Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4377/2025 07.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Masallı 1 saylı Mediasiya Təşkilatının tam mediasiya sessiyasında maraqlı tərəflə (X6 ilə) 25 iyul 2020-ci il təvəllüdlü qızı 25 iyul 2020-ci il təvəllüdlü X9 və 10 may 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmasınadək onların saxlanılması üçün hər bir uşağa görə 125 manat alimentin müəyyən olunması, maraqlı şəxsin (X2) bu alimenti 2025-ci ilin sentyabr ayının 01-dən sonunadək və gələn hər növbəti ayın 01-dən sonunadək ona poçt vasitəsilə göndərməyi və ya onun kart hesabına köçürməyi öz öhdəsinə götürməsi barədə aralarında əldə olunmuş sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs X6 ilə 2018-ci ildən rəsmi nikahdadır. Sözügedən nikahdan iki övladı vardır: 25 iyul 2020-ci il təvəllüdlü X9 və 10 may 2023-cü il təvəllüdlü X7. Maraqlı şəxs uşaqların maddi tələbatının təmin edilməsində iştirak etməkdən yayındığı üçün uşaqların yetkinlik yaşına çatmasınadək onların saxlanılması məqsədilə alimentin müəyyən edilməsi üçün Masallı rayonu 1 saylı Mediasiya Təşkilatına (mediator X5) müraciət etmişdir. 15 avqust 2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və həmin sessiyada tam mediasiya sessiyasına keçilməsi barədə maraqlı şəxslə razılıq əldə olunmuşdur. Tam mediasiya sessiyasında maraqlı şəxs ilə belə razılaşma əldə edilmişdir ki, 25 iyul 2020-ci il təvəllüdlü X9 və 10 may 2023-cü il təvəllüdlü X7 ananın yanında qalmaqla onun himayəsinə verilsin, uşaqların yetkinlik yaşına çatmasınadək saxlanılması üçün hər bir uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə aylıq 250 (iki yüz əlli) manat aliment ödənilsin. Eyni zamanda maraqlı şəxs X6 aliment məbləğini 2025-ci ilin sentyabr ayının 01-dən başlayaraq hər ayın 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində poçt vasitəsilə göndərməyi və ya onun kart hesabına köçürməyi öz öhdəsinə götürmüşdür. Bu şərtlərlə tərəflər arasında tam mediasiya sessiyasında saziş əldə olunmuşdur. Lakin maraqlı şəxs X6 aliment ödənişi ilə bağlı tam mediasiya sessiyasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmiş, hazırkı vaxtadək onun aliment borcu 600 (altı yüz) manat təşkil etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, 15 avqust 2025-ci il il tarixli barışıq sazişi bağlandıqdan sonra maraqlı şəxsin 600 manat borcu yaranmışdır, məhkəməyə müraciət etdikdən sonra həmin borcundan 300 manat ödəniş etmişdir. Ona görə də, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT 036/2025-00757 saylı 15 avqust 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 15 avqust 2025-ci il tarixdə Tərəflərlə alimentin müəyyən edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası keçirildi və Tərəflər tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul edilər. Tam mediasiya prosesi zamanı Tərəflər alimentin müəyyən edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər. 1. Tərəflərin birgə uşaqları 25 iyul 2020-ci il təvəllüdlü X10 və 10 may 2023-cü il təvəllüdlü X8 anaları 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 125 (yüz iyirmi beş) manat sabit məbləğdə aliment müəyyən edilir; 3. 25 iyul 2020-ci il təvəllüdlü X10 və 10 may 2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci Tərəf Maraqlı şəxs 2025ci ilin sentyabr ayının 01-dən sonunadək və gələn hər növbəti ayın da, 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimenti ödəməyi, alimentin ödənilməsini 2025-ci ilin sentyabr ayından başlayaraq hər ayın 01-dən ildə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 15 avqust 2025-ci il tarixli, MŞM/MT 036/2025-00757 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 125 (yüz iyirmi beş) manat sabit məbləğdə aliment müəyyən edilir; 3. 25 iyul 2020-ci il təvəllüdlü X4 və 10 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin sentyabr ayının 01-dən sonunadək və gələn hər növbəti ayın 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 15 avqust 2025-ci il tarixli, MŞM/MT 036/2025-00757 nömrəli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: “2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 125 (yüz iyirmi beş) manat sabit məbləğdə aliment müəyyən edilir; 3. 25 iyul 2020-ci il təvəllüdlü X4 və 10 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin sentyabr ayının 01-dən sonunadək və gələn hər növbəti ayın 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-4377/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4377/2025
07.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver