Məhkəmə qərarları › İş №2(050)-828/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-828/2025

05.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-828/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2024-00227 saylı barışıq sazişinin təsdiq edilməsini, 03 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar, nikahlarını 29 dekabr 2021-ci ildə rəsmiləşdirmişlər. Yaşadıqları müddət ərzində 03 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar və bu səbəbdən aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi onun saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Sonradan mediasiyada cavabdehlə aralarında alimentin artırılması ilə bağlı da razılığa gəlmişlər. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün bir uşağa görə təyin edilmiş 120 manat alimentin artırılaraq 200 manat təyin edilməsinə, alimentin ödənilməsinə 2024cü ilin aprel ayının 25-dən başlayaraq, növbəti gələn ayın 25-dək ödəməyə razılaşmışdır. Lakin, Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Cavabdeh verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2024-00227 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərəkonun iştirakı olmadan işə baxıb, barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 29 dekabr 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikah, 2866 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Mislimzadə soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, 03 sentyabr 2021-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00227 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 03 sentyabr 2021-ci il təvəllüdlü X1 üçün təyin edilmiş 120 manat məbləğində alimentin artırılaraq 200 manat məbləğdə müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 2024-cü ilin aprel ayının 25-dən başlayaraq, növbəti gələn hər ayın 25-dək 200 (iki yüz) manat məbləğində alimenti Ərizəçi poçt vasitəsilə və ya bank kartına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00227 saylı barışıq sazişinin aşağıda göstərilən bəndləri - hissəsi məcburi icra üçün təsdiq edilsin: X1 üçün təyin edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində alimentin miqdarı artırılaraq 200 (iki yüz) manat məbləğdə müəyyən edilsin; Maraqlı şəxs 03 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment barışıq sazişi qüvvəyə mindiyi gündən – hər ayın 25-dən Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar