləri barədə məhkəməyə təqdim etdiyi sənəd həqiqəti əks etdirmir. Bundan başqa, hətta həmin əşyalar qəbzdə göstərilmiş qiymətlərə satılsaydı belə, bu o, demək deyil ki, həmin əşyaların dəyəri odur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, tələb edilən qızıl-zinət əşyalarının hamsı İddiaçı hədiyyə olunmuşdur. 3 gün Masallı şəhərində, 3 gün isə Bakı şəhərində yaşamışdılar. Sonradan aralarında söz-söhbət olmuş və ayrılmışdılar. Sonradan barışmışlar və rəsmi nikahları olmuşdur. İddiaçı ilə telefon vasitəsi ilə yazışarkən ona qızıllarının satılmasını, əvəzinə ondan da yaxşısını alacağını bildirmişdir. İddiaçı ona qızılzinət əşyalarının önəmli olmamasını, onu sevdiyi üçün barışmasını bildirmişdir. Bu qızılzinət əşyalarından imtina üçün əsasdır. İddiaçının telefon vasitəsi ilə səsini sonradan qeydə almışdır. Tələb edilən qızıl-zinət əşyalarını anası Cavabdeh2 vermiş, sonradan isə pul lazım olduğu üçün onları iddiaçının razılığı olmadan satmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli qəbz məhkəməyə təqdim edilmişdir. Qızıl-zinət əşyalarından klonu isə bacısı oğluna hədiyyə etmişdir. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, tələb edilən qızıl-zinət əşyalarının hamsı keçmiş gəlini İddiaçı hədiyyə olunmuşdur. Gəlini və oğlu ayrıldıqdan sonra qızılzinət əşyaları onda olmuşdur. Sonradan isə pul lazım olduğu üçün qızıl-zinət əşyaları satılmışdır. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iddiaçının və cavabdehlərin izahatlarnı dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X1 arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 09 yanvar 2022-ci il tarixdə bağlanmış nikah, 135 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Bədirov (a) soyadı verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-164/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 09 yanvar 2022-ci il tarixdə bağlanmış, 135 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Cavabdeh1 tərəfindən imzalanmış 07 iyul 2023-cü il tarixli ərizədə göstərilir ki, “İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının hamsı alınmışdır və sonradan mənim tərəfimdən satılmışdır.” 28 may 2023-cü il tarixli qəbzdə göstərilir ki, Cavabdeh1 37.7 qram çəkidə olan sünbül dəstini 2115 manata, 7.67 qram çəkidə olan komplekti 498 manata, 2.25 qram çəkidə olan qolbağı 146 manata, 3.69 qram çəkidə olan nişan üzüyünü 240 manata, cəmi 2999 manata satmışdır. Malı qəbul edən şəxsin adı, soyadı və imzası qeyd edilən qrafada yalnız imza var. 14 avqust 2023-cü il tarixli, 02-15/20 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı, 25 qram çəkidə olan boyunbağı (sünbül) - 2300 manat, 1 ədəd 583 əyyarlı, 14 qram çəkidə olan qolbaq (sünbül) - 1290 manat, 1 ədəd 585 əyyarlı, 4 qram çəkidə olan qolbaq - 370 manat, 1 ədəd 585 əyyarlı, 8 qram çəkidə olan komplekt - 735 manat, 1 ədəd 583 əyyarlı, 3 qram çəkidə olan klon - 275 manat, 1 ədəd 585 əyyarlı, 0.20 sot, 3.80 qram çəkidə olan üzük (nişan) - 600 manat, cəmi 5570 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 9/6980 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı, 25 qram çəkidə olan boyunbağı (sünbül) - 2125 manat, 1 ədəd 583 əyyarlı, 14 qram çəkidə olan qolbaq (sünbül) - 1190 manat, 1 ədəd 585 əyyarlı, 4 qram çəkidə olan qolbaq - 340 manat, 1 ədəd 585 əyyarlı, 8 qram çəkidə olan komplekt - 680 manat, 1 ədəd 583 əyyarlı, 3 qram çəkidə olan kulon - 255 manat, 1 ədəd 585 əyyarlı, 0.20 sot, 3.80 qram çəkidə olan üzük (nişan) - 323 manat, cəmi 4913 manat dəyərində qiymətləndirilmişdir. Rəydə qızılın 1 qramının qiyməti 85 mantdan hesablanmış, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış 07 iyul 2023-cü il tarixli ərizədə göstərilir ki, “İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının hamsı alınmışdır və sonradan mənim tərəfimdən satılmışdır.” Həmin mövqe iş üzrə digər cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı ilə də təsdiq edilmişdir. Tərəflər arasında tələb edilən qızıl-zinət əşyalarının alınması, həmin əşyaların iddiaçıya gəlin olaraq toyda hədiyyə edilməsi mübahisə predmeti deyil, işin bu halı mübahisəsizdir, tərəflər təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Tərəflər arasında mübahisə - cavabdehin (keçmiş ərin) mövqeyinə görə iddiaçının ona qızıl-zinət əşyalarının önəmli olmamasını, onu sevdiyi üçün barışmasını bildirməsi, bunun isə qızıl-zinət əşyalarından imtina üçün əsas olması, qızıl-zinət əşyalarının çəkisi və dəyəri; iddiaçının mövqeyinə görə isə ailənin bütövlüyü üçün əsas qızıl-zinət əşyalarının önəmli olmadığını bildirməsi, qızıl-zinət əşyalarından imtina etməməsi, ailənin qorunması üçün elə bir mövqe sərgiləməsi ilə bağlıdır. Həmin məsələlər ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iclasında keçmiş ər-arvadın yazışmaları və qeydə alınmış səs yazıları tədqiq edilmişdir. Tərəflər həmin yazıların və səslərin onlara məxsus olmalarını bildirmişdilər. Həmin yazışmalarda iddiaçı qızı-zinət əşyalarını tələb edərkən keçmiş ər arvadına qızıl-zinət əşyalarına münasibətdə hamsından gözəlini alacağını, arvad ərə qızılzinət əşyalarının satılmadığını, ər isə bunu bilmədiyini bildirmişdir. Qeydə alınmış səs yazısında isə arvad ərə mənə sən lazımsan, heç vaxt sənədən heç nə ummamışam, sənlə birgə yaşamaq istəyirəm, ər isə arvada bilirsən də sən mənim quru canıma gəlirsən demişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, mülkiyyətçi (keçmiş gəlin) öz əmlakından (ona hədiyyə olunmuş qızıl-zinət əşyalarından) iradəsinə zidd şəkildə məhrum olunmuşdur. Tərəflər arasında mübahisələr olmuş, onlar ayrılmışlar, sonradan yenidən barışıbayrılmışdılar. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onlar arasında nikah pozulmuşdur. Aydın məsələdir ki, reallıq bundan ibarətdir ki, nikah pozularkən əksər hallarda xanımlar bundan daha çox əziyyət çəkirlər (onların yenidən ailə qurmaları, uşaqlar onlarla qalacağı təqdirdə onların qayğısının daha çox onların üzərinə düşməsi, cəmiyyətin qınağı və sair digər problemlər). Həmin məsələlərə görə arvad əksər hallarda ailənin dağılmaması üçün ya qarşılaşdığı problemlərə dözmək məcburiyyətində qalır, ya da ki, son variant kimi ailənin dağılması ilə razılaşır. Hazırki iş üzrə də iddiaçının cavabdehə - mənə sən lazımsan, heç vaxt sənədən heç nə ummamışam, sənlə birgə yaşamaq istəyirəm deməsi onun iradəsinə uyğun olaraq əmlakından imtina etməsi kimi qiymətləndirilə bilməz. Tərəflər arasında olan telefon yazışmalarından da iddiaçının qızıl-zinət əşyalarını tələb etməsi məlum olur. Bundan başqa, ailənin qorunması baxımından arvad deyəsi deyildi ki, əgər həqiqətən qızıl-zinət əşyaları satılıbdırsa, ondan icazəsiz satılmış əşyaları alınsın, ondan sonra barışıb ailə kimi yenidən birgə yaşasınlar. Cavabdeh tərəfindən məhkəməyə qızıl-zinət əşyalarının satılması ilə bağlı təqdim edilmiş 28 may 2023-cü il tarixli qəbzdə göstərilənlərə münasibətdə məhkəmə bildirir ki, həmin sənəd alğı-satqı qəbzi adlandırılsada, həmin qəbz qanunvericiliyin tələbinə cavab verən ciddi hesabat blankı deyil, hətta ciddi hesabat blankı olmuş olsaydı belə, bu hələ birmənalı şəkildə o demək olmazdı ki, tələb edilən qızıl-zinət əşyalarının çəkisi və qiyməti həmin ciddi hesabat blankında göstərilmiş çəkidə və dəyərdədir. Qızıl-zinət əşyalarının çəkisi və dəyəri barədə tərəflər arasında mübahisə olduğundan həmin məsələ ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 9/6980 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı, 25 qram çəkidə olan boyunbağı (sünbül) - 2125 manat, 1 ədəd 583 əyyarlı, 14 qram çəkidə olan qolbaq (sünbül) - 1190 manat, 1 ədəd 585 əyyarlı, 4 qram çəkidə olan qolbaq - 340 manat, 1 ədəd 585 əyyarlı, 8 qram çəkidə olan komplekt - 680 manat, 1 ədəd 583 əyyarlı, 3 qram çəkidə olan kulon - 255 manat, 1 ədəd 585 əyyarlı, 0.20 sot, 3.80 qram çəkidə olan üzük (nişan) - 323 manat, cəmi 4913 manat dəyərində qiymətləndirilmişdir. Rəydə qızılın 1 qramının qiyməti 85 mantdan hesablanmışdır. İddiaçı məhkəməyə tələb etdiyi onun mövqeyinə görə - 1050 manat dəyərində 1 ədəd 0.19 qram brilliant qaşlı 3.78 qram çəkidə 585 əyyar gül formalı üzüyə aid olan şəkil təqdim etsədə, həmin göstəricilərin məhz tələb etdiyi əşyaya aid olması onun tərəfindən sübuta yetirilməmişdir. Halbuki, sübut etmə vəzifəsi baxımından işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının bəzilərinin çəkisi (iddia ərizəsində) ekspert rəyində tələb edilən çəkidən az göstərilmişdir. Məsələn, 1 ədəd 585 əyyar gül formalı üzüyün çəkisi iddia ərizəsində 3.78 qram, ekspert rəyində isə 3.80 qram, qolbağın (pandora) çəkisi iddia ərizəsində 3.2 qram, rəydə isə 4 qram göstərilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbi baxımından həmin əşyaların çəkisi iddiaçının tələbində olduğu kimi, dəyərləri isə ekspert rəyinə uyğun (qızılın 1 qramının qiyməti 85 manat) qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 113.2 və 119.1-ci maddələrinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı mübahisə ilə bağlı mediasiya prosesindən keçmiş və bununla bağlı 55 manat mediasiya xərci ödəmişdir. İddianın qiyməti - 6170 manatdır, həmin tələbə görə 81.7 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı 20 manat dövlət rüsumu ödəmiş, mediasiya xərci və ödənilmiş dövlət rüsumu nəzərə alındıqda iddiaçı əlavə olaraq 6.7 manat dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna və mediasiya xərcinə görə ödənilmiş pul vəsaitinin 68.44 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 321.3 manat dəyərində brilliant qaşlı 3.78 qram çəkidə 585 əyyar gül formalı üzük, 680 manat dəyərində 8 qram çəkidə 585 əyyar iri damla formalı rəngli pandora üzük və onun dəsti olan damla formalı sırğa, 272 manat dəyərində 3.2 qram çəkidə 585 əyyar pandora qolbaq, 2125 manat dəyərində 25 qram çəkidə 585 əyyar sep, 1190 manat dəyərində 14 qram çəkidə 585 əyyar qolbaq, 255 manat dəyərində 3 qram 585 əyyar çəkidə beşbarmaq ortasında qırmızı qaş klondan ibarət qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyərləri Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsir məbləği 6.7 manat pul İddiaçı tutularaq Masallı Rayon Məhkəməsinin hesabına ödənilsin. Mediasiya xərci ilə bağlı ödənilmiş 55 manat, dövlət rüsumuna görə 13.44 manat və mütəxəssis rəyi üçün ödənilmiş 50 manat pul Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ceyhun Quliyev