Məhkəmə qərarları › İş №2(050)-697/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-697/2023

26.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-697/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq boyunbağının, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq qolbağın, 630 manat dəyərində 583 əyyarlı 7 qramlıq nişan üzüyünün, 270 manat dəyərində 583 əyyarlı 3 qramlıq fantaziya üzüyün, 180 manat dəyərində 585 əyyarlı 2 qarmlıq tək qaş üzüyün, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzüyün, 135 manat dəyərində 585 əyyarlı 1,5 qramlıq üzüyün, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzüyün, 270 manat dəyərində 585 əyyarlı 3 qramlıq üzüyün, 225 manat dəyərində 585 əyyarlı 2,5 qramlıq üzüyün, 450 manat dəyərində 585 əyyarlı 5 qramlıq klonun, 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq sırğa-üzük dəstinin, cəmi dəyəri 5400 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, dövlət rüsumuna görə ödənilmiş 24 manat, mediasiya ilə bağlı ödənilmiş 55 manat və qızıl-zinət əşyalarına dair rəyin verilməsinə görə ödənilmiş 50 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbində göstərilmiş qızıl-zinət əşyalarından 1 ədəd boyunbağı, 1 dəst üzük-sırğa, hər biri 0,78 qr, 1,23 qr və 1,62 qr (iddia ərizəsində müvafiq olaraq 1,5 qr, 2qr, 2 qr göstərilmiş) olmaqla 3 ədəd üzük cavabdehlərdən Cavabdeh2 tərəfindən qaytarıldığından iddia tələbindən həmin hissədə imtina edir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq qolbağın, 630 manat dəyərində 583 əyyarlı 7 qramlıq nişan üzüyünün, 270 manat dəyərində 583 əyyarlı 3 qramlıq fantaziya üzüyün, 180 manat dəyərində 585 əyyarlı 2 qarmlıq tək qaş üzüyün, 270 manat dəyərində 585 əyyarlı 3 qramlıq üzüyün, 225 manat dəyərində 585 əyyarlı 2,5 qramlıq üzüyün, 450 manat dəyərində 585 əyyarlı 5 qramlıq klonun, cəmi dəyəri 2205 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, dövlət rüsumuna görə ödənilmiş 24 manat, mediasiya ilə bağlı ödənilmiş 55 manat və qızıl-zinət əşyalarına dair rəyin verilməsinə görə ödənilmiş 50 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(050)-697/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə iddiaçının iddiadan imtina etməsinin təsdiq edilməsi ilə hissəvi - “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq boyunbağının, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzüyün, 135 manat dəyərində 585 əyyarlı 1,5 qramlıq üzüyün, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzüyün, 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq sırğa-üzük dəstinin və ya onların dəyərinin alınaraq ona verilməsi” hissədə xitam verilmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 11 avqust 2016-cı il tarixdə el adəti üzrə toy edərək faktik ailə həyatı qurub onun valideynlərinə məxsus evə gəlin köçmüşdür. Ev sahiblərinin razılığı ilə cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Nikahlarını isə 22 fevral 2020-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Toy hədiyyəsi olaraq ona 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq boyunbağı, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq qolbaq, 630 manat dəyərində 583 əyyarlı 7 qramlıq nişan üzüyü, 270 manat dəyərində 583 əyyarlı 3 qramlıq fantaziya üzük, 180 manat dəyərində 585 əyyarlı 2 qarmlıq tək qaş üzük, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzük, 135 manat dəyərində 585 əyyarlı 1,5 qramlıq üzük, 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq üzük, 270 manat dəyərində 585 əyyarlı 3 qramlıq üzük, 225 manat dəyərində 585 əyyarlı 2,5 qramlıq üzük, 450 manat dəyərində 585 əyyarlı 5 qramlıq klon, 1350 manat dəyərində 583 əyyarlı 15 qramlıq sırğaüzük dəsti, cəmi dəyəri 5400 manat olan qızıl-zinət əşyaları verilmişdir. Əvvəllər mehriban olsalar da sonradan övladlarının olmamasına görə ailədə narazılıq yaranmışdır. Lakin ailənin dağılmamasına görə bunlara dözmüşdür. Ötən ilin iyul ayının 7-də dişi ağrıdığından qardaşına zəng etmişdir ki, onu həkimə aparsın və bu barədə qaynanasına bildirmişdir. Lakin həkimdən qayıtdıqdan sonra qaynanası guya ondan icazəsiz getməyini bəhanə edərək onu vurmağa başlamışdır. Həmin vaxt əri və qaynatası evdə olsalar da, onun bu hərəkətlərinə mane olmamışdılar. Qaynanasının onu vurmasının davam etməməsinə görə məcburiyyət qarşısında qalaraq evdən çıxıb atası evinə getmişdir. Bununla bağlı qardaşı DİN-nin 102 xidmətinə zəng etmiş və Masallı RPŞ-də aparılan araşdırma zamanı qaynanası inzibati qaydada cərimə edilmişdir. Evdən çıxarkən qaynanasının onu döydüyü vəziyyətdə atası evinə qaçdığından evdən heç bir əmlakını, hətta sənədlərini də götürə bilməmişdir. Sonradan isə cavabdehlərdən bunları tələb etməsinə baxmayaraq, vermədiklərindən məcburiyyət qarşısında qalaraq yeni şəxsiyyət vəsiqəsi götürməli olmuşdur. Cavabdehlərdən faktiki olaraq ayrı yaşamasına baxmayaraq, ona toy hədiyyəsi kimi verilmiş qızıl-zinət əşyaları hazırda da cavabdehlərin evindədir. Cavabdehlər qızıl-zinət əşyalarını ona verməmişlər. Dəfələrlə etdiyi müraciətlərin nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, qızılların bəzisi qaynanasında, bəziləri isə onda olmuşdur. Məsələn, nişan üzüyü və tək qaş üzük həmişə barmağında olmuşdur. Qaynanası ilə dava zamanı nişan üzüyünü və tək qaş üzüyü çıxardaraq, termonun qabağına tullamışdır. Atası evində olarkən onun geri qayıtması üçün qarşı tərəf dəfələrlə onlara gəlmiş, o, isə qayıtmayacağını bildirərək, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu zaman o, qızıl-zinət əşyalarını tələb etməmişdir. Həmin vaxt qızıl-zinət əşyalarını tələb etməməsinin səbəbini bilmir. Övladlarının olmaması səbəbindən müalicəsi ilə bağlı bütün xərcləri atasıgil çəkmişdir. Qaynatasıgil müalicəsi ilə bağlı onu “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aparmışlar, müayinə olunmuş, davadərman yazmışlar, həmin xərcləri də atasıgil çəkmişdir. Cehiz əmlaklarını qarşı tərəf tam şəkildə vermişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər və CD disk qız toyuna aid sübutlardır. Başqa sübut yoxdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili iddianı müdafiə, İddiaçı izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, el adətinə uyğun keçmiş gəlini İddiaçı müəyyən qızıl-zənət əşyaları, o cümlədən iddia ərizəsində göstərilən fantaziya üzük alınmışdır. Həmin qızıl-zinət əşyalarından onlarda olanları məhkəmə prosesi zamanı qarşı tərəfə könüllü şəkildə təqdim edilmiş, qalan qızıl-zinət əşyalarını qarşı tərəf aparmış, qızılzinət əşyalarından qolbaq və klon gəlinin müalicəsi ilə əlaqədar razılıq əsasında 2021-ci ildə şəxsən onun tərəfindən tanımadığı şəxsə satılmışdır. Gənc ailənin övladları olmaması səbəbindən oğlu və keçmiş gəlini müalicə almış, hər ailə övladının xərcini çəkmiş, lakin gəlini “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə müayinə olunmuş, davadərman yazmışlar, həmin xərcləri onlar çəkmişlər. Bu zaman pula ehtiyacları olmuş, qarşılıqlı razılıq əsasında qızıl-zinət əşyalarından qolbaq və klon satılmışdır. Qarşı tərəfin cehiz əmlakları da tam şəkildə verilmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək, Cavabdeh2 izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, gənc ailənin övladları olmaması səbəbindən keçmiş kürəkəni və qızı müalicə almış, hər ailə övladının xərcini çəkmişdir. Övladını dəfələrlə Bakı şəhərində yerləşən müalicə müəsissələrinə aparmış və bütün xərclər onun tərəfindən ödənilmişdir. Qızını bir dəfə keçmiş qaynatasıgil “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aparmışlar, həmin vaxt övladı müayinə olunmuş, dava-dərman yazmışlar, həmin xərcləri keçmiş qudasıgil çəkmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(050)-2908/2022 saylı qətnaməsindən (Cavabdeh1 nikahın pozulması barədə tələbinə əsasən) görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Masallı regioanal “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 22 fevral 2020-ci il tarixdə bağlanmış, 111 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-215/2023 saylı qətnaməsindən (Cavabdeh1 əmlakların evdən çıxarılması barədə tələbinə əsasən) görünür ki, İddiaçı məxsus cehiz əmlakların Cavabdeh1 məxsus Masallı rayonu, Öncəqala kəndində tikilmiş yaşayış evindən çıxarılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. X1 (VÖEN **********) tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli rəydə göstərilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi foto və CD-yə DVD aparatı vasitəsilə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar - boyunbağı - 583 əyyarlı 15 qr 1350 manat, qolbaq - 585 əyyarlı 2 qr 180 manat, üzük nişan - 583 əyyarlı 7 qr 630 manat, üzük fantaziya - 583 əyyarlı 3 qr 270 manat, üzük tək qaş - 585 əyyarlı 2 qr 180 manat, üzük - 585 əyyarlı 2 qr 180 manat, üzük - 585 əyyarlı 1,5 qr 135 manat, üzük - 585 əyyarlı 2 qr 180 manat, üzük - 585 əyyarlı 3 qr 270 manat, üzük - 585 əyyarlı 2,5 qr 225 manat, kulon - 585 əyyarlı 5 qr 450 manat, komplekt - 583 əyyarlı 15 qr 1350 manat, cəmi 4500 manat təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 24 manat, mediasiya təşkilatına 55 manat, mütəxəssis rəyi üçün 50 manat pul ödəmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə və fotoşəkillərə baxış keçirilmişdir. Məhkəmə ilk növbədə iddianın təmin edilməyən - cavabdehlərdən 180 manat dəyərində 585 əyyarlı 2 qramlıq qolbağın, 630 manat dəyərində 583 əyyarlı 7 qramlıq nişan üzüyünün, 180 manat dəyərində 585 əyyarlı 2 qarmlıq tək qaş üzüyün, 270 manat dəyərində 585 əyyarlı 3 qramlıq üzüyün, 225 manat dəyərində 585 əyyarlı 2,5 qramlıq üzüyün, 450 manat dəyərində 585 əyyarlı 5 qramlıq klonun, cəmi dəyəri 2205 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınaraq ona verilməsi ilə bağlı tələbə münasibətdə bildirir ki, məhkəmə araşdırılması zamanı iddiaçının etirafedici izahatı ilə müəyyən edilmişdir ki, tələb edilən 630 manat dəyərində 583 əyyarlı 7 qramlıq nişan üzük və 180 manat dəyərində 585 əyyarlı 2 qarmlıq tək qaş üzük daimi olaraq onun barmağında olmuş, iddiaçının deməsinə görə qaynanası ilə dava zamanı nişan üzüyünü və tək qaş üzüyü çıxardaraq, termonun qabağına tullamışdır. Sübutların bölügüsü baxımından iddiaçı daima onda olan nişan üzüyünü və tək qaş üzüyü çıxardaraq, termonun qabağına tullayaraq, özü ilə aparmamasını sübut etməlidir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçının sonradan şəxsiyyət vəsiqəsi alması hələ birmənalı şəkildə o, demək deyil ki, onun tələb etdiyi qızıl-zinət əşyaları qarşı tərəfdədir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, atası evində olarkən onun geri qayıtması üçün qarşı tərəf dəfələrlə onlara gəlmiş, o, isə qayıtmayacağını bildirərək, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu zaman o, qızıl-zinət əşyalarını tələb etməmişdir. İddiaçıdan həmin vaxt qızıl-zinət əşyalarını hansı səbəbdən tələb etməməsi soruşulmuş, o, isə bunu heç cür əsaslandıra bilməmiş, yalnız həmin vaxt qızıl-zinət əşyalarını tələb etməməsinin səbəbini bilmədiyini demişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının şikayəti əsasında Masallı Rayon Polis şöbəsində aparılmış araşdırma materialları tələb edilmiş, həmin araşdırma zamanı da iddiaçı qarşı tərəfdə qızıl-zinət əşlarının olmasını bildirməmiş, keçmiş əri ona qarşı nikahın pozulması, əmlakların evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edərkən də qızılzinət əşyalarını tələb etməmiş, onun cehiz əmlakları tam şəkildə təhvil verilmiş, o, cümlədən hazırki işə baxılarkən ona hədiyyə edilmiş ilkin iddia ərizəsində tələb etdiyi qızılzinət əşyalarından bəziləri könüllü şəkildə təqdim edilmişdir. Məhkəmə tələb edilən qızıl-zinət əşyalarından - qolbaq və klona münasibətdə bildirir ki, hər iki tərəfin bildirməsinə görə həmin qızıl-zinət əşyaşı gəlinə hədiyyə edilmişdir. Lakin, iddiaçı iddia edir ki, həmin əşyalar cavabdehlərdə qalmışdır, qarşı tərəf isə iddia edir ki, qızıl-zinət əşyalarından qolbaq və klon gəlinin müalicəsi ilə əlaqədar razılıq əsasında satılmışdır. Həmin məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, gənc ailə (ər və arvad) övladlarının olmaması səbəbindən müalicə almışlar, hər ailə övladının xərcini çəkmiş, lakin iddiaçını (keçmiş gəlini) qarşı tərəf “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müayinə üçün aparmış, bu zaman o, müayinə olunmuş və davadərman yazılmışdır. Həmin halları iddiaçı da təsdiq edir. Lakin iddiaçı iddia edir ki, həmin xərci atasıgil çəkmişlər, qarşı tərəf isə iddia edir ki, həmin xərclər qızıl-zinət əşyalarından qolbaq və klonun satılması nəticəsində əldə edilmiş pulla qarşılanmışdır. Həmin məsələnin aydınlaşdırması ilə bağlı iddiaçının atası Şahid məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, qızını bir dəfə keçmiş qaynatasıgil “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aparmışlar, həmin vaxt övladı müayinə olunmuş, dava-dərman yazmışlar, həmin xərcləri keçmiş qudasıgil çəkmişdir. Beləliklə, həmin məsələ ilə bağlı məhkəmə bu nəticəyə gəlmişdir ki, tələb edilən qızıl-zinət əşyalarından - qolbaq və klon gəlinin müalicəsi ilə əlaqədar razılıq əsasında satılmışdır. Həmçinin, o, da nəzərə alınmalıdır ki, əgər həmin əşyaların satılmasına iddiaçının razılığı olmasaydı o, indiyədək onları tələb edərdi. Məhkəmə tələb edilən digər qızıl-zinət əşyalarına - (cavabadeh tərəfindən məhkəmə prosesində təqdim edilən qızıl-zinət əşyaları + nişan üzüyü və tək qaş üzük + qolbaq və klon + iddia ilə təmin edilən fantaziya üzükdən başqa digər qızıl-zinət əşyaları) münasibətdə bildirir ki, onlarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı isə bildirmişdir ki, başqa sübut yoxdur. Halbuki, sübutetmə yükü baxımından iddiaçı tələb etdiyi digər qızıların ona hədiyyə edilməsini sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamsının mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə iddianın təmin edilən - 270 manat dəyərində 583 əyyarlı 3 qramlıq fantaziya üzüyə münasibətdə bildirir ki, cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, fantaziya üzük keçmiş gəlinə alınmışdır. Lakin qarşı tərəf onu özü ilə aparmışdır. Sübutların bölgüsü baxımından cavadeh ona hədiyyə edilmiş üzüyün keçmiş gəlin tərəfindən aparılmasını sübut etməlidir. Onun tərəfindən isə bu sübuta yetirilməmişdir. Tələb edilən həmin qızıl əşya cavabdehlərin sahibliyinə keçmiş və belə bir vəziyyətdə məhkəmə qızıl-zinət əşyasının və ya onun dəyərinin iş üzrə cavabdehlərdən tələb edilməsini əsaslı hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, iddiaçı mübahisə ilə bağlı mediasiya prosesindən keçmiş və bununla bağlı 55 manat mediasiya xərci ödəmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlər mediasiya xərcinə görə ödənilmiş 55 manat məbləğində pulu iddiaçıya ödəməlidirlər. İddia tələbindən və işdən görünür ki, iddianın qiyməti - 5400 manatdır, 24 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün 50 manat pul ödənilmişdir. İddia qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 3,7 manat və mütəxəssis rəyi üçün ödənilmiş vəsaitdən 2,75 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Dəyəri 270 manat olan 583 əyyarlı 3 qramlıq fantaziya üzük və ya qət olunan əşyanın naturada alınması mümkün olmadığı halda həmin əyşanın dəyəri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci ilə bağlı ödənilmiş 55 manat, dövlət rüsumuna görə 3,7 manat və mütəxəssis rəyi üçün 2,75 manat pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar