Məhkəmə qərarları › İş №2(050)-494/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-494/2025

24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-494/2025 24.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ərizəçi Shukıurova Aggunun (X9) nümayəndəsi, Vəkil iştirakı ilə ərizəçi Shukıurova Aggunun (X9) Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Shukıurova Aggun (X9) Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu 05 noyabr 1995-ci il təvəllüdlü X2 06 iyun 1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 05 noyabr 1995-ci il təvəllüdlü X4 06 iyun 1999-cu il tarixdə vəfat edərək Məmmədoba kəndi qəbirstanlıqda dəfn olunmuşdur. Bu faktı bütün qohumları, qonşuları təsdiq edə bilərlər. Vərəsəlik işi ilə əlaqədar bəzi sənədlərin toplanılması üçün X2 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də, ölüm qeydiyyatı mümkün olmümışdır. Məhrum oğlu Elməddin Cavadov 06 iyun 1999-cu il tarixdə vəfat etsə də, meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamış, nəticədə onun ölümü faktının qeydi başqa yolla ala bilmir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi Shukıurova Aggunun (X9) nümayəndəsi, Vəkil ərizənin məzmununa uyğun izahat verərək 05 noyabr 1995-ci ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş X2 06 iyun 1999-cu il tarixdə Masallı rayonu, Məmmədoba kəndində vəfat etməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, Shukıurova Aggun (X9) bibisi qızıdır. Onun oğlu Elməddin talesimiya xəstəliyindən əziyyət çəkmiş və 1999-cu ildə vəfat etmişdir. Elməddin Masallı rayonu, Məmmədoba kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Shukıurova Aggun (X9) özü Rusiya Federasiyasının Sverdlovsk şəhərində yaşayır, onun əri Əfqan Cavadov isə 04 fevral 2024-cü ildə rəhmətə getmişdir.

6. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, Shukıurova Aggun (X9) bibisi qızıdır. Onun oğlu Elməddin qan xərçəngi xəstəliyindən əziyyət çəkmişdir. Oğlunu Rusiya Federasiyasından Masallıya gətirdikdən təxminən 1 ay sonra rəhmətə getmişdir. Elməddin Masallı rayonu, Məmmədoba kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Shukıurova Aggunun (X9) hazırda Niyaməddin , Milanə və Əli adlı üç uşağı vardır. Niyaməddin Rusiya Federasiyasında adını dəyişdirmiş və hazıda adı Romandır.

İş materialları:

7. Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 18 dekabr 2024-cü il tarixdə ərizəçi Shukıurova Aggun vəfat etmiş övladının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, onun qonşularının və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

8. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 05 noyabr 1995-ci ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş, atası X5 və anası X6r.

9. Masallı RİHB-nin Məmmədoba Kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilən 18 dekabr 2024-cü il tarixli, 333 saylı arayışdan görünür ki, X4 06 iyun 1999-cu il tarixdə vəfat etmişdir. Masallı rayonu, Məmmədoba kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

10. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 18 dekabr 2024-cü il tarixli arayışından görünür ki, X2 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

11. RUS seriyalı P 67№ ******* nömrəli xarici pasportun surətindən görünür ki, 10 sentyabr 1971-ci il təvəllüdlü X8 Federasiyasının vətəndaşıdır.

12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yür üzrə qeydiyyata alınması barədə № 82155231 saylı bildirişin sürətindən görünür ki, Shukıurova Aggun qeydiyyatın son tarixi 07 mart 2025-ci ildir.

13. İşə əlavə olunmuş foto şəkildən görünür ki, X4 06 iyun 1999-cu il tarixdə vəfat etmiş və baş daşı şəkildə təsvir olunmuşdur.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X4 05 noyabr 1995-ci ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuşdur. X4 06 iyun 1999-cu il tarixdə vəfat etmiş və Masallı rayonu, Məmmədoba kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2-ci maddəsinə əsasən Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə ərizəçinin nümayəndəsinin, vəkilin izahatını, şahidlərin ifadələrini dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

19. Göründüyü kimi X2 06 iyun 1999-cu il tarixdə Masallı rayonu, Məmmədoba kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 noyabr 1995-ci ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş X2 06 iyun 1999-cu il tarixdə Masallı rayonu, Məmmədoba kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

22. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 439-440-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 05 noyabr 1995-ci ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş X2 06 iyun 1999-cu il tarixdə Masallı rayonu, Məmmədoba kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçi Shukıurova Agguna (X9) aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar