Məhkəmə qərarları › İş №2(050)-635/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-635/2024

26.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-635/2024 26.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.052 ha torpaq sahəsinin və “Hyundai Elantra” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmə baxışı mərhələsində olanda xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “Hundai Elantra” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomobilin alğı-satqısına dair müqavilənin ləğv edililərək, avtomobilin və ünvan 1 ünvanında yerləşən 0.052 ha torpaq sahəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuş, sonradan ayrılmışlar. Cavabdeh ilə birgə yaşadıqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ayrıldıqdan sonra uşaq anasının yanında qalmış, ata kimi uşağın saxlanılması üçün bütün xərclərini çəkərək, ata qayğısı göstərmişdir. X1 üçün bir neçə daşınmaz əmlak və uşağın məktəbə aparılması üçün avtomobil alıb hədiyyə etmişdir. Övladı anasının himayəsində olduğu üçün hədiyyə etdiyi evi, 0.052 ha həyətyanı torpaq sahəsini və “Hundai Elantra” markalı 99-RF- 966 dövlət nömrə nişanlı avtomobili Cavabdeh mülkiyyətinə keçirmişdir. Ondan ötrü ki, gələcəkdə X1 yetkinlik yaşına çatdıqda hədiyyə etdiyi əmlaklar Cavabdeh adından oğlu Rauf Süleymanovun adına rəsmiləşdirilsin. Övladı üçün aldığı hədiyyə əmlaklar cavabdehin adına rəsmiləşdirildikdən sonra o, uşaqla kobud davranaraq ona işgəncə vermiş, bu səbəbdən oğlu onunla yaşamağa qərar vermişdir. Övladı onunla birgə yaşamağa gələndən sonra himayəsinə götürərək, rəsmi atalıq vermişdir. Övladı yetkinlik yaşına çatmadığı üçün onun himayəsindədir. Masallı RPŞ-nin aparılmış araşdırma zamanı cavabdeh əmlakların onun tərəfindən X1na alındığını etiraf etmişdir. Övladı üçün aldığı əmlakları cavabdeh vermək istəmir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55ci maddəsinə istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tərəflərin münasibətləri yaxış olması səbəbindən əmlaklar cavabdehin adına sənədləşdirilmişdir. Sonda Vəkil2 iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı ilə qeyri-rəsmi ailə qurmuş, uzun müddət birgə yaşamışlar. Aralarında 25 yaş fərqləri vardır. Gözəllik salonunda işləyir, maşın almaq üçün 15000 manat pulu olmuş, qalan pulu isə Mirbəşir vermiş və “Hyundai Elantra” markalı **- RF-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsini almaq üçün də Mirbəşir ona köməklik etmişdir. İddiaçı tərəfindən ona edilmiş maddi köməklik hədiyyə olmuşdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında Cavabdeh vermiş olduğu izahat ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin və cavabdehin vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid 0.052 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə “Hyundai Elantra” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(050)-3/2024 saylı qərardadından görünür ki, Cavabdeh mülkiyyətində olan xx.xx.2022-ci il qeydiyyat tarixli, **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid 0.052 ha torpaq sahəsinin və “Hyundai Elantra” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-16760/24 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(050)-3/2024 saylı qərardadının icrası ilə əlaqədar bildirlimişdir ki, “Hyundai Elantra” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarıldığından qərardadın icrası mümkün olmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, 27 yanvar 2010-cu il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə - iddiaçının mülki iş məhkəmə baxışı mərhələsində olanda iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi ilə bağlı bildirir ki, həmin ərizə nəzərə alınmamışdır. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi qanunvericilik məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verir: 1) bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya 2) iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilməsi üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Mübahisə predmeti olan nəqliyyat vasitəsi işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində satılmış, bu barədə məhkəməyə yazılı şəkildə məlumat verilmiş, sonradan iddiaçının vəkili məhkəmə hazırlıq iclasında iştirak etməsinə baxmayaraq, həmin mərhələdə belə bir ərizə verilməmişdir. Halbuki, iddiaçı vəkil ilə təmsil olunmuş, hətta avtomobilin alğı-satqısı barədə məhkəməyə məlumat verilməsəydi belə, bunun iddiaçının vəkili tərəfindən öyrənilməsi mümkün idi. Digər əsas üzrə iddiaçı ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının torpaq sahəsinin və avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.2). Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (maddə 28.1). 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır Maddə 25.3). Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər (maddə 29.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-cu bəndinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. Müqavilədə yetkinlik yaşına çatmamış şəxsin yaşı, habelə müqaviləni onun adından bağlayan şəxslərin səlahiyyəti (qohumluq əlaqəsini təsdiq edən sənəd və ya məhkəmə qətnaməsi, yaxud qəyyumluq və himayəçilik orqanının qərarı əsasında) barədə məlumat əks olunur. Bu müqavilə qanuni nümayəndə və ya qəyyum tərəfindən imzalandıqdan sonra notariat qaydasında təsdiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən alınmasını iddia etdiyi torpaq sahəsini və nəqliyyat vasitəsini (cavabdeh həmin əmlakların pulunun müəyyən hissəsinin iddiaçı tərəfindən verilməsini məhkəmə iclasında izahatı ilə təsdiq etmişdir.) övladının adına sənədləşdirilməsi üçün qanunvericilikdə heç bir qadağa yoxdur. Yəni, o, həmin əmlakları övladının adına sənədləşdirə bilərdi. Belə bir vəziyyətdə sübutetmə yükü baxımından həmin əmlakların hədiyyə olmamasını sübut etmək iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut edə bilməmiş, hətta məhkəmə iclasında iştirak etmiş vəkilinin vermiş olduğu izahatı ilə dolayısı yolla əmlakların hədiyyə edilməsi təsdiq edilmişdir. Belə ki, iddiaçının vəkili izhatında bildirmişdir ki, tərəflərin münasibətləri yaxış olması səbəbindən əmlaklar cavabdehin adına sənədləşdirilmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə iddiaçının - iddia ərizəsində Masallı RPŞ-nin aparılmış araşdırma zamanı cavabdeh əmlakların onun tərəfindən X1na alındığını etiraf etməsi barədə mövqeyinə münasibətdə bildirir ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Polis şöbəsində aparılmış araşdırma üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar mübahisə üzrə preyudisial əhəmiyyətə malik deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbi baxımından iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 0.052 ha torpaq sahəsinin və “Hyundai Elantra” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar