Məhkəmə qərarları › İş №2(050)-4210/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4210/2025

22.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4210/2025 22.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT 036/2025- 00599 saylı barışıq sazişinin 01 fevral 2014-cü il təvəllüdlü X2 münasibətdə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2013-cü ilin aprel ayında faktiki ailə həyatı qurmuş, nikahlarını sonradan rəsmi qaydada qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 01 fevral 2014-cü il təvəllüdlü X6 və 07 iyun 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Əvvəllər aralarında münasibətləri normal olsa da, sonradan narazılıqlar yaranmış və cari ilin iyun ayından etibarən ayrı yaşamışlar. Nikahları Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Maraqlı şəxs uşaqların saxlanılmasına köməklik göstərmədiyindən bu məsələ ilə bağlı Mediasiya Şurasına müraciət edilmişdir. Nəticədə Maraqlı şəxs ilə 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-00599 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, birgə nikahdan anadan olmuş yuxarıda adıçəkilən uşaqlar onun yanında saxlanılmalı, Maraqlı şəxs isə uşaqlar yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üzrə 100 manat aliment ödəməli idi. Alimentin ödənilməsi hər ayın 1dən sonunadək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə həyata keçirilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini 14 iyul 2025-ci il tarixdə imzalamasına baxmayaraq, sazişin şərtlərinə əməl etməmişdir. Bu səbəbdən Maraqlı şəxs ilə 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00599 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı X1 nikahdan əvvəl doğulması səbəbindən atalığının müəyyən edilmədiyi aşkar edilmiş və bu əsasla məhkəmə barışıq sazişini yalnız X4 münasibətdə təsdiq etmişdir. Sonradan isə X2 münasibətdə də, atalığın müəyyən edilməsi başa çatdırılmışdır. Bu səbəbdən həmin uşağa münasibətdə də, barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - MŞM/MT 036/2025-00599 saylı 14 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 14 iyul 2025-ci il tarixdə tərəflərlə nikahın pozulması, uşaqların ananın yanında qalması və alimentin müəyyən edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası keçirildi. İlkin mediasiya sessiyası zamanı Tərəflər tələblərinin həcmini artıraraq, uşaqlarla ünsiyyətdə olmaq mübahisəsi üzrə də, mediasiya prosesinin keçirilməsini tələb etdilər və tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər, lakin uşaqların ananın yanında qalması, alimentin müəyyən edilməsi və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1) Tərəflərin birgə uşaqları 01 fevral 2014-cü il təvəllüdlü X6 və 07 iyun 2017-ci il təvəllüdlü X7 anaları 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 2) Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 100 (yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir; 3) 01 fevral 2014-cü il təvəllüdlü X6 və 07 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının sonunadək və gələn hər növbəti ayın isə 01-dən sonunadək hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür; 4) 2-ci Tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2025-cü ilin iyul ayından başlayaraq, gələn hər növbəti ayda həftənin şənbə günü saat 10:00-da 01 fevral 2014-cü il təvəllüdlü X6 və 07 iyun 2017-ci il təvəllüdlü X5 anaları 1-ci Tərəf Ərizəçi təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq anaları 1-ci Tərəf Ərizəçi təhvil verir. - Masallı Rayon Məhkəməsinin 2(050)-4002/2025 nömrəli 05 dekabr 2025-ci il tarixli qətnamənin surətindən görünür ki, 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00599 saylı barışıq sazişi qismən təsdiq edilərək, 14 iyul 2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs 07 iyun 2017- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməlidir, 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00599 saylı barışıq sazişinin Maraqlı şəxs 01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilmişdir. - AZ-İ seriyalı 494868 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 01 fevral 2014-cü ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeyydləri kitanında 05 dekabr 2025-ci il tarixdə 769 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı 508221 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah 13 noyabr 2025-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 noyabr 2025-ci il tarixdə 247 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvad “Heydərova” soyadını qəbul etmişdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) cəmi 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi, alimentin ödənilməsi 2025-ci ilin iyul ayının sonunadək və gələn hər növbəti ayın 01-dən ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-4002/2025 nömrəli 05 dekabr 2025-ci il tarixli qətnaməsinə əsasən 01 fevral 2014-cü il təvəllüdlü X6 nikahdan əvvəl doğulmuş və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə təqdim edilmədiyi üçün barışıq sazişi ona qarşı münasibətdə təmin edilməmişdir. Lakin atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs 01 fevral 2014-cü ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 iyul 2025-ci il tarixli, MŞM/MT 036/2025-00599 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının sonunadək və gələn hər növbəti ayın isə 01-dən sonunadək 100 (yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 iyul 2025-ci il tarixli, MŞM/MT 036/2025-00599 nömrəli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: “2) “01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının sonunadək və gələn hər növbəti ayın isə 01dən sonunadək 100 (yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar