Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4154/2024 11.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 atasının Ərizəçi olduğunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi qeyri-rəsmi nikaha daxil olaraq cavabdeh Maraqlı şəxs ilə ailə qurmuşdur. Faktiki nikahdan bir övladları - xx.xx.2017-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Nikahları rəsmi olmadığı üçün uşağa atanın soyadı verilməmişdir. Bu səbəbdən də uşağın atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Mediasiya prosesi nəticəsində aralarında barışıq sazişi imzalanmış və oğlu Raulun atası olmağı müəyyən edilmişdir. Hazırda oğlunun doğum haqqında sənədlərinin düzəldilməsi üçün həmin barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Hazırki ərizə üzrə ərizəçinin tələbindən müəyyən olunur ki, ərizəçi uşağın atalığının müəyyən edilməsi məqsədilə maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən tələblə bağlı məhkəmə qeyd edir ki, uşağın atalığının müəyyən edilməsi üçün tərəflər, yəni uşağın atası və anası müvafiq icra hakimiyyəti orqanına birgə ərizə verə və ya belə ərizənin verilməsi mümkün olmadıqda atalığın müəyyən olunması barədə məhkəmədə iddia qaldıra bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıdakılara əsasən və MPM-in 153, 263-264, 267, maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il, qəbz nömrəsi **********) ona geri qaytarılsın Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-4154/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4154/2024
11.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver