Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4155/2024 20.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 07 sentyabr 2023-cü il tarixdə mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 6000 (altı min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun qardaşıdır, qardaşı xeyir iş görəcəyini deyərək ondan borc pul istəmişdir. Qardaşı olduğunu nəzərə alaraq ona 6000 (altı min) manat borc vermişdir. Maraqlı şəxs pul aldığı vaxt qısa zamanda qaytaracağını bildirsə də, pulu qaytarmadı. Ona görə də, pulun verilməsini rəsmiləşdirməyi təklif etmişdir. Elxan Mediasiya qurumuna getmək və orada barışıq sazişi imzalamağa təklif etmiş, o, da razılaşmışdır. Birlikdə mediasiyaya getmişlər və orada 07 sentyabr 2023-cü ildə barışıq sazişi imzalamışlar. Sazişə əsasən cavabdeh Maraqlı şəxs ondan aldığı 6000 (altı min) manat pulu 6 (altı) ay ərzində hissə-hissə ödəməyi öhdəsini götürmüşdür. Lakin həmin vaxtdan 2 (iki) aydan çox vaxt keçsə də, Maraqlı şəxs ona bir qəpik belə ödəməmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunaraq barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT 014/2023-02125 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür. 19 dekabr 2024-cü il tarixdə məhkəməyə Maraqlı şəxs vəsatəti daxil olmuşdur. Vəsatətdə Maraqlı şəxs bildimişdir ki, o, hal-hazırda Masallı rayonu, Qədirli kəndində yaşayır. X1 heç bir borcu olmamışdır, o, Qızqayıt Əzizovadan indiyə kimi borc pul almamışdır. Qızqayıt Əzizova yaşlı və xəstə adamdır, ondan heç vaxt borc almaq fikri olmamışdır. Mediasiya təşkilatında olan barışıq sazişinin mahiyyətini başa düşməmiş, elə bilmiş ki, bacısı ilə onun arasında barışıq etmək üçün bu müqavilə bağlanmışdır. Həqiqətən nəyə qol çəkməsini özüdə bilməmişdir. Orada yəni mediasiya təşkilatında barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürülməsini bilsəydi dərhal barışıq sazişinin imzalanmasından imtina edərdi. O, elə bilmiş ki, onun və bacısı arasında münasibətləri yaxşılaşdırmaq üçün bu addım atılmışdır. Ona bacısı Ərizəçi tərəfindən mediasiyaya qədər təklifdə göndərilməmişdir. Əgər ona bacısı Qızqayıt Əzizova tərəfindən təklif gəlsəydi o, öz etirazını dərhal bildirərdi. Bundan əlavə bacısı Qızqayıt Əzizova ilə onun arasında mediasiya təşkilatında pulla bağlı söhbət olmamışdır. Qızqayıt Əzizova barışıq sazişini özü imzalamayıb ona ora gətirən şəxslərdən kimsə imza etdirmişdir. Ona görə də, barışıq sazişini mübahisələndirir və etibarsız olmasını istəyir. Əgər Ərizəçi ona təklif göndərsəydi bununla bağlı mediasiyaya ona məktubun göndərilməsi barədə poçt qəbzini mediatora təqdim edərdi. Ümumiyyətlə söhbət nədən getməsindən həqiqətən xəbəri olmamışdır. X2 arasında olan 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə müvafiq məhkəmə aktını qəbul etməyi xahiş etmişdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində pul öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT 014/2023-02125 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür” hissəsində təsdiq edilməlidir. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 44-cü bəndində qeyd olunmuşdur ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Həmin qərardadın 45-ci bəndində qeyd edilmişdir ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Qərardadın 47-ci bəndində göstərilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Qərardadın 49-cu bəndində qeyd edilmişdir ki, bəzi hallarda məhkəmə barışıq sazişini təsdiq edərkən əqdin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan (məhkəmədən kənar) halları prosessual baxımdan yoxlamaq imkanında olmur. Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: əqdin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə məhkəməyə məlumat verməməsi və s.. Bu kimi halların mövcudluğuna baxmayaraq, görünən və yoxlanılan şərtlər əsasında sazişin imzalanması və təsdiqi, eləcə də razılaşma mətninin məhkəmə aktına daxil edilməsi, tərəfin qüsurlu davranışı, hakimin prosessual pozuntuya yol verməsi və səhv qərardad çıxarması kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə aktının ləğv edilməsi üçün prosessual hüquqi əsas mövcud olmur. Məhkəmə Maraqlı şəxs 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadında qeyd olunmuş mövqeni nəzərə almaqla qeyd edir ki, hazırda barışıq sazişini təsdiqlənməsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir və maraqlı şəxsin barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinə ümumi qaydada baxıla bilər. Barışıq sazişinin tamamlanması prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT0 14/2023-02125 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-4155/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4155/2024
20.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver