Məhkəmə qərarları › İş №2(050)-4192/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4192/2024

20.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4192/2024 20.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması ona verilməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2011-ci təvəllüdlü X2 adlı 1(bir) nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaq onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur olub Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalandı. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 2023-cü ilin iyun ayının 15-dən başlayaraq hər ayın 15-dək cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 160 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh oktyabr ayınadək aliment üzrə öhdəliklərini yerinə yetirmiş olsada oktyabr ayından alimenti ödəmir. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həmdə münasib iş yoxdur. Eləcədə uşaq puluda verilmir. Vəziyyəti çox çətindir. Bir nəfər uşağı maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, Masallı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(050)-1928/2024 saylı qətnaməsi ilə övladının saxlanılmsı üçün 130 manat aliment təyin edilmişdir. Həmin məbləğ uşağın saxlanılması üçün yetərli olmadığından mediasiyaya müraciət etmiş və Maraqlı şəxslə alimentin miqdarının 160 manata artırılması barədə razılığa gəlmişlər. Barışıq sazişi imzalandığı vaxtdan artırılan məbləq ödənilmir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəyir. Barışıq sazişi bağlanarkən ona heç bir şey izah edilməmişdir. O, sadəcə imza etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(050)-1928/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «aliment» tələbinə dair iddiasının qismən edilməsi, cavabdeh Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment iddiaçı Ərizəçi xeyrinə tutulması, alimentin tutulması xx.xx.2018-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 iyun 2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00977 saylı Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları X2 üçün təyin edilmiş 130 (yüz otuz) manat məbləğində aliment artırılaraq, 160 (yüz altmış) manat məbləğində müəyyən edilir. X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün, 2023-cü ilin iyun ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin mart ayının 04-dən başalayaraq hər ayın 01-05-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00977 saylı barışıq sazişi təsdiq edilsin. Masallı Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(050)-1928/2024 saylı qətnaməsi ilə təyin edilmiş 130 (yüz otuz) manat manat məbləğində aliment artırılaraq, 160 (yüz altmış) manat məbləğində müəyyən edilsin. 25 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün, 2023-cü ilin iyun ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar