Məhkəmə qərarları › İş №2(050)-59/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-59/2025

20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-59/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları, geyim və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, brilant koplekt- (1 ədəd briliant üzük, 1 ədəd briliant sep, 1 ədəd briliant qolbaq, 2 ədəd sırğa) - 6500 manat- 734 əyyar (İtaliya qızılı), 2 ədəd brilant üzük (bir ədəd alyans, bir ədəd tək qaş üzük) -2700 manat -750 əyyar (İtaliya qızılı), qızıl “S” hərfli klonlu sep -450 manat -585 əyyar (türk qızılı), qızıl üzük -300 manat -585 əyyar (türk qızılı), qızıl qolbaq zəncirvari - 600 manat -585 əyyar (türk qızılı), 1 ədəd şahmeran qolbaq - 450 manat -585 əyyar (türk qızılı), 1 ədəd brilliant qaşlı qızıl üzük -300 manat -585 əyyar (türk qızılı) olan qızıl-zinət əşyalarının, ağ krasovka qaşlı 1 ədəd -100 manat (Alexcander Queen), 2 ədəd qaşlı sandalet (biri qaşlı qara rəngli „Alexcander wang” 80 manat, boz rəngli qaşlı 85 manat, 1 cüt stiletto qara rəngl i-60 manat, 1 ədəd qaşlı çanta -boz rəngli 50 manat, 4 ədəd sportkofta -ağ,qara, çəhrayı rəngli -cəmi 100 manat, 1 ədəd şalvar cins-40 manat, 1 ədəd yun kofta-30 manat, 2 ədəd qara lasini şalvar-40 manat olan geyim əşyalarının və ona məxsus 1200 (bir min iki yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, əgər həmin əşayaların qaytarılması mümkün olmadığı halda qeyd edilmiş qızıl-zinət əşyalarının dəyəri 11300 (on bir min üç yüz) manat məbləğində, geyim əşyalarının dəyəri 585 (beş yüz səksən beş) manat məbləğində və ondan götürülmüş 1200 (bir min iki yüz) manat məbləğində pulun, ödənilmiş mediasiya ilə bağlı 50 manat, iddia tələbi ilə bağlı 79.26 manat dövlət rüsumu, ümumilikdə 13.215 (on üç min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. El adəti ilə toyları olmuş və faktiki ailə qurmuşlar. Cavabdeh və ailəsi ona qızıl və briliant-zinət əşyaları hədiyyə etmişdirlər. Cavabdehlə nişanlı olduqları müddətdə anası və özü ilə problemlər yaşayıb nişanını ailəsi ilə birlikdə öz razılığı ilə geri qaytarmışdır. Cavabdeh nişanı qaytardıqdan sonra onunla barışmaq istədiyini bildirmişdir. Bu nişana ailəsi də razı olmamışdır. Cavabdeh onların ayrı yaşayacaqlarına dair söz vermiş və o, cavabdehlə razılaşmışdır. Cavabdehə inanaraq öz razılığı ilə onunla qaçmışdır. Cavabdehlə ünvan 1 ünvanında ailəsi ilə 1 ay yaşadıqdan sonra el adəti ilə toyları olmuşdur. 1 ay müddətində mütəmadi olaraq anası problemlər yaratmış, o, nişanı qaytardığı üçün oğlunun ondan ayrılmasını istəmiş, onda bir xırda nöqsan olduğu təqdirdə oğlunu ondan ayıracağını bildirmişdir. Ona görə də toy olduğundan bir neçə gün sonra anası onun qızıllarını otağına girib icazəsiz götürmüş və onları ala bilməmişdir. Cavabdeh valideynlərinin yaşadıqları ünvanda öz binalarında eyni blokun 3-cü mərtəbəsində kirayə ev tutmuşlar. Valideynləri kirayə qaldığı evə cehiz əmlakları gətirmiş, toydan iki ay sonra cavabdeh artıq valideynləri ilə yaşayacağını bildirmişdir. Cavabdehin anası iki ay ərzində davamlı olaraq problemlər yaratmağa başlamış, yoldaşı ilə aralarında söz-söhbət salmışlar, ona hədə-qorxu gəlmişlər. 15 mart 2024-cü il tarixdə 6 saylı '"ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. Ona dəfələrlə zorakılıq hərəkətləri etmişlər, onu boşamaqla təhdid etmişlər. X5 toy olduqdan bir neçə gün sonra onun kirayə qaldığı evdən onun otağından xəbərsiz və icazəsi olmadan ona toyda taxılan 734 əyyar olan 6500 manat məbləğindəki komplektini, cavabdehin ona aldığı şahmeran qolbağı, başqa 2 üzük və onun valideynlərinin aldığı qızıl qolbağı götürmüş, o, gündən etibarən ona verməmişdir. Evdə dava-dalaş olan zaman boynunda olan qızıl sepi də, sırğalarını da ondan almaq istəmişdir. Dava-dalaşdan sonra polisə müraciət etmişdir. Polis bölməsində də onun xəsarətlərini görmüşlər, izahat vermiş, ekspertizadan keçmişdir. Hal-hazırda indi də ona və ailəsinə şərböhtan atırlar. Qızılların onda olduğunu deyirlər. Qızılların qarşı tərəfdə olduğuna dair səs yazıları da var. Sosial şəbəkələr vasitəsilə onlayn satış etmişdir və oradan qazandığı 1200 manat pulu da cavabdeh onun əlindən almış və qaytarmamışdır. Cehiz əşyalarını götürsə də, onlarda onun geyim əşyaları, çantaları, ayaqqabıları, qızıl-zinət əşyaları qalıbdır. Cavabdeh ona məxsus olan qızı-zinət əşyalarını verməkdən yayınmışdır. Mediasiya onları çağırdıqda orada da cavabdeh və anası qızılları satdıqlarını, ancaq 500 azn dəyərində pul verə biləcəklərini bildirmişlər. Cavabdehdən polisə şikayət etdikdən sonra söz vermişlər ki, ərizəni geri götürsün, qızılları geri qaytaracaqlar. Ona inanmayıb ərizəni geri götürməmişlər. Lakin, polis özü onların xəbəri olmadan işə xitam vermişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərlə müəyyən edilir ki, ailə qurarkən ona siyahıda sadalanan qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Onun hədiyyə əşyaları qanunsuz olaraq cavabdehdə saxlanılır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 12 fevral 2024-cü il tarixdə cavabdehlə aralarında mübahisə yaranmış, evdən çıxıb getmək istəyərkən cavabdeh ona mane olaraq giriş qapısını bağlayaraq, anasına onu evdən buraxmamağı tələb etmiş, daha sonra cavabdeh evdən çıxıb getmişdir. O, qapının yanına gedərək qaynanasından qapını açmasını tələb edərək getmək istədiyini bildirmişdir. Həmin vaxt özü ilə heç nə götürməmiş, yalnız boynunda qızıl sep olmuşdur. Qayınanası ona gedirsə, onda boynundakı sepi də verməsini tələb etmişdir. O, buna etiraz edərək 102 xidmətinə zəng edəcəyini bildirmiş, lakin yenə də qayınanası əlini onun boyun nahiyəsinə ataraq sepi qıraraq götürmüş, bundan sonra qapını açaraq getməsinə icazə vermişdir. O, həmin vaxt 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bununla bağlı araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, eyni zamanda izahatında göstərmişdir ki, iddia ərizəsində göstərdiyi komplektin qiymətini iddiada 6500 manat göstərsə də, sonradan ona məlum olmuşdur ki, həmin komplekt qızıl mağazadan 1800 manata alınmışdır. Bundan başqa cavabdeh həmin komplektin sepinin satıldığını qeyd etsə də, sep satılmamışdır. Həmin sep də digər qızıllar kimi cavadehin evində qalmışdır. Evdən çıxıb getdikdən sonra bir neçə ay sonra evlilik müddətində çəkdirdiyi köhnə şəkillərini “İnstaqram” sosial şəbəkəsində paylaşım etmişdir. Həmin şəkillər aprel ayında paylaşılmış, orada onun əlində Şahmeran və zəncirvari qolbaq olmuşdur. Şəkilləri çəkdiyi telefonu dəyişdiyindən həmin şəkillərin vaxtını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəf əgər Şahmeranın onda qalmasını bildirisə, qızıllarını qaytardıqdan sonra bir ədəd Şahmeranı alıb onlara verəcəkdir. Səs yazılarında da atası Abusət cavabdehin atası İsaqla danışarkən İsaq dəfələrlə ona polisə etdiyi şikayəti geri götürərsə, qızılları onlara qaytaracağını bildirmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı verdiyi izahatla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etirazla müraciət edərək göstərmişdir ki, iddiaçı ilə 2023-cü ildə nişanlansalar da, sonradan aralarında narazılıq yaranmış və nişanları pozulmuş, sonradan anasının təkidi ilə iddiaçı ilə barışmış və 2023-cü ilin sentyabr ayında onu valideynlərinə məxsus mənzilə gətirmişdir. Orada təxminən bir ay yaşadıqdan sonra xx.xx.2023-cü ildə toyları olmuşdur. Hələ toydan əvvəl valideynləri ilə birlikdə yaşayan zaman iddiaçı ayrı yaşamaqlarını tələb etdiyindən qonşuluqda kirayə mənzil tutmuş və toydan sonra dekabr ayının sonunadək, cəmi 2 ay yarım həmin kirayə mənzildə yaşamışlar. Lakin, kirayə haqqı çox olduğundan və ödəməkdə çətinlik çəkdiyindən 02 yanvar 2024-cü ildən valideynlərinin mənzilinə köçmüşlər. Fevral ayının 13-də iddiaçının işləmək istəməsinə etiraz etdiyinə görə evdə narazılıq salmış və əmisi gəlib onu aparmışdır. İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının dəyərini dəfələrlə artıq göstərmişdir. Əvvəla iddia ərizəsində brilliant komplekt kimi göstərilmiş üzük, sırğa, bilərzik və sepdən ibarət komplekt dəsti heç də brilliant qaşlı olmamışdır. Onları 800 manata almışlar. Brilliant üzük kimi göstərilmiş alyans və tək qaş üzüklər də brilliant qaşlı olmamışlar, alyans üzüyü 130 manata, təkqaş üzüyü isə 150 manata almışlar. «S» hərfli klonlu sepi 115 manata, nişan üzüyünü 180 manata, şahmeran qolbağı 280 manata almışlar. Biriliant qaşlı qızıl üzük kimi göstərilmiş üzük isə brilliant qaşlı olmamış və anasına məxsus olan həmin üzüyü 180 manata almışlar. İddiaçı onu arabir taxmışdır. İddia ərizəsində göstərilmiş zəncirvari qızıl qolbağı isə iddiaçıya öz anası verməklə onun dəyərini bilmir. Yuxanda göstərilən qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuşdur. İddiaçının səhhətində problemlər olduğundan onu Bakı şəhərində 2 saylı və 7 saylı Poliklinikalarda, həmçinin nervpatoloqun yanında müalicə etdirmişlər. İddiaçının müalicə xərci ilə bağlı pula ehtiyac olduğundan onun özünün razılığı ilə komplekt dəstin sepini 360 manata satıb, pulu onun müalicəsinə sərf etmiş, digər qızıllar isə satılmamışdır. İddia ərizəsində toydan bir neçə gün sonra guya anasının otaqlarına girib qızılları icazəsiz götürməsi qeyd edilmişdir. Halbuki, onlar toydan sonra heç də dərhal valideynləri ilə yaşamamışlar. Əvvəlcədən kirayə tutduqları mənzilə köçüb 2 ay yarım orada yaşamışlar və həmin müddət ərzində gəzdikləri yerlərdə qızılların iddiaçının üstündə olması həmin vaxt çəkdirdikləri şəkillərdə də əks olunmuşdur. Onlar hələ kirayədə yaşadıqları 2 ay yarım müddət ərzində iddiaçı 3 dəfə küsüb atasıgilə getmiş, sonradan onu geri qaytarmışdır. Hər dəfə də o, qızıllarını özü ilə aparmışdır. Əgər anası toydan bir neçə gün sonra onun qızıllarını almışdısa, onda gəzdikləri yerlərdə çəkdirdikləri şəkillərdə qızıllar onun üzərində olmamalı idi, lakin birgə gəzintiyə getdiyi vaxtlarda qızılların iddiaçının üzərində olduğu həmin fotoşəkillərdə əks olunmuşdur. Eyni zamanda evdən əvvəllər küsüb getdiyi vaxtlarda qızılları tələb etməmişdir. Bu da onu göstərir ki, qızıllar elə əvvəlcədən onun üzərində olmuşdur. Sonuncu dəfə fevral ayınm 13-də iddiaçı evdən gedərkən ondan heç kəs qızıl almamış, ümumiyyətlə onun qızılları ilə maraqlanılmamışdır. Mübahisə yalnız onun işləmək istəməsinə görə düşmüş, buna etiraz etdiyindən o, 102 xidmətinə zəng edərək onun evdə bağlı saxlanılmasını bildirmişdir. Bir qədər sonra əmisi avtomobillə gəlmiş, anası iddiaçını avtomobilə kimi ötürmüşdür. Bunu qonşular da görmüşdür. Sonradan isə iddiaçı özünə xəsarət yetirib şikayət etmiş, lakin onun şikayəti təsdiq olunmamışdır. İddiaçının sonuncu dəfə onlardan getməsindən bir gün əvvəl bacısı onlarda olmuş və gedərkən özü ilə 4 sumka aparmışdır. Bunu anası da görmüş, narazılıq olmasın deyə əhəmiyyət verməmişdir. Onların toyu xx.xx.2023-cü ildə olmaqla iddiaçının sonuncu dəfə evdən getməsi xx.xx.2024-cü ildə olmuşdur. Yəni, onların birgə yaşayıdıqları qış vaxtına düşmüşdür. Lakin, iddiaçının tələb etdiyi qızılların onun üstündə olan, heç də qış fəslinə aid olmayan geyimlərdə olan fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Bu isə bir daha sübut edir ki, iddiaçı yalnız ona ziyan vurmaq üçün hazırkı iddianı qaldırmışdır. İddiaçı tələb etdiyi qızıl-zinyət əşyalarının iddia ərizəsində göstərdiyi çəkidə, qiymətdə və brilyant qaşlı olması, həmin əmlakların, eləcə də geyim paltarlarının onda olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə verdiyi etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, qızıllar iddiaçının özündə olmuşdur. Həmin qızıllardan bir ədəd sep satılmışdır. İddiaçı evdən gedərkən anası özü ona yola salmışdır. Bundan başqa Sevinc ümumilikdə dörd dəfə evdən gedib, sonuncu gedişindən əvvəl hər dəfə barışaraq geri dönmüşdür. Belə olan halda hər dəfə gedərkən qızılları özü ilə aparmağa fürsəti olmuşdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil Cavabdehla eyni məzmunda izahat verərək bildirmişdir ki, iddiaçının fotoşəkillərində Şahmeran və zəncirvari qolbaq onun üzərindədir. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarxdə evdən çıxıb getmişdir. Şəkillər isə havaların isti olan vaxtı çəkilmişdir. Şəkillərdə iddiaçının geyimlərindən də aydın olur ki, həmin şəkillər qış aylarında deyil, isti vaxtlarda çəkilmişdir. Həmçinin, iddiaçı sübut olaraq şəkilin çəkildiyi telefonun onda olmadığını bəhanə edərək, mötəbər sübut təqdim edə bilmir. Bundan başqa iddiçının təqdim etdiyi qeydiyyat kitabı da şübhəlidir, çünki həmin kitabın sahibi özü şahid kimi məhkəməyə gəlmir və ifadə vermir. Hesab edir ki, bu da sübut kimi qəbul edilməməlidir. İddiada qeyd edilən qiymətlər şişirdilmişdir. Bundan başqa cavabdehin atası ilə iddiaçının atasının telefon danışıqlarında, İsaq qızılların hansı vəziyyətdə və kimdə olmasından məlumatı belə yoxdur. Sadəcə olaraq onuların barəsində şikayətin geri götürülməsindən ötrü iddiaçnın atasına qızılları qaytaracaqlarını bildirmişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı onun gəlini olmuşdur. Sevinc 4 dəfə evdən getmişdir. Əvvəl getdiyi vaxtlarda qızılları özü ilə aparıb atasına vermişdir. Axırıncı dəfə gedərkən cəmi 10 gün onlarla qalmışdır. Evdə olanda sevinc qapını bağlı saxlamışdır. Qızıllar Sevincin həmişə özündə olmuşdur. Qızılları özü həmkəndlisi Mirmehdidən almışdır. Dəqiq qiymətləri xatırlamasa da, onların qiymətləri təxminən 10-150 manat civarında olan qızıllar olmuşdur. Sevinclə onun oğlunun nişanı qayıtdığından onu o qədər də istəmədiyindən, onun üçün bahalı qızıl almaq istəməmişdir. Ona görə də ucuz qiymətə qızıl almışdır. Həmçinin, onun maddi imkanı yaxşı olmadığından bahalı qızıl ala bilməzdi. Bundan başqa xx.xx.2024-cxü il tarixdə Sevinclə aralarında mübahisə qızıla görə deyil, başqa məsələyə görə olmuşdur. Belə ki, onun oğlunun uşağı olmadığı üçün müayinəyə getmişdir. O, müayinənin cavabını Sevincdən öyrənmək üçün onun telefonuna baxmaq istəmişdir. Lakin, Sevinc ona telefonu verməkdən imtina etmişdir. Bu zaman onun əlindən telefonu almaq istəsə də, Sevincdən telefonu ala bilməmişdir. Daha sonra Sevinc onunla mübahisə yaradaraq evdən gedəcəyini, əks təqdirdə özünü pəncərədən atacağını, həmçinin polisə müraciət edəcəyini bildirmişdir. O, Sevincin getmək istəməsini, getmədiyi təqdirdə hansısa hadisənin olacağından çəkinib qapını açmış və Sevinci yola salmışdır. Sevinc gedərkən onun atası və əmisi gəlib onu aparmışlar. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Belə ki, iş materiallarında olan: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2024-cü il tarixdə, 60 saylı qeydlə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur. Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 28 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə qaynanası X3 tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış, iş üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi müəyyən edildiyindən barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyədi əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmiş izahatlardan məlum olur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə qaynanası Şahid arasında mübahisə yaranmış, mübahisə zamanı Şahid İddiaçı xəsarət yetirmişdir. Elə həmin gün dava-dalaşdan dərhal sonra Sevinc evi tər edərək polis bölməsinə getmişdir. Zərgər-ekspert X4 tərəfindən verilmiş rəydə göstərilir ki, qızıl zinət əşyalarının orta bazar qiymətinə uyğun təxmini dəyərləndirilməsi cədvəlinə əsasən 1 ədəd Qarnitur (Qızıl dəsti) brilyant 585 əyyarlı, 1.5 karat, 16 qram çəkidə qiyməti - 3400 manat, 1 ədəd Üzük, nişan, brilyant (tək qaş) 585 əyyarlı, 0.3 sot, 3 qram çəkidə qiyməti - 1450 manat, 1 ədəd Üzük Alyans 585 əyyarlı, 3 qram çəkidə qiyməti - 390 manat, 1 ədəd Üzük tək qaş 585 əyyarlı, 2.5 qram çəkidə qiyməti - 325 manat, 1 ədəd Üzük tək qaş yumru 585 əyyarlı, 2 qram çəkidə qiyməti - 260 manat, 1 ədəd Qolbaq 585 əyyarlı, 6 qram çəkidə qiyməti - 780 manat, 1 ədəd Qolbaq 585 əyyarlı, 10 qram çəkidə qiyməti – 1300 manat, 1 ədəd Boyunbağı+kulon 585 əyyarlı, 2 qram çəkidə qiyməti - 260 manat, cəmi 8165 manat dəyərində qiymətləndirilmişdir. Qeyd: Tədqiqat sifarişçisi sifariş etdiyi sənədlər toplusunda olan zinət əşyaların ikisi Qarnitur (qızıl dəsti) və Nişan üzüyü (brilyant tək qaş) olan zinət əşyaların 750 əyyar olmasını iddia edir. Verilən sənədlər toplusunda bunu tam əks etdirmək mümkün olmadığına 750 əyyar olub olmaması tam dəqiq rəy vermək mümkün deyil. Amma 585 əyyar olmasını təsdiq edir. Əgər 750 əyyar olduğu təqdirdə Qarnitur (qızıl dəsti) 4500 manat təşkil edir, Nişan üzüyü (brilyant tək qaş) isə bu zinət ə.yası tək qaş olduğu üçün bazar qiymətindən daha fərqli qiymətə satılır. Əgər qeyd olunan Nişan üzüyünün (brilyant tək qaş) qiyməti 1750 managt olaraq qiymətləndiriləcək. Əgər bu qızıl zinət əşyalarının 750 əyyar olduğu təqdirdə 8165 manat olan qiymətləndirmə dəyişərək 9565 manat qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli, 9/7122 saylı ekspert rəyində qeyd olunur ki, Ekspertiza təyini haqqında qərardadda və mütəxəssis rəyində qeyd edilən 06 adda zərgərlik məmulatlarının 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 2168 manat, 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2295 manat müəyyən edilir. Digər 02 adda zərgərlik məmulatlarının üzərində olan brilyat daşların sayı, ölçüsü, mənşəyi, çəkisi, keyfiyyəti və.s barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiyətləndirmə aparılan əşyaların 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti -üzük alyans 585 əyyar, çəkisi 3 qram, qiyməti 255 manat, üzük tək qaş 585 əyyar, çəkisi 2.5 qram, qiyməti 213 manat, üzük tək qaş yumru 585 əyyar, çəkisi 2 qram, qiyməti 170 manat, qolbaq 585 əyyar, çəkisi 6 qram, qiyməti 510 manat, qolbaq 585 əyyar, çəkisi 10 qram, qiyməti 850 manat, boyunbağı+kulon 585 əyyar, çəkisi 2 qram, qiyməti 170 manat, cəmi 2168 manat, 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti -üzük alyans 585 əyyar, çəkisi 3 qram, qiyməti 270 manat, üzük tək qaş 585 əyyar, çəkisi 2.5 qram, qiyməti 225 manat, üzük tək qaş yumru 585 əyyar, çəkisi 2 qram, qiyməti 180 manat, qolbaq 585 əyyar, çəkisi 6 qram, qiyməti 900 manat, qolbaq 585 əyyar, çəkisi 10 qram, qiyməti 900 manat, boyunbağı+kulon 585 əyyar, çəkisi 2 qram, qiyməti 180 manat, cəmi 2295 manat təşkil edir. Qızılın satışı barədə satıcının qeydiyyat kitabının surətindən görünür ki, tərəflərin Brilant koplekt adlandırdıqları –qarniturun satış qiyməti 1800 manat qeyd edilmişdir. Həmin qeyd 25 sentyabr 2023-cü il tarixdə aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən və Duygu Jewelery qızıl mağazasının vizitkartından görünür ki, Brilant koplekt- (1 ədəd briliant üzük, 1 ədəd briliant sep, 1 ədəd briliant qolbaq, 2 ədəd sırğa) alındıqdan sonra iddiaçı komplektin fotoşəkillərini çəkərək atasına göndərmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən tərəfindən təqdim edilmiş, CD disklərə baxış keçirilmiş, diskdə olan videogörüntülərdən müəyyən olunur ki, İddiaçı toy zamanı müxtəlif şəxslər tərəfindən, o cümlədən cavabdehin ailə üzvləri tərəfindən müxtəlif qızıl-zinət əşyaları hədiyyə olunur, eyni zamanda səs yazılarından da müəyyən olunur ki, İddiaçı atası ilə cavabdehin atası arasında telefon əlaqəsi zamanı, Sevincin döyülərək evdən qovulması və ona məxsus olan qızılların Sevincə qaytarılması mövzusunda müzakirə olunmuş, müzakirə zamanı Sevincin atası cavabdehin atasından qızılları Sevincə qaytarmalarını bidirdikdə, Məmmədin atası Sevincin onlar barəsində polisə etdiyi şikayətin götürülməsindən sonra qızılları onlara verəcəklərini bildirmişdir. Əsaslandırma hissəsi İşin faktiki halları və tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi qızıllar, 1 ədəd zəncirvari qolbaq istisna olmaqla cavabdeh tərəfindən iddiaçıya nişan-toy mərasimlərində hədiyyə edilmişdir. 1 ədəd zəncirvari qolbaq isə iddiaçının valideynləri tərəfindən ona hədiyyə verilmişdir. İşin mübahisəli halı isə iddiaçı evdən çıxıb gedərkən həmin qızılları özü ilə aparmadığını, qızılların cavabdehə məxsus evdə qaldığını bildirmişdir. Cavabdeh isə tələb edilən qızıllardan birilant komplektə daxil olan qızıl sepin hələ cavabdehin evdən getməmişdən əvvəl onun müalicəsi üçün satıldığını, tələb edilən 1 ədəd qızıl qolbağın iddiaçıya öz anası tərəfindən hədiyyə edildiyini, qızılların hamısını iddiaçı evdən gedərkən özü ilə apardığını, eyni zamanda qızılların iddia tələbində göstərilən qiymətlərdə olmadığını qeyd edərək mübahisələndirmişdir. Məhkəmə birgə nikah dövründə ər-arvada hədiyyə verilmiş əmlakların hüquqi rejimini tənzimləyən aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iddia tələbinə qiymət verərək qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların cavabdehin mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcud olmasını, həmin qızılları evdən çıxarkən özü ilə aparmadığını, həmin qızılların və olmadığı halda dəyərinin ödənilməli olmasını iddia etdiyindən sübutetmə yükünə uyğun olaraq həmin tələbi də sübut etmək iddiaçının vəzifəsi hesab edilməlidir. Cavabdeh iddia edilən qızılların mövcud olduğunu, qızılların iddiaçıya hədiyyə verilmiş qızıllar olduğunu etiraf etdiyindən iddiaçı qızılların mövcud olması hissəsində sübut etmək vəzifəsindən azad olmuş, lakin cavabdehin etirazı olaraq brilliant komplektə daxil olan 1 ədəd qızıl sepin satıldığını bildirdiyindən həmin sepin həqiqətən də satılmasını sübut etmək vəzifəsi cavabdehə keçmişdir. Həmin hissədə məhkəmə qeyd edir ki, cavabdeh birillant komplektə daxil olan iddiaçının xəstəliyi ilə əlaqədar hələ birgə yaşadıqları dövrdə 360 manata satdıqlarını bildirsə də, həmin qızılın həqiqətən də satıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən həmin sepin satılması ilə əlaqədar ödəniş qəbzləri və yaxud sepin satılmasını təsdiq edə biləcək şahidlərin izahatlarının alınması üçün məhkəməyə təklif verməmiş, eləcə də sepin satılmasından əldə edilmiş pulları iddiaçının xəstəliyi ilə əlaqədar xəstəxanalarda xərclədiyini göstərsə də, iddiaçının xəstəliyi ilə bağlı tibbi sənədləri, xəstəliyin müalicəsi ilə bağlı yazılmış reseptləri təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı döyülərək münaqişəli vəziyyətdə evdən çıxmış, çıxarkən özü ilə hər hansı əşyasını aparmamışdır. Həmin gün iddiaçı DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdə zorakı hərəkətlərə məruz qalması ilə bağlı şikayət vermiş, həmin şikayət əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı həqiqətən də evdən çıxarkən qaynanası tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri aldığından qaynanasının barəsində inzibati xətanın tərkib əlamətləri yarandığından işə baxılması aidiyyəti üzrə müvafiq xidmətə göndərilmişdir. Həmin vaxt iddiaçının izahatı alınarkən bildirmişdir ki, evdən çıxmamışdan əvvəl qaynanası “gedirsənsə qızılları ver” ifadəsini işlədərək əlini onun boyun nahiyəsinə ataraq həmin vaxt boynunda olan yeganə sepi də almağa cəhd etmiş, nəticədə sep qırılmış və dırnağı boğaz nahiyəsini cızmışdır. İş üzrə alınmış ekspert rəyi ilə də məhz iddiaçının boyun nahiyəsində müxtəlif dərəcəli xəsarətlərin olduğu müəyyən edilmişdir. İddiaçının qaynanasının “gedirsənsə onda qızılı ver ifadəsini” işlədərək əlini birbaşa iddiaçının boyun nahiyəsinə atması onu göstərir ki, həmin vaxt iddiaçının üzərində digər qızıllar olmamışdır. Əgər həmin vaxt iddiaçının üzərində digər qızıllar hər hansı formada, cibində, əl çantasında olsa idi, birinci həmin qızılları alamağa cəhd edərdi, çünki həmin qızılların miqdarı kifayət qədər çox olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı döyülərək evdən qovulduğundan həmin vaxt boyunundakı sepi də qıraraq ondan alınması onu göstərir ki, həmin şəraitdə iddiaçının həmin qızılları ilə özü ilə aparması qeyri-mümkün idi. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş iddiaçının atasının cavabdehin atasının arasında aparılmış telefon əlaqəsinin səs yazılarından görünür ki, cavabdehin atası Sevincin döyülərək evdən qovulması və ona məxsus olan qızılların Sevincə qaytarılması mövzusunda qarşı tərəflə müzakirə etdiyi zaman cavabdehin atasına qızılları Sevincə qaytarmalı olduqlarını bildirdikdə, cavabdehin atası Sevincin onlar barəsində polisə etdiyi şikayətini götürəcəyi halda, qızılları qaytaracağına söz verir. Qeyd edilənlərə əsasən iddiaçı qızılların cavabdehə məxsus evdə qalması ilə bağlı, yəni cavabdehin faktiki olaraq sahibliyində olmasını sübut etmək vəzifəsindən azad olmuş, qızılların cavabdehə məxsus evdə qalmadığını sübut etmək vəzifəsi cavabdehə keçmişdir. Cavabdeh həmin qızıllardan qolbaqları çıxmaq şərti ilə digər qızılların onun sahibliyində olmadığını, həmin qızılları məhz iddiaçının evdən gedərkən özü ilə apardığını sübut edə bilməmişdir. Cavabdeh tərəf iddiaçının evdən getdikdən sonra 2024-cü ilin aprel ayında “instaqram” sosial şəbəkəsində istifadə etdiyi hesabından paylaşılan qızıllardan bir ədəd zəncirvari və 1 ədəd şahmeran qolbağın onun üzərində olduğunu əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İddiaçı qeyd edilən fotoşəkilləri hələ birgə nikah dövründə olduqları vaxt köhnə vaxtda çəkildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə biləməmişdir. Belə olan halda, məhkəmə iddiaçının qeyd edilən qızıl qolbaqları sonuncu dəfə evdən gedərkən və yaxud ondan əvvəlki vaxtlarda özü ilə apardığı qənaətinə gəlir. Məhkəmə iddiaçının tələb etdiyi qızılların qiyməti ilə bağlı göstərdiklərinə qiymət verərək qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, qızıllar cavabdehin anası tərəfindən alınmış, pulları da cavabdehin anası ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçının iddia etdiyi qiymətlərdən aşağı qiymətlərlə qızılların alındığını bildirmişdir. İddiaçı həmin etiraza cavab olaraq, brilliant komplekdən başqa, digər qızılların etiraz ərizəsində göstərilən qiymətlərdən baha alındığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız brilliant komplektin 1800 manata alındığını təsdiq edən qızıl mağazasında “satılmış qızılların qeydiyyatı”nın aparıldığı kitabdan çıxarışları məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edilən qızılların dəyərinin məhz cavabdeh tərəfindən ödənildiyini əsas götürərək, cavabdehin qızılların qiymətləri ilə bağlı göstərdiklərini mötəbər sübut kimi qəbul edir. Yalnız brilliant komplektin 1800 manata alındığını iddaçı sübut edə bildiyindən brilliant kompletin məhz həmin qiymətə alındığını qəbul edir. Məhkəmə qızılların qiyməti ilə bağlı yuxarıda qeyd edilən mövqeyini daha da aydın izah edərək göstərir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi qızılları qiymətini əks etdirən qiymətləndirmə rəyini təqdim etmiş və onun əsasında məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi alınmışdır. İddiaçının iddia ərizəsində brilliant komplektin 6500 manata olduğunu iddia etmiş, sonradan özü sübut təqdim edərək həmin komplektin 1800 manata alındığını bildirmişdir. Belə olan halda iddiaçının iddia ərizəsində qızılların qiymətləri ilə bağlı göstərdikləri qızılların qiymətinin real bazar qiymətlərinə uyğun olmadığı, eyni zamanda brilliant qızıl kimi, eləcə də brilliant qaşlı kimi göstərilmiş qızılların brilliantdan ibarət olmadığı təsdiq edilir. Məhz qiymətləndirmə rəyi və ekspert rəyi qızılların iddiaçı tərəfindən göstərilmiş çəkisinə görə, bəzi qızılların isə brilliant qaşlı olmasına əsaslanmaqla verildiyindən qiymətləndirmə və ekspert rəyində qızılların qiymətləri ilə bağlı göstərilən məlumatlar mötəbər sübutlar kimi qəbul edilə bilməz. İddiaçı iddia tələbində ona məxsus geyim əşyalarının və 1200 manat pulun da cavabdehə məxsus evdə qaldığını bildirərək həmin əşyaları və pulu tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işə məhkəmədə baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı evdən çıxıb getdikdən 3-4 gün sonra cavabdehin evinə gələrək paltarlarını aparmışdır. İddiaçı özü də bu halı təsdiq etmişdir. İddiaçı iddia etdiyi paltarların və pulun cavabdehin sahibliyində qaldığını, məhz özü ilə aparmadığını sübut edə bilməmişdir. İddiaçı ümumiyyətlə 1200 manat tələbi ilə bağlı izahat verərkən bir kəlmə belə işlətməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə dair iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda iddiaçının qızıl-zinət əşyaları hissədə tələbi qismən təmin edilməli, iddia tələbinin qalan hissələri təsdiq edilmədiyindən rədd edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qimsən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid olunmalıdır. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 ədəd 16 qrаmlıq 585 əyyаrlı qarnitur (qızıl dəst- 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd qolbaq, bir cüt sırğa) - dəyəri 1800 mаnаt, 1 ədəd 3 qramlıq 585 əyyаrlı nişan üzük-dəyəri 180 mаnаt, 1 ədəd 3 qrаmlıq 585 əyyаrlı alyans üzük-dəyəri 130 manat, 1 ədəd 2,5 qrаmlıq 585 əyyаrlı tək qаş üzük-dəyəri 150 manat, 1 ədəd 2 qrаmlıq 585 əyyаrlı tək qaş üzük (yumuru)-dəyəri 180 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı “S” hərfli klonlu sep-dəyəri 115 manat olmaqla, ümumlikdə 2555 manat dəyəri olan qızıl-zinət əşyaları cavabdehlərdən alınaraq İddiaçı verilsin, qeyd edilən qızıllar olmadıqda onların dəyəri cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 80 manat məbləğində pul vəsaitinin 45.55 (qırx beş manat əlli beş qəpik) manat hissəsi X1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar